adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Iyun 2022 15:41
2134
MÜSAHİBƏ

“ Səbri və təmkini şüuraltı elə formalaşdırmışam ki…” - MÜSAHİBƏ

İnsanın mənəvi dünyasının ən həssas guşəsi olan insan psixologiyası uzun illərdir ki, alimlər və bu sahə üzrə mütəxəssislər tərəfindən araşdırılır və öyrənilir. Yenə də bitib tükənməyən mövzularla zəngin olan psixologiya haqqında danışacağıq. Mövzu ilə bağlı saytımıza “Yeni Nəslə Psixoloji və Sosial və İctimai Dəstək” İctimai Birliyinin sədri, tanınmış psixoloq Ülviyyə Murtuzova müsahibə verib.

- Öncə sizi tanıyaq. Lütfən barənizdə bir az məlumat verəsiniz!

- Özüm haqqında qısa olaraq onu deyə bilərəm ki, mən – Ülviyyə Murtuzova illərdir ki, psixoloq olaraq fəaliyyətdəyəm. Ümumi fəaliyyətim, Göyçay Bioloji Təbabət mərkəzi, daha sonra Gəncə Memorial Hospitalı və Ömür klinikası ilə bağlıdır.

- Bir psixoloq kimi ölkəmizdə psixi sağlamlıq vəziyyəti ilə bağlı mövcud durumu necə qiymətləndirirsiniz?

- Ölkəmizdəki psixoloji durumla bağlı deyə bilərəm ki, bu problemlər uzun illər əvvəllər də olub. Yəni psixolji gərginliklər, əsəb, stress hər zaman yaşanıb.

Bu gün cəmiyyətimizdə psixoloji durum əvvəlki kimidir deyə bilərik. Lakin pandemiyadan sonrakı dönəmdə nisbətən insanlarda nisbətən aqressiya və digərlərinə etibar etmək hislərinin əksikliyi yaşanır. İnsanlarımızda sadəcə nisbətən bir az gərginliklər müşahidələr olunur. Təbii ki, nə qədər insan varsa o qədər də psixi problemlər qaçılmazdır

Həyatımızın sıxıntılarına rəğmən yaşadığımız depressiyalar da təbiidir. Bundan başqa şəxsiyyət pozuntularına da düçar olmuşuq. Sadəcə bunların psixologiya anlayışı fərqlidir. Bu elmin bizə yansıtdığı xırdalıqları var. Biz illər öncə bu tip xəstəliklərlə nevroloqlara və ya nevropotoloqlara müraciət etmişik. Və onların yazdığı dərmanlarla və müalicələrlə də kifayələnmişik. Lakin illər sonra bu elm təkmilləşdikcə, bu elm öz morfologiyasını ortaya qoyduqdan sonra sübut olundu ki, bir çox xəstəliklərin çarəsi və həlli psixologiyadadır. Və bu sahədə mütəxəssislər də sırf psixoloqlardır. Məlumdur ki, psxiologiya insanın ruh aləmini öyrənən elmdir. İnsanın ruhsal dünyasını, düşüncələrini , fikirlərini daha çox daxili və xarici dünyası arasındakı bağları öyrənir. Bəzən dilimizə gətirə bilmədiyimiz həqiqətləri də məhz psxiologiya elmi ilə öyrənmək mümkündür. Bir şeyi unutmamamlıyıq ki, insanda baş verən bütün fiziki və mənəvi problemlərin hamısının kökü psixoloji pozuntulardan başlayır.

 

- Təcrübənizə əsaslanaraq söyləyə bilərsinizmi ki, psixi xəstəliklərə daha çox kimlər düçar olur? Burada üstünlük fərqi olaraq kişilər yaxud qadınlar çoxluq təşkil edir?

- Məsələyə cinsəl və gender cəhətdən baxsaq tam olaraq real bir göstərici və ya statistik məlumat demək çətindir. Müəyyən bir pozuntuları var. Məsələn paranoit adlı şəxsiyyət pozuntusu daha çox kişilərdə rast gəlinir. Anti – sosial şəxsiyyət pozuntusu deyilən xəstəlik də yenə də daha çox kişilərdə müşahidə edilir. Obsessiv və komplusiv pozuntular isə qadınlarda çox olur. Bu adətən qorxu ilə bağlıdır. Məsələn şizoeffektivlik pozuntusu da xanımlarda daha çox olur. Yəni insanların qorxu və fobiyadan əziyyət çəkməsi bəzən bərabərlik səviyyədə olur. Hafizənin itməsi ilə bağlı psixi pozuntular da həm qadınlarda həm də kişilərdə müşahidə olunur. Hər bir psixi pozuntunun öz kriteriyalarına görə qadın və kişidə özünəxas təsirləri var. Bunu konkret olaraq göstərici şəklində demək olmur. Lakin bu gün cinsəl psixi problemlər ildırım sürətilə artmaqdadır. Məhz bu problemlər yenə də kişilərdə daha çox olur nəinki qadınlarda. Amma son müşahidələr onu göstərir ki, bu məsələdə qadınlarla kişilər cinsəl pozuntularla bağlı eyni statistik göstəricilərə malikdirlər. Beləliklə bu göstəricilər çox dinamikdir və tez – tez dəyişəndir.

- Bəzi valideynlər hələ də uşaqları döymək kimi tərbiyə üsullarından istifadə edirlər. Bu nə qədər düzgündür?

- Uşaqların valideynlər tərəfindən döyülməsi qəti yolverilməzdir. Bəzən misal çəkirlər ki, keçmişdə babalarımız uşaqları tənbeh də ediblər, hətta döyüblər də. Amma nəzərə almalıyıq ki, artıq zaman dəyişib və düşüncələr tamam dəyişib. İndi insanlara, uşaqlara yanaşma metodu çox fərqlidir. Keçmiş nəsillərin düşüncələri ilə bizim düşüncələrimiz tərsmütənasiblik təşkil edir. Biz uşaqlarımızı döyməklə, onlarla aramızda sədd yaradırıq. Beləliklə də uşağın yaşadığı problemləri bizdən gizlətməsinə gətirib çıxara bilər. Və uşaq problemini həll etmək üçün başqa adamlarla bölüşməsinə şərait yaratmış oluruq. Bu çox həssas məsələdir və valideynlər çox diqqətli olmaq lazımdır. Valideynlə dostluq bağları olmalıdır. Onlar arasında körpülər yanmamalıdır. Çünki biz uşaqlarımızın təfəkküründə nələrin olduğunu bilmirik. Valideynlər buna görə də uşaqlarına yetərincə sevgi və qayğı göstərməlidir ki, sonucda uşaqlar mənəvi olaraq yadlaşmasın. Mütləqdir ki, valideynlər sevgilərini uşaqlarına hiss etdirməlidirlər. Uşaqlar düşünməlidir ki, hətta hər etdiyim səhvimlə atam və anam mənim yanımdadır.

- Artan psixoloji problemlərlə paralel psixoloqlara və psixiatrlara olan ehtiyac da durmadan artır. İnsanlar peşəkar psixoloq seçimində nə etməlidir?

- Problemlər əslində artır. Amma xoşdur ki, insanlar psixoloqlara daha çox üz tutmağa başlayıblar. Ümid yeri kimi psixoloq yanına getməkləri çox yaxşıdır. Sadəcə burada düzgün seçim etmək önəmlidir. Əsas problem pasiyentlərin yaşadığı təməl problemləridir. Bunu psixoloq mütləq bilməlidir. Bunu məişət problemlərindən , boşanma və işsizlikdən qaynaqlana bilər. Problemlərin səbəbləri də çoxdur. Əslində pasiyent psixoloqa güvənirsə və onun bacarığına inanırsa təbii olaraq müalicəsini davam etdirir. Əks halda bu mümkün deyil. Pasiyentlərin bir çoxunda şəxsiyyət pozuntuları aşkarlanıbsa fiziki çevrədə terapiyada müalicələr uğursuzdursa, psixoloji seanslarda nəticələr əldə edə bilmirsə təbii ki, pasiyent seansları dayandırıb daha peşəkara müraciət etmək onun haqqıdır. Belə bir haqq həm də psixoloqa məxsusdur. Əgər pasiyent tabe olmaqdan çəkinirsə və psixoloqu dinləməkdən imtina edirsə psixoloq da onu başqa mütəxəssisə yönəltməkdə haqlıdır. Bu qarşılıqlı formada olur.

