adalet.az header logo
  • Bakı 17°C
28 Sentyabr 2022 14:40
719
ƏDƏBİYYAT

Ruhunun məskəni Vətən olanda

 “Salam olsun”deyib “Yanından keçmə dağların” nəsihətini verən, “Ruhuma beşiksə, tanı, vətəndir” amalı ilə “Onun daş nağılı”nı danışan bir söz adamının göz oxşayan dörd kitabı yazı masamın üstündən boylanır və vərəqlərin arasından şox səmimi bir pıçıltı eşidilir: “Oxusan,  poetik düşüncələrin sehrinə düşəcəyinə əminəm”.

 Bu pıçıltı elmi işlər üzrə prorektorumuz, professor Mahirə Hüseynovanın səsinə çox bənzəsə də, kitabların üz qabığından  boylanan müəllifin - Mahirə Nağıqızının  səsi daha gur və inamlı eşidilir, sanki şair pıçıltısı alim pıçıltısından daha cazibədar səslənir. Paralel eşidilən bu səslər xəyalımı uzaqlara aparır, klassik şairimiz M.Füzulinin “Elmsiz şeir özülü olmayan divar kimidir” deyimini və  mərhum B. Vahabzadənin aşağıdakı misralarını yadıma salır:

 

Qatlayıb dizinin altına qoyar,

Alim Bəxtiyarı, şair Bəxtiyar.

 

Bir-birindən azacıq fərqlənən bu “pıçıltılardakı” ahəng məni inandırmağa çalışır ki, əlinin altında olan   şeirləri dərindən oxusan şair Mahirə ilə alim Mahirənin paralel addımladığını, bir-birini tamamladığını görəcək, sonuc olaraq yeni bir formula tapacaqsan. 

Səmimi deyim ki, Mahirə xanımın bədii yaradıcılığını təhlil etmək, ədəbi tənqidlə bağlı az-çox öyrəndiklərimin süzgəcindən keçirərək nəsə yazmaq mənim üçün bir o qədər də asan görünmür. İlk olaraq, bir Azərbaycan xanımının, sonra dekanımızın və nəhayət, tələbə yoldaşımızın yaradıcılığını təhlil etdikdə subyektiv amillərin güclü təsir edəcəyini, yazının səmimi alınmayacağını düşünürəm. Bütün bunlarla bərabər Mahirə xanıma olan vəfa borcum  məni daha da qıcıqlandırır. O, professor, kafedra müdiri olmağına, işinin çox olmasına rəğmən zaman tapmış və mənim “Bir az sevgi, bir az da...” adlı şeirlər kitabım haqqında çox məzmunlu bir yazı hazırlayaraq dövri mətbuatda dərc etdirmişdi.

Bütün bunlarla bərabər kitabların adı, M.İmanlı, H.İsabəyli, M.Nağısoy kimi akademiklərin, M.Hüseynov, Q.Bayramöv kimi professorların yazdıqları ön sözləri, bədii təhlillər məndə Mahirə Nağıqızı poeziyasına marağı daha da gücləndirdi. (Baxmayaraq ki, onun şeirlərinin əksəriyyətini sosial şəbəklərədə oxumuş, müəyyən tədbirlərdə sözlərinə yazılmış mahnıları dinləmiş və böyük zövq almışdım.)    

 İlk növbədə, silkələnən yaddaşım bir şeyi də mənə xatırlatdı ki, dünyada ilk şeirin müəllifi də məhz qadın – Mesopotamiya hökmdarı Sarqonun qızı, Akkad şahzadəsi Enxeduanna olmuşdur, yəni xanımlar poeziya sətənətində heç də yeni deyillər.

Bir şeyi də qeyd edim ki, Mahirə xanım bir dilçi alim kimi onlarla monoqrafiya və dərsliyin, yüzlərlə elmi məqalənin müəllifidir. Görəsən, alim Mahirə ilə şair Mahirəni bir-biri ilə rəqib edən və ya onları doğmalaşdıran nədir?  Bu sual ətrafında düşündüyüm məqamda yadıma ədəbiyyat tənqidçisi Aydın Məmmədovun bu sözləri düşdü: “Poeziya nə elmdir, nə də peşə. Poeziya, sadəcə olaraq, poeziyadır. Elmin əsasnı dəqiq bilik, peşəninkini isə əl zəhməti təşkil edir. Poeziyaya gəldikdə isə onun konkret hüdudu yoxdur, ən xırda hisslərlə ən ali hökmlər, müddəalar, ən adi həqiqətlərlə ən qəribə xəyallar poeziyaya çevrilə bilər”.

Bu prizmadan yanaşanda ruhən sözə bağlı olan, sözü sevən M.Nağıqızı onu elmin standart və qəlibləri içərisində  araşdıran Mahirə Hüseynovadan fərqlənmək istəyir, sözün zəngin çalarlarını daha azad, daha sərbəst şəkildə ifadə etməyə, linqvistikada bir qədər “quru”görünən sözə “ehya”, poetik “can” verməyə çalışır. Leksik-qrammatik məna daşıyan söz onun şeirlərində bədii kalorit, bədii tutum qazanır. Poeziya da məhz dil və estetik fərqlərin o biri tərəfində doğulur, poetik söz ümumi nitqdəki sözdən ayrılır, özündə sözə, “özündə məna”ya çevrilir. