20 Fevral 2024 12:50
5472
MÜSAHİBƏ

Səhiyyə nazirinin müşaviri: “Məqsəd tibbi məlumatların vahid ekosisteminin formalaşdırılmasıdır” - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi tərəfindən bu ilin əvvəlində “Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsinin təqdimatı keçirilib. Layihə çərçivəsində “Elektron resept” sistemi və müvafiq mobil tətbiq təqdim olunub. Səhiyyə sektorunun rəqəmsallaşması mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də nazirlik tərəfindən həyata keçirilən tədbirlər məqsədyönlü addımların ardıcıllığını əks etdirir.

Eyni zamanda, bu addımlar innovativ yanaşmalar əsasında səhiyyə xidmətlərinin səmərəliliyi və effektivliyini artıraraq, rəqəmsal vasitələrin tətbiqinin genişləndirilməsini təmin etmək məqsədi daşıyır.

Adalet.az xəbər verir ki, səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov bu prosesləri əhatə edən mərhələlər barədə nazirliyin saytına müsahibə verib.

- Rüfət müəllim, əvvəlcə oxuculara qısa olaraq “Rəqəmsal səhiyyə” anlayışının nə olduğunu izah edərdiniz...

- Formal olaraq “Rəqəmsal səhiyyə” termini səhiyyə sektorunda rəqəmsal texnologiyalardan istifadəni nəzərdə tutur. Bu sistem həm fərdi aspektdə, həm də ölkə əhalisi miqyasında ictimai sağlamlığın keyfiyyətinin təhlili və qiymətləndirilməsi üçün zəruri olan tibbi məlumatların toplanmasını təmin edir. Rəqəmsal səhiyyənin məqsədi səhiyyə sektorunda tibbi məlumatları vahid rəqəmsal çərçivədə birləşdirmək və bu informasiyalardan maksimum faydalanmaqdır. Bu məlumatların təhlili tibbi xidmətin keyfiyyətinin və əhalinin sağlamlığına qayğının yüksək səviyyədə olması, infrastruktur aktivlərinin səmərəli idarə olunması, habelə səhiyyə sektorunun strateji planlaşdırılmasınıa mühüm töhfə verməsini təmin edəcək.

- Səhiyyə Nazirliyinin rəqəmsal səhiyyənin tətbiqi ilə bağlı atdığı ilk addımları hansılar olub?

- Səhiyyədə rəqəmsallaşma istiqamətində ilk addımlar 2006-cı ildə başlayıb və o dövrün tələbləri ilə müəyyən edilib. Buraya ilk növbədə İT infrastrukturunun yaradılması, vətəndaşların sağlamlıq kartı sistemi çərçivəsində bir çoxsaylı rəqəmsal tibbi registrlərin, ölkə üzrə tibb işçilərinin uçotu sistemi, elektron xidmətlərin, o cümlədən əlilliyin müəyyən edilməsi reyestrinin tətbiqi və bu istiqamətdə bir çox digər tədbirlər aiddir.

Qeyd etmək istərdim ki, əvvəlki illərdə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin mütəxəssisləri sektorun rəqəmsallaşdırılması sahəsində böyük işlər görüblər. Bu gün Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sistemində 20 elektron sistem, o cümlədən bir çoxu Mərkəzin mütəxəssisləri tərəfindən yaradılan 70-dən çox proqram modulu fəaliyyət göstərir.

- Müasir dünyada rəqəmsal səhiyyəyə olan tələblərdə nə dəyişib? Bu sahədə hansı vəzifələri prioritet hesab edirsiniz?

- İlk növbədə, vətəndaşların sağlamlıq vəziyyətinin təhlili üçün əsas olan tibbi məlumatların rolu artıb. Vətəndaşların bütün həyat dövrü ərzində toplanılan tibbi məlumatlarının təhlili xəstəliyin səbəbini daha yaxşı anlamağa, daha dəqiq diaqnoz qoymağa və ən uyğun müalicəni təyin etməyə imkan verir.

Radiologiya sahəsində süni intellekt məlumatları və alqoritmləri xəstəliklərin erkən mərhələdə diaqnostikasında əvəzsiz vasitədir. Bundan əlavə, böyük məlumatların təhlili səhiyyə sektoru üçün proseslərin və sahəvi maliyyələşdirmənin optimallaşdırılması, pandemiyanın yayılmasının qarşısının alınması, habelə səhiyyənin keyfiyyətinin artırılması və vətəndaşların ömür uzunluğunu prioritet saxlayan idarəetmə modellərini qurmağa imkan verir.

