adalet.az header logo
  • Bakı -°C
21 Avqust 2026 12:43
65
SİYASƏT
A- A+

“Tramp İrana qarşı “misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid” elan etdi”

“O, bu iqtisadi müharibənın detallatını açıqlamasa da, çox güman ki, onun əhatəsi İranı aşacaq və onunla iqtisadi əlaqələri davam etdirən ölkələrə, banklara və şirkətlərə də yönəldiləcək. Konkret ehtimallara gəldikdə isə ilk və əsas hədəf İranın neft gəlirləridir. Həm də əsas hədəf həm də yenə Çindir. 2025-ci ildə İranın dəniz yolu ilə ixrac etdiyi neftin 80%-dən çoxunu Çin alıb”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, İranın neft gəlirlərini ciddi şəkildə azaltmaq üçün ABŞ faktiki olaraq İran neftinin Çin bazarına çıxışını məhdudlaşdırmalıdır:

“İkinci istiqamət İranla işləyən xarici banklara, neft şirkətlərinə, gəmiçilik şirkətlərinə və digər vasitəçilərə qarşı sanksiyaların genişləndirilməsidir. İranın bank hesablarının, valyuta əməliyyatlarının və beynəlxalq ödəniş kanallarının daha ciddi məhdudlaşdırılması da gözlənilir. ABŞ 2026-cı ilin əvvəlindən İranla əlaqəli 1000-dən çox şəxsə, gəmiyə və hava vasitəsinə artıq sanksiya tətbiq edib. Təzyiq öz nəticəsini də göstərir. Müharibədən əvvəl İran neftinin orta yüklənməsi gündə təxminən 1,8 mln. barel olduğu halda, son bir ayda bu göstərici 500 min bareldən aşağı düşüb.İran iqtisadiyyatının vəziyyəti isə onsuz da ağırdır. İyulda illik inflyasiya 66%-ə, ərzaq qiymətlərində illik artım isə 128%-ə çatıb. Buna görə yeni məhdudiyyətlər ölkənin valyuta gəlirlərinə, büdcəsinə və daxili qiymətlərə əlavə təzyiq yarada bilər .Amma məsələnin digər tərəfi də var”. 

Onun sözlərinə görə, İran neftinin dünya bazarından daha çox çıxması və Hörmüz boğazı ətrafında risklərin artması neft qiymətlərini 100 dolların üzərinə yüksəldə bilər və bu daha uzun dövrü əhatə edə bilər:

“Tramp anons etdiyi kimi davranarsa qiymətin sərt yüksəlişi 1/2 ehtimaldır. Beləliklə, Trampın yeni iqtisadi strategiyası yalnız İranı seçim qarşısında qoymur. İranla işləyən ölkələr və şirkətlər də ABŞ bazarı və maliyyə sistemi ilə İran arasında seçim etmək məcburiyyətində qala bilərlər.Əlqərəz, by iqtisadi müharibənin hədəfi İran olsa da, onun iqtisadi təsirləri İranın sərhədlərindən xeyli kənara çıxa bilər və qlobal inflyasiyanın sürətlənməsi və dünya iqtisadiyyatının digər sahələrində əlavə təzyiqlərin yaranması da qaçılmaz ola bilər”.

Vasif ƏLİHÜSEYN