Şair ŞÜCAƏT - Seçmə şeirlər
SÜCAƏT (Sücaət Yunus oğlu Əhmədov – 1946-2002)
DAĞLAR
Mən gedirəm qürbət elə,
Sağ-salamat qal, a dağlar.
Halallıq ver, qoy qalmasın
Ürəyimdə xal, a dağlar.
Hanı məndə dözüm sənsiz,
Sönəcəkdir közüm sənsiz.
Qan tökəcək gözüm sənsiz
Olacağam lal, a dağlar.
Dostum – yarım keçir gendən,
Dərdim artır günü-gündən.
Məni qəmdən, qəmi məndən,
Al, a dağlar, al, a dağlar.
Günəş gəzib yorulanda,
Sazın simi qırılanda,
Göydə qartal vurulanda,
Məni yada sal, a dağlar.
Qayaları ələ döndər,
Cığırları telə döndər,
Sücaəti külə döndər,
Bir “Kərəmi” çal, a dağlar.
KİMİ
Kaş rəssam olaydım, elə rəssam ki,
Çəkəydim bəxtimi olduğu kimi.
Yazmaqla nə olsun, onda görəydim,
Arzumu-eşqimi olduğu kimi.
Eşqimin tufanın, boranın, yazın,
Solmuş çiçəklərin, yox olmuş izin.
Çəkəydim gözlərin sevdiyim qızın,
Süzülüb xəyala daldığı kimi.
Sücaət, mənalı yaşa, yarat, an,
Vəfasıza ağrı gizlət, yara dan.
Salmasın heç kəsi bir də yaradan,
Məni nəzərindən saldığı kimi.
ANAMIN
Deyin, dustaqları buraxacaqlar,
qoy qəm bozartmasın üzün anamın.
Deyin, qırılacaq zülmün zənciri,
birtəhər başını yozun anamın.
Zəhər gizlənibmiş aşımın altda,
Bir dərya var imiş qaşımın altda…
Yastıq daşa dönür başımın altda,
Burda hardan alım dizin anamın?
Taleyi şil-şikəst, fikri sağ oldum,
Sevinci bir zərrə, dərdi dağ oldum.
Gah əsir, gah xəstə, gah dustaq oldum,
Qoymadım quruya gözün anamın.
Talanmış ömürdü, gündü, neyləyim,
Baxtımın çırağı söndü neyləyim.
Sevinci fəğana döndü, neyləyim,
Söhbəti nəğmədən həzin anamın.
Sücaət, etdilər talan ömrümü,
Kor olsun daşlara çalan ömrümü.
Talanan talanıb, qalan ömrümü
Ömrünün üstünə yazın anamın.
Digər Xəbərlər
21 Sentyabr 2026 13:14
Əbülfət Mədətoğlu: ÜRƏYİM
21 Sentyabr 2026 12:27
İLQAR TÜRKOĞLU - CAVAD CAVADLININ 100 İLLİK YUBİLEYİNƏ
21 Sentyabr 2026 12:26
Nizami Cəfərov fenomeni
21 Sentyabr 2026 11:53
Aida İmanquliyeva – Şərqşünaslıq elmində yaşayan ömür
21 Sentyabr 2026 11:20
MÜASİR CƏMİYYƏTDƏ PRAQMATİK TƏHSİL PROBLEMİ VƏ FƏLSƏFƏSİ
21 Sentyabr 2026 10:37
Abid Tahirlinin elmi və bədii yaradıcılığının fundamental təqdimatı
20 Sentyabr 2026 10:09
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18 Sentyabr 2026 20:50


Bakı -°C