Bu fundamental texnoloji yanaşma dünyanın inkişaf etmiş ölkələrində müasir səhiyyə praktikasında istifadə olunur.

Rəqəmsallaşma, sektorun transformasiyasının prioritetlərindən biri kimi Səhiyyə Nazirliyinin rəhbərliyinin gündəmindədir. Rəqəmsallaşma tibb sahəsində irəliləyişləri möhkəmləndirməyə, tibbi nailiyyətlər və yaxın illərdə ölkədə tibbin ardıcıl və planlı şəkildə inkişafı üçün güclü zəmin yaratmağa imkan verəcək.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə “Səhiyyənin Transformasiyası Mərkəzi”nin işçi qrupu çərçivəsində hazırlanan rəqəmsal səhiyyə strategiyasında bütün prioritetlər vətəndaşların sağlamlığının qayğısına, bu məqsədə effektiv və ən qısa müddətdə nail olmağa imkan verən rəqəmsal ekosistemin təmin edilməsinə yönəlib.

Üzərində işlədiyimiz əsas vəzifə ölkənin bütün tibb müəssisələrini birləşdirən vahid tibbi məlumat ekosisteminin formalaşdırılması, tibb işçilərinin bu məlumatlara davamlı çıxışının təmin edilməsidir. Ən əsası isə, tibbi məlumatların xəstəliklərin diaqnostikası və tibb işçiləri tərəfindən ən effektiv müalicə üsullarının təyin edilməsi ilə bağlı qərar qəbul etmə prosesinə inteqrasiyasıdır.

Əsas məlumat mənbəyi vətəndaşların doğum anından ölüm anına qədər sağlamlığı ilə bağlı bütün məlumatları əks etdirən “Vətəndaşın Tibbi Rəqəmsal Əkizi” adlı reyestr olacaq. Bu məsələyə daha geniş şəkildə baxsaq, deyə bilərik ki, məlumat ananın tibb müəssisəsinə hamiləlik faktının müəyyən edilməsi üçün müraciətindən başlayaraq orqan transplantasiyası anına qədər (əgər vətəndaş öldükdən sonra orqanların donor kimi istifadəsinə razılıq veribsə) müddətini əhatə edəcəkdir.

Bu reyestrdə bütün həyat dövrü ərzində toplanan tibbi tarixçə, diaqnozlar, müalicə üsulları, analizlərin nəticələri, radiologiya, reseptlər və sair məlumatlar, o cümlədən xəstəliklərə genetik meylin anamnestik tarixçəsi həkimlər tərəfindən dərin təhlil və xəstəliyin səbəblərinin müəyyən edilməsi üçün əsas vasitəyə çevriləcəkdir. Nəticədə diaqnozu dəqiqləşdirməyə və ən effektiv müalicə üsullarını təyin etməyə imkan verəcəkdir. Toplanılan tibbi məlumatlar bütün ölkə üzrə əhalinin sağlamlıq vəziyyətinin makroanalizi, tibbi xidmətlərə tələbatın və onun keyfiyyətindən məmnunluğun, səhiyyədə tələb olunan infrastrukturun inkişafının planlaşdırılması, sığorta da daxil olmaqla səmərəli iqtisadi modellərdən istifadə, insan resurslarının inkişafı və müvafiq olaraq sektorun inkişafı üçün çevik planlaşdırma, səhiyyədə dövlət qarşısında duran prioritet vəzifələrin həyata keçirilməsi üçün əsas amil olacaq.

- Nazirlik yeni rəqəmsal platformaların yaradılmasını elan edib. Onlardan hər hansı birini əhəmiyyət dərəcəsinə görə qeyd edə bilərsinizmi?

- Əhəmiyyətli tətbiqlərlə bağlı soruşursunuzsa, Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə “Çağrı Mərkəzi” üçün hazırlanan elektron sorğu izləmə sistemini qeyd etməyə bilmərəm. Bu, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə sağlamlıqlarını qurban verən insanlara dövlət qayğısı ilə bağlı sosial əhəmiyyətli təşəbbüsdür. Qeyd olunan elektron sistem vahid rəqəmsal çərçivə daxilində və real vaxt rejimində vətəndaşların müraciətlərinin icra vəziyyətini izləməyə və Səhiyyə Nazirliyinin müvafiq tibb müəssisələrinə yönləndirməyə imkan verir. Eyni zamanda, müraciətin mövzusuna uyğun olaraq, bu sistemə çıxışı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və YAŞAT Fonduna icraata yönləndirməyə imkan yaradır.

