SAĞ OLUN MEHRİBAN MÜƏLLİMƏ...
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Qəribə deyimdi, yəqin siz də eşidibsiniz; Övlad da nəvə, dövlət də dəvə… Mən bu gün ta qədimdən övlad da nəvə kimi dəyərləndirlənlərin şənliyinə qoşuldum. Bu da təsadüfi olmadı, nəvələrim Vaqif və Afət hər ikisi zəng etdilər, bu zənglər, az fasilələrlə oldu. Amma mənim üçün maraqlı olan o idi ki, Vaqif də, Afət də bir sinifdə oxuyurlar və məni ibtidai sinfi bitirmələri münasaibətilə təşkil olunan şənliyə dəvət edirdilər. Qəribəsi həm də onda idi ki, hər ikisi arzulayırdı ki, bu təntənədə mən onu təmsil edim. Mənim üçünsə fərqləndirməyə dəyərdimi, hər ikisinə söz verdim və iştirak etdim.
Gəncədə 4 nömrəli məktəb öz şanlı tarixi ənənələri, bu günkü uğurları ilə fərqlənir. Bu gün də estafet uğurlu əllərdədir, məktəbə öz işini gözəl bilən, vaxtilə şəhərin ən mötəbər vəzifələrində çalışan Əliağa müəllim rəhbərlik edir.
Mənim dəvət olunduğum (dəvət sahibi nəvələrim idi) tədbir Mehriban müəllimənin dörd illik zəhmətindən sonra (əzab-əziyyət də demək olar) öyrənciləri ilə keçirilən vida mərasimi idi.(Bilmirəm belə demək mümkündürmü) Mehriban müəllimə dedi ki, biz ayrılsaq da gözüm həmişə üstünüzdə olacaq. Əslində bu bir tapşırıq idi, adətən analar öz övladlarına belə ərkiyana tapşırıq verirlər.
Mən çox tədbirlərdə iştirak etmişəm, sənətimin tələbinə uyğun olaraq fikirlər bildirmiş, yaxşılıqları təbliğ etmişəm. Nə gizlədim baba kimi dəvət edildiyim bu tədbir, onun qeyri-adi səviyyəsi, ibtidai sinif müəlliminin uğurları məni çox sevindirdi, təəccübləndirdi də deyə bilərəm. İbtidai sinfi, Əlifbanı başa vuran uşaqların çoxşaxəli qabiliyyəti məni heyran elədi. Fikri qəsdən belə işlətdim. O uşaqların etdiyi rəqslər, oxuduğu nəğmələr qeyri-adi idi. İbtidai sinfi başa vuran uşaqların söylədiyi şerlər, oxuduqları nəğmələr, qəribə bir “ustalıqla” ifa etdikləri rəqsləri gərək öz gözlərinizlə görəydiniz, onda inandırmaq, qiymət vermək daha asan olardı.
Mən çox böyük, şəhər, hətta respublika miqyaslı çox tədbirlər görmüşəm. Amma bunlar ifadə olunmaz idilər. Bu balaca uşaqların qabiliyyəti məni sevindirdi. Fikirləşdim ki, bu uğurun mayasında nə dayanır.
…Nəzərlərim əlində mikrofon tədbirə istiqamət verən, onu idarə edən Mehriban müəlliməyə dikləndi. Bir ibtitai sinif müəlliməsinin çoxşaxəli qabiliyyəti, hər şagirdini sevərək və qabiliyyətinə bələdliklə verdiyi tapşırıqlar çox möhtəşəm idi. Müəllimənin əlləri dirijor çubuğu kimi ümumi ahəngi ustalıqla idarə edirdi. İnsan öz işini biləndə, ona qəlbən bağlı olanda belə güclü olur, yəni biz yerimizdə olanda belə güclü oluruq. Şair Qabil necə deyir:
Müsibət oluruq biz səhv düşəndə yerimiz.
Bu tədbir, Mehriban müəllimənin uğuru məndə belə bir qənaət yaratdı ki, insan öz yerində olanda, öz işindən ləzzət alanda belə güclü olur. Sonra dördüncülər estafeti Mehriban müəllimənin gələcək öyrəncilərinə verdilər. Nə xoş təsadüfdür, nəvələrimiz Vaqif və Afətdən sonra Aylinimiz Mehriban müəllimənin sinfində təhsilini davam etdirəcək…
Bu bir həqiqətdir ki, bizim gələcək uğurlarımızın mayasında Mehriban müəllimə kimi insanların öz sənətinə sədaqətindən alınacaq dərs, sözün böyük mənasında vətənpərvərlik naminə edə biləcəyimiz cəfakeşliklər dayanır…
Azərbaycan Əlifbası və Azərbaycan Dili günü münasibətilə valideynlər adından əlifbamızı və dilimizi balalarımıza sonsuz sevinc və məhəbbət eşqi ilə aşılayan Mehriban müəlliməni təbrik edirəm. Balalarımızın işıqlı sabahı naminə sərf etdiyi nəcib və müqəddəs işində daha böyük uğurlar arzulayıram...
Vaqif TANRIVERDİYEV
Gəncə
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