- Ülviyyə xanım, hər hansısa bir probleminiz yaranan zaman özünüzə psixoloq kimi yanaşa bilirsinizmi!?

- Təbii ki, yaşadığım sıxıntılardan dolayı problemlərimi hər zaman özüm həll etməyə çalışmışam. Lakin buna baxmayaraq mənim dəyər verdiyim çox hörmətli psixoloq həmkarlarım var. Onlardan rəfiqəlik etdiklərim də var iş həmkarlarım da var. Bir daha qeyd edim ki, mən hər zaman problemlərimi özümə güvənərək özüm həll etməyə üstünlük verirəm. Soyuqqanlı olmağı bacarıram. Hətta qlobal problemlərə belə bəsit problemlər kimi yanaşmağa da özümdə güc tapmışam. Səbri və təmkini şüuraltı elə formalaşdırmışam ki, düşünmürəm ki, kimsə mənim kimi problem həll edə bilsin. Hesab edirəm ki, hər düşdüyü çətinlikdən çalışıb insan özü çıxmağı bacarmalıdır. İnsan böyük bir qüvvədir . Təbii ki, yetər ki, bunun üçün istək olsun.

-Sonda gələcək planlarınız və cəmiyyətimizə nələr demək istərdiniz?

- Təbii ki, bildiyiniz kimi mən Bakıda bir neçə özəl klinikalarda çalışıram. Eyniz zamanda klinikaların birində də öz mərkəzimi yaratdım. Mərkəzin rəhbəri olaraq fəaliyyədəyəm. Gəncə regional ərazisi üzrə klinikalar şəbəkəsinin psixoloqu olaraq işimi davam edirəm. QHT sədri olaraq bir neçə layihələrdə ekspert kimi iştirak edirəm. Müəllifi olduğum layihələr var. Hazırda böyük bir layihə üzərində işləyirəm. İlk olaraq cəmiyyətə onu demək istərdim ki, bizə neqativ gətirən adamlardan uzaq durmaq lazımdır. Onlarla hər gün ünsiyyətdə olmaq məcburiyyətində deyilik. Əgər bir insandan pozitiv ala bilmiriksə mütləqdir ki, ondan uzaq olar. Əgər belə davam edərsə enerji depomuz boşalacaq. Yeni enerjimizi yenidən bərpa etmək çətin olacaq. İş həyatımızı, ailəmizlə, övladlarımızla vaxtımızı elə tənzimləməliyik ki, hər birinə vaxt olsun və bu çox önəmlidir. Bu tarazlıq pozulduqda başqa problemlər yaranır. Hər zaman diqqətli olaq ki, belə boşluqlar yaranmasın, doğmalarımızla aramızdakı mənəvi körpülər yanmasın. Sevgini, mərhəməti içimizdən əksiltməyək. Həyat sevgi dolu mücadilələri sevir. Hər zaman mübariz olmalıyıq. Həyat bizdən bəzən risklər istəyir. Və biz mübarizə apararaq gec – tez nəticə əldə edə bilirik. Düşünürəm ki, həyat insana, sonda gec də olsa mübarizələrin mükafatını verir. Ona görə də mübariz olmağı öyrənək.

- Ülviyyə xanım, müsahibə üçün təşəkkürlər və sizə uğurlar olsun.

- Siz də sağ olun və işinizdə sizə də uğur arzu edirəm.

 

Söhbətləşdi: BÜNYAMİN BÜNYADZADƏ