“Çağrı Mərkəzi”nin əməkdaşları tərəfindən vətəndaşların gündəlik müraciətləri ilə yanaşı, müharibə veteranları və şəhid ailə üzvləri ilə proaktiv şəkildə əlaqə saxlanılır, mümkün ehtiyacları və cari problemləri öyrənilir. Zəruri hallarda müraciətlər sistemdə qeydiyyata alınır və sistemdə iştirak edən dövlət qurumları ilə birgə həll edilir.

2023-cü ilin aprel ayından bu günə qədər “Çağrı Mərkəzi”nin əməkdaşları tərəfindən 50 mindən çox proaktiv qaydada əlaqə saxlanılıb. Minlərlə vətəndaşa lazımi tibbi yardımın göstərilməsi ilə yanaşı, həmçinin bu müraciətlər sisteminə çıxışı olan digər strukturlar da sosial məsələlərin həllində yardımçı olublar.

- Cari ilin əvvəlində elan edilən “Elektron resept” sistemi haqqında daha ətraflı məlumat verə bilərsinizmi?

- Əczaçılıq sahəsində tənzimləmənin səmərəliliyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində “Elektron resept” sisteminin yaradılması Səhiyyə Nazirliyinə həvalə edilib. Yaradılan sistem ölkənin dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan dərman vasitələrinin reseptlərinin qeydiyyatı və idarə olunmasının vahid reyestridir. “Elektron resept” sistemindən icbari tibbi sığorta üzrə xidmət alan bütün vətəndaşlar, güzəştli kateqoriyaya aid olan şəxslər, habelə özəl tibbi sığorta üzrə xidmət alan və sığortası olmayan vətəndaşlar istifadə edə bilərlər.

Həm fərdi kompüterlərdə, həm də mobil cihazlarda mövcud olan bu həllin çox rahat və intuitiv interfeysi həkimə ölkədə rəsmi qeydiyyatdan keçən dərman vasitələrinin və xəstəliklərin beynəlxalq təsnifatı əsasında reseptlər yazmağa imkan verir. Vətəndaş öz interfeysində ona yazılan bütün reseptləri sadə strukturlaşdırılmış və rahat oxunan formada görəcək. Mobil proqramı reseptim.az saytından, həmçinin “AppStore” və “Google Play” proqram mağazalarından yükləmək mümkündür. Sistem aktiv maddə əsasında reseptlər yazmağa imkan yaradır. Bu da alıcıya dərman alarkən seçim azadlığı verir. Gələcəkdə bu reyestrin dərman vasitələrinin dövriyyəsi monitorinqi reyestrinə inteqrasiyası, habelə nəzarət-kassa aparatının məlumat bazası ilə inteqrasiyası dərman vasitələrinin satışı zamanı aparılan əməliyyatlara, o cümlədən saxta və qeydiyyatsız dərman vasitələrinin yayılmasının, satışının qarşısının alınmasına nəzarəti gücləndirməyə imkan verəcək.

Bu reyestr həm də vətəndaşlar üçün tibbi məlumat mənbəyidir və sonradan vətəndaşın rəqəmsal profilindəki tibbi məlumatlarının bütövlüyünü təmin etmək üçün “Vətəndaşın Tibbi Rəqəmsal Əkizi” sistemi ilə birləşdiriləcək. Onu da qeyd etmək istəyirəm ki, “Elektron resept” sistemi tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və ölkə səhiyyəsinin rəqəmsallaşdırılması istiqamətində əsas təşəbbüslərdən biridir. Çox təqdirəlayiq haldır ki, biz bu layihəni səhiyyədə transformasiyanın ilkin mərhələsində həyata keçirmişik.

- Səhiyyənin rəqəmsallaşması səhiyyə sistemini idarə etməklə yanaşı, həm də yerlərdə həkimlərin praktiki fəaliyyətinin transformasiyasını və həkimlərin özlərinin rəqəmsallaşdırma sahəsində bilik səviyyəsinin yüksəldilməsini nəzərdə tutur. Bu proseslər necə həyata keçirilir?

- Bu proselərin həyata keçirilməsi üçün Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin müvafiq şöbəsi tərəfindən yeni elektron sistemlərin tətbiqi zamanı əyani və ya onlayn rejimdə təlim kursları keçirir. Təlim videomaterialları paylanılır, elektron sistemlərdən istifadə qaydaları göndərilir. Qeyd edək ki, tədris prosesi illər ərzində qurulub və təkmilləşib. Təcrübə göstərir ki, iki ay ərzində ölkənin müvafiq tibb kadrlarına müxtəlif sistemlər üzrə təlim keçmək mümkündür.

“2024-2028-ci illər üçün rəqəmsal səhiyyə üzrə Milli Strategiyası” səhiyyədə rəqəmsal bacarıqların istifadəsi məqsədilə təhsil məzmunu tətbiqi istiqamətində addımlar nəzərdə tutur. Azərbaycan Tibb Universitetində və tibb kolleclərində də diplomdan əvvəl təhsil təşkil olunacaq. Bunun üçün müvafiq məzmun və kurikulum hazırlanacaq. Mövcud tibb kadrlarının hazırlanması Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, eləcə də Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin müvafiq şöbəsinin resursları ilə həyata keçirilə bilər.

- Nazirlik tərəfindən gələcəkdə teletibb kimi yeniliyin tətbiqi istiqamətində hansı işlər görülür?

- Əlbəttə ki, bu istiqamətdə mühüm işlər aparılır. Səhiyyəmiz üçün ən perspektivli teletibb ssenarilərini müəyyən etmək məqsədilə hətta iki tibbi elmi-tədqiqat institutu əsasında pilot layihə həyata keçirdik. Pilot layihənin nəticəsi tibb müəssisəsinə ilkin müraciət zamanı (yalnız ilkin konsultasiya almaq və ya şəxsən baş çəkməyi tələb etməyən addımların razılaşdırılması) vətəndaşların axınının azaldılmasında teletibbdən istifadənin effektivliyini göstərib. Bundan əlavə, teletibb xidmətlərinin müsbət təsiri vətəndaşların tibbi müayinələrinin izahı prosesində də özünü göstərib. Buna görə vətəndaşların yenidən müvafiq izahatlar üçün tibb müəssisəsinə təkrar müraciətinə ehtiyac yaranmır. Bunlar səhiyyə subyektlərinin yükünün azaldılmasında, həkimlər tərəfindən əhaliyə ünvanlı yardımın artırılmasında, vətəndaşların tibb müəssisələrinə müraciət vaxtının və maliyyə xərclərinin azaldılmasında əks etdirən teletibb tətbiqinin ilk və aşkar üstünlükləridir. Paytaxda bölgələrdən çoxlu sayda vətəndaşların gəlməsini nəzərə alsaq, o zaman bu, qlobal iqlim dəyişikliyinə təsir edən aktual problemlərdən biri olan logistika ilə bağlı karbon qazı emissiyalarını da azaldan çox mühüm amildir.

Biz, həmçinin teletibb vasitəsilə xəstələrin məsafədən monitorinqi üçün ssenariləri öyrənməyi planlaşdırırıq. Bu da xidmətin ölkənin səhiyyə sisteminə tətbiqi zamanı ssenarilərə olan tələbatı müəyyən etməyə kömək edəcək. Bundan əlavə, bu növ xidmətin tətbiqi üçün müvafiq qanunvericilik tələb olunur. Bununla əlaqədar, aidiyyəti dövlət tənzimləyiciləri və prosesdə iştirak edən strukturlarla birgə işləməliyik.

- Rəqəmsal tibbdə hələlik nəyi reallaşdırmaq mümkün olmayıb? Yeni bir səviyyəyə yüksəlmək üçün hansı addımları atmağı düşünürsünüz?

- Son 2 il ərzində “2024-2028-ci illər üçün rəqəmsal səhiyyə üzrə Milli Strategiya”nın hazırlanmasından tutmuş bütün ölkə ərazisində bir sıra texnoloji layihələrin genişmiqyaslı həyata keçirilməsinə qədər böyük işlər görülüb. Bunlara “Elektron resept”, “Dərman vasitələrinin təqibi və izlənməsi”, “Elektron bülleten”, “Elektron epikriz” və s. sistemləri, habelə müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiyanın göstərilməsi çərçivəsində müraciətlərin izlənməsi üçün elektron sistem daxildir. Nəyi və necə etməyi bildiyiniz təqdirdə bütün çətinliklərin öhdəsindən gəlmək olar. Səhiyyənin rəqəmsallaşdırılması strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi bu sektorda texnologiyanın tətbiqinə, ilk növbədə onun əməkdaşlarına böyük üstünlüklər yaradacaq. Bu, ölkədə səhiyyənin əsaslı şəkildə yeni səviyyəyə qaldıracaq.