adalet.az header logo
  • Bakı -°C
13 Yanvar 2024 14:23
1615
GÜNDƏM
A- A+

Rusların əmrilə ermənilərin güllələdiyi cərrah, nazir, cümhuriyyətçi  Xudadat bəy Rəfibəyli

Bu gün oxucularımıza söz verdiyim kimi “Ömrünü rus işğalının, erməni məkrinin, cəhalətin məhvinə həsr edən vətən təəssübkeşi: Ələkbər bəy Rəfibəyli” məqaləmin davamını təqdim edəcəyəm.
Gəncə xan nəslinin ləyaqətli nümayəndələrindən olan Ələkbər Rəfibəylinin oğlu Azərbaycan Xalq Cümhuriyyətinin Yelizavetpol quberniyasının general-qubernatoru, II Xoyski hökumətində əvvəlcə səhiyyə və sosial təminat naziri, daha sonra isə xalq səhiyyəsi naziri, Afanasyev adına Yelizavetpol xəstəxanasının direktoru, həkim Xudadat bəy Rəfibəylinin xalqımıza xidmətindən və sevgisindən söhbət açacağıq.

Ələkbər bəy Rəfibəylinin 39 yaşı olarkən -1878-ci il yanvarın 12-də onun bir oğul övladı olur. indiki Gəncə şəhərinin Bala Bağman məhəlləsində doğulan bu oğlanın adını Xudadat bəy qoyurlar. Ziyalı ata oğlunun da ziyalı olması, xalqının işinə yaraması üçün eynən atası Kərbəlayi Həsən kimi qərar verir: Təhsil!

(Soldan 1-ci)

Xudadat bəy Gəncə Kişi Gimnaziyasına daxil olur. Yeri gəlmişkən, bildirək ki, 1881-ci ildən 1920-ci ilə qədər Gəncə şəhərində mövcud olan kişi gimnaziyası odövrün aydınları və gələcək cümhuriyyətçilərin bir çoxunun təhsil aldığı tədris müəssisi olub.Əslində Yelizavetpol gimnaziyası 1870-ci ildə Yelizavetpol qəzanın məktəbi əsasında yaradılmışdı. 1881-ci ildən kişi qimnaziyası kimi fəaliyyət göstərməyə başladı və təhsil almaq arzusunda olan imkanlı ailələrin uşaqları bura üz tutdular. Məsələn, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli , Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Aslan bəy Səfikürdski , Mahmud bəy Səfikürdski, Heybət bəy Haqverdiyev, Mikayıl bəy İsrafilbəyov, Mirzə Məhəmməd Axundzadə, Teymur xan Xoyski, Həmid bəy Yusifbəyli , İsmayıl xan Ziyadxanov, Şahverdi xan Ziyadxanov, Xosrov bəy Sultanov, Paşa bəy Sultanov, Cavad bəy Rəfibəyl və başqaları ... Yəni, dövrünün bəy balaları belə bir gimnaziyada oxumaq imkanına malik idi.Həmin vaxt çar Rusiyasının ağlına da gəlməzdi ki, bu bəy balaları bir gün onun işğal planına qarşı çıxıb, ona qarşı cəbhə açacaqlar.

(Xudadat bəy Rəfibəyli, Əmircanov H., Palavandov T., Əfəndiyev M., 1896)

Xülasə, Xudadat bəy gimnaziyanı bitirir və təhsilini davam etdirmək qərarı alır. O, Xarkov İmperator Universitetinin Tibb fakültəsinə daxil olur. Həmin vaxt tələbə dostları ilə birlikdə "Həmyerlilər" dərnəyini qurur. Bu yəqin ki, qərib eldə çətinliyə düşən gənclərə yardım, dəstək amacı ilə yaranıb. Axı orda da azərbaycanlıara qarşı erməni də vardı, rus da.Nəhayət, 1904-cü ildə həmin universiteti bitirir. Amma universitet belə bacarıqlı, savadlı tələbəsinə asanlıqla əldən buraxmaq istəmir.

Xudadat həkim universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləyir. Əlbəttə ki, vətənpərvər atanın tərbiyəsini almış Xudadat bəyi Xarkovda uzun müddət saxlamaq gücü yox idi. 1907-ci ildə Gəncəyə dönən Bəy oğlu həmin ilin noyabrın 15-də o, Yelizavetpol Şəhər İdarəsinim təqdimatı, qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol xəstəxanasına (6 nömrəli şəhər müalicəxanası) direktor təyin edilir. 17 il Gəncə xəstəxanasının baş həkimi olaraq çalışır.
Bu yerdə bir ştrix edək: Deməli, bəzi yazarlar qeyd edirlər ki, Xudadat bəy Azərbaycanda ilk ali cərrahiyə təhsili almış azərbaycanlıdır! Bu belə deyil. Əslində şuşalı Kərim bəy Mehmandarov 1872-ci ildə Bakı şəhər gimnaziyasını bitirdikdən sonra Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasına daxil olub. 1877-ci ildə akademiyanı tamamlayıb Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləyib. 1873-cü ildə Azərbaycana dönən Mehmandarov Yelizavetpol quberniyasının Cavanşir qəzasında , sonra isə Şuşa şəhərində həkim kimi çalışıb.

Gəncəlilər Xudadat bəy Rəfibəylini niyə sevirdi?




Həkimlik sənətilə sıx bağlı olan xeyirxah əməllərindən qalmır hətta nüfuzundan istifadə edərək öz həmkarlarını: Həsən bəy Ağayevi, Həmzə bəy Zeynalovu, Musa bəy Rəfiyevi bu xeyirxah missiyaya qoşurdu. Beləki, onun təşəbbüsü və rəhbərliyi ilə 1914-cü ildə Yelizavetpol Tibb Cəmiyyəti yaradılır. Bu cəmiyyətin əsas məqsədi Gəncədə yoxsullara, kimsəsizlərə pulsuz tibbi yardım göstərmək idi. "Yelizavetpol Tibb Cəmiyyəti" Bakı, Şuşa, Şəki və şəhərlərdə fəaliyyət göstərən digər cəmiyyətlərlə daim sıx əlaqədə olur, cərrahiyə əməliyyatına ehtiyacı olan kasıb təbəqənin nümayəndələri Gəncəyə axışıb gəlirdi.


Nəinki, gəncəlilər, artıq Azərbaycanın bir çox bölgələri Xudadat bəy xilaskar kimi baxırdı, onu sevirdilər. Bu sevgi cəmiyyəti yaratmamışdan əvvəldə olub. Ona 1909-cu ildə fəaliyyəti, xidmətləri nəzərə alınaraq titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri rütbələri verilib və 1909-cu ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.

Xudadat bəy 1912–1913-cü illərdə Sankt-Peterburqda İmperator Kliniki İnstitutunda 6 ay məşhur professorların apardığı 12 ixtisas kursunun da dinləyicisi olub. Qazandığı bilgiləri xalqına xidmətə həsr edirdi. Xudadat bəy gəncəlilərin təkidi ilə daha sonralar şəhər qubernatorunun vəzifəsinin icrasına başlayandan sonra da həkimlik fəaliyyətini davam etdirirdi.

Fevral inqilabından sonra Azərbaycan şəhərlərində çarizmə qarşı etirazlar dirçəlməyə başlayırdı. 1917-ci il iyunun 17-də müsavatçılar, Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri, Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi birləşərək "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat"ın əsasını qoyurlar.. Xudadat bəy bu tarixdən etibarən Müsavat Partiyasının üzvü olur.
Həmin il Azərbaycanın Bakı və digər şəhərləri ilə yanaşı, Gəncədə də Müsəlman Milli Komitəsi yaradılır. Gəncədə də azərbaycanlıların vəziyyəti və onların müdafiəsi ilə əlaqədar bütün məsələlər bilavasitə bu komitə tərəfindən həll edilirdi.

Silaha olan ehtiyacı ödəmək üçün Gəncə Milli Komitəsi dekabrın 17-də şəhərdəki keçmiş çar ordusunun 219-cu alayını, həmçinin Qafqaz cəbhəsindən Rusiyaya qayıdan bir neçə hərbi eşelonu tərk-silah etməyə məcbur oldu.

Bu əməliyyat Zaqafqaziya Komissarlığının sədri Noy Jordaniyanın sərəncamı ilə həyata keçirildi. Gəncə Müsəlman Milli Komitəsinə Nəsib bəy Yusifbəyli başçılıq edirdi. Ələkbər bəy Rəfibəyli, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Aslan bəy Səfikürdski, Məmmədbağır Şeyxzamanlı və başqaları Milli Komitənin üzvləri idilər. Komitənin silahlı mühafizə dəstələri yaradıldı.Hələ gənc ikən atası Ələkbər bəy kimi istibdada və işğalçıya qəlbində dərin etiraz olan Xudadat bəy həmin Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir.
Xudadat bəy 17 iyun 1918-ci ildə təşkil olunan II Xoyski hökumətində ilk dəfə yaradılan posta — səhiyyə və sosial təminat naziri təyin olunur.

Nazir olarkən onun göstərişi ilə ölkə ərazisində pulsuz müalicə göstərən bir neçə xəstəxana açılır, kənd yerlərində yeni müalicəxana və feldşer məntəqələrinin tikintisinə başlanılır, ekspertizalar üçün laboratoriya təşkil olunur. Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiya yaradılır. 6 oktyabr 1918-ci ildə hökumət kabinetində dəyişikliklər edilir və yeni vəzifələr yaradılır. Xudadat bəy xalq səhiyyə naziri təyin edilir. 7 dekabr 1918-ci ildə hökumət istefa verir və Xudadat bəy vəzifəsini tərk edir.
1919-cu ilin may ayının 6-sında Azərbaycan hökuməti tərəfindən Xudadat bəy Gəncə quberniyasının general-qubernatoru vəzifəsinə təyin edilir.

O, 1920-ci ilin mayında həbsdə olarkən, istintaqa verdiyi ifadədə bildirir ki, qubernator əmrinin 1919-cu ilin mayın 6-da verilməsinə baxmayaraq, fəaliyyətə atasının qırx mərasimi başa çatdıqdan, yəni mayın 17-dən sonra başlamışdır: "Quberniyanı idarə etməyə başlayarkən məndən tələb olunmuşdu ki, əmin-amanlıq yaradım.

Görülən tədbirlər nəticəsində bütün quberniyadan quldur dəstələri təmizləndi və ləğv olundu, onların bəzi başçıları öz ayaqları ilə gəldilər, məhkəmə tədqiqatına və istintaqa qədər pulla zaminə buraxıldılar. Nəticədə xeyli sakitlik yaranmağa başladı”

Çarizmə yaxud bolşevizmə (fərqi yoxdur, hər ikisinin arxasında işğalçı Rusiya dururdu)qarşı mübarizə Azərbaycan xalqına baha başa gəldi. 100 minlərlə soydaşımız bu yolda erməni və rus həmrəyliyinin, işğalçılığının , vəhşiliyinin qurbanı olduar.Yeri yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti türk dünyasının bu iki düşməni tərəfindən yerindəcə boğuldu.

(Nargin adası həbs düşərgəsi)

1920-ci il aprelin 25-dən 26-na keçən gecə rus qoşunları Azərbaycana şimaldan hücum etdilər. Xaçmazı, Yalamanı tutdular və Bakının girəcəyində dayanaraq Azərbaycan hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum göndərdilər. Ultimatumu müzakirə etmək üçün aprelin 27-də parlamentin iclası keçirildi. İclasda xeyli davam edən müzakirələrdən sonra qan tökülməməsi üçün müəyyən şərtlər daxilində təslim olmağa qərar verildi.

Xudadat bəy Rəfibəyli aprelin 30-da Nuxa, Ağdaş, Zəyəm, Gəncə qəza rəislərinə teleqram yollayaraq hakimiyyəti bolşeviklərə təhvil verdiyini bildirdi. Sonra da öz müavini, polkovnik Hüseynqulu xan Xoyski ilə lazımi sənədləri imzalayaraq Gəncə İnqilab Komitəsinin 30 aprel 1920-ci il tarixli 67 və 68 nömrəli əmrlərinə uyğun qubernatorluğu 1920-ci il may ayının 1-də Gəncə İnqilab Komitəsinin sədri İbrahim Əliyevə və onun köməkçisi (müavini) Fərhad Əliyevə təhvil verdi.

Tarix tarix elmləri doktoru, professoru Nəsiman Yaqublu yazır:"1920-ci ilin mayın 12-də - Xudadat bəyin həbs edildiyi gün Gəncə sakini Nikolay Qriqoryeviç Babakev-Xyants adlı bir erməninin XI Ordunun xüsusi şöbəsinin müstəntiqinə ifadəsi: "...Rəfibəyov qubernator təyin edildiyi gündən xristianlara qarşı törədilmiş bir cinayət də açılmayıb. Şikayətlərlə bağlı Rəfibəyova müraciətlər bir qayda olaraq yerinə yetirilmirdi. Son vaxtlar Gəncə qəzasının erməni kəndləri Rəfibəyov tərəfindən təşkil edilmiş müsəlman quldur dəstələri tərəfindən talan olunur və yandırılırdı. Dəstələrin başçıları onun tərəfindən təyin edilirdilər və onların adları Qaraçinar dəstəsinin Bakıda yerləşən keçmiş rəisi podpolkovnik Pnakadzeyə yaxşı tanışdır. 1917-ci ildə Türkiyə cəbhəsindən qayıdan rus eşelonlarını güllələyən müsəlman quldur dəstəsinin başında Rəfibəyov dayanmışdı..."

X.Rəfibəyov erməni müstəntiqi Safikyana belə cavab vermişdir: "Mənim fəaliyyətlərim barəsində rəy və xasiyyətnaməni isə yalnız ermənilər deyil, ruslar, almanlar, gürcülər, yəhudilər və digər millətlərdən olanlar, həmçinin, Həmkarlar İttifaqı, Gəncə Həkimlər İttifaqı, Qızıl Xaç kimi təşkilatlar verə bilərlər. Qatı daşnak olduğu üçün dəfələrlə həbsxanaya salınmış Babakevxyansın ərizəsinə gəlincə, o, tamamilə vecsizdir və həqiqətə uyğun deyildir".

 

Əslində düşmənimiz düşündüyümüzdən də əzazil və acımasız çıxdı. Baxmayaraq ki, Xudadat bəy heç bir etiraz etmədən vəzifəsindən getmişdi, amma erməni- rus kimi düşmən belə işıqlı, Azərbaycan xalqını sevən, sayğı göstərən qiymətli birini dinc buraxardımı? Əlbəttə yox!

(Nargin adası həbs düşərgəsi)

X.Rəfibəylinin nəvəsi yazıçı Anar yazır: Xudadat bəy 1920-ci il mayın 12-də həbs edildi. Gəncəlilər həyəcan içində idilər, şəhər qaynayıb qarışırdı. Rəfibəylinin Bakıya göndəriləcəyi dəmiryol stansiyasına minlərlə adam toplaşmışdı. Xudadat bəy başında silindr, əynində qara plaş, əlində əsa, həmişə olduğu kimi başını uca tutaraq və ətrafa boylanmadan üç nəfər silahli əsgərin müşayiəti ilə irəliləyirdi. Kimsə ona pul təklif etdi. Keçmiş qubernator onun əlini kənara edərək:

Təşəkkür edirəm, lazım deyil,- dedi.

İzdihamdan bir nəfər aralanaraq ona yaxınlaşdı. O dedi ki, Xudadat bəyi azad etməkdə gəncəlilərə kömək üçün Şəmkirdən 400 nəfər silahlı süvari dəstə gəlir. Bu sözləri eşidənlərin bir çoxunun gözləri yaşardı. Xudadat bəy isə belə cavab verdi:

Mən razı ola bilmərəm. Mənim adımı biabır etmək lazım deyil. Şəhərimizin, nəslimizin,mənim atamın adını bədnam etmək lazım deyil, qan tökmək lazım deyil. Məni heç nədə təqsirləndirə bilməzlər.

(Nargin adası həbs düşərgəsi)

Burada mühafizəçilərə ermənilərin silahlı dəstələri də qoşuldu. Gəncəlilərin isə qabağını kəsib saxladılar. Qatar Bakıya yola duşdu…
Xudadat bəyi bir neçə maddə ilə mühakimə etdilər. Bunların arasında 298 sayılı iş üzrə erməni kəndərinin yandırılması və erməni əhalisinə divan tutulması da var idi. Əlbəttə, bu iftira idi və bu cinayət işi bir neçə erməninin yalan ifadələri əsasında qaldırılmışdı. Xudadat bəy Rəfibəyli özünü bu şəkildə müdafiə etdi: "Mənim barəmdə irəli sürülmüş ittihamda özümü təqsirkar hesab etmirəm. Sənədləri, əlimdə olan bütün subutları təqdim edə bilsəydim, aydın olardı ki, mən təqsirkar deyiləm".

Ona bu imkanı vermədilər… Ona son sözü də deməyə imkan vermədilər. 1920-ci il iyunun 1-də Xudadat bəyi tələsik, xəlvəti bir şəkildə Xəzərin kiçik bir adasına apardılar və güllələdilər. Mayın 20-də başlanmış 298 sayılı işi isə bağlamadan əbədi saxlanmağa göndərdilər…

O, 43 yaşında həlak oldu. Həyat yoldaşı Cəvahir xanım üç uşaqla qaldı. Ataları dünyadan köçən zaman Kamilin 11, Rəşidin 9, gələcəyin böyük şairəsi Nigar Rəfibəylinin isə 7 yaşı vardı… Və atasız qalan bu ailəni qarşıda həyatın necə ağır sınaqları gözləyirdi…

Xudadat bəy Rəfibəyli təqsirkar olmadığı haqqında bəraəti isə ölümündən 70 il sonra qazandı.

" Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyov barəsində PS-12663 sayılı cinayət işinə… cinayət tərkibin olmadığına görə xitam verilsin.

Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, 3-cü dərəcəli ədliyyə müşaviri M. Babayev
02 iyul 1990-cı il".

(Xudadat bəyin Gəncədə adına verilən küçə: Foto 2022-ci ildə çəkilib)


Araşdırmamdan belə qənaətə gəldim ki, Xudadat bəyin məzarı yoxdu...Beləəə... erməni və rus düşmənlərimiz bir aydınımızın, bir vətənpərvər, maarifpərvər, dəyərli həkimizin axırına belə çıxdı. Son 250 ildə rusların və ermənilərin bədniyyətləri, türk qanına susamaları sayəsində həyatına son qoyular bütün soydaşlarımızın ruhu qarşısında baş əyirəm!Təəssüf ki, bu proses hələ də davam edir. Müstəqil olduğumuz son 32 ilə nəzər salaq: Hələ də qiymətli soydaşlarımız, ziyalılarımız, qəhrəmanlarımız gözəgörünməz əllərlə fiziki olaraq öldürülür, şərə-böhtana məruz qalaraq mənən öldürülür . O “gizli əllər”in kim olduğunu anlayırsınızmı?

1918-ci ildə 31 Mart qırğınını Bakı şəhər kommunasının sədri Şaumyanın əmri ilə həyata keçirən əsas təşkilatçılar sırasında yer alanlardan biri, Bakının hərbi komendantı olmuş,  "1920-ci ilin aprelində Orconokidze və Kirovun tapşırığı ilə mən Mikoyan və Yefremovla birlikdə "Beynəlmiləl" zirehlisində, döyüşə-döyüşə Bakını ələ keçirdikdeyən Qəzənfər Musabəyovun Binəqədi rayonunda hələ də adına  küçə var. Bakıda isə X.Rəfibəylinin adına nəinki küçə, heç bir barelyef, bir dəftər vərəqi boyda məlumat lövhəsi  yoxdur.

P.S. Əziz oxucularım, 11 yaşlı Kamilin, 9 yaşlı Rəşidin , 7 yaşlı Nigarın başına nələr gəldiyini bilirsinizmi?70 il “vətən xaini” damğası ilə yaşamağa məcbur olan bu körpələrin qarşıda hansı taleyi yaşadığından xəbəriniz varmı?

Əntiqə Rəşid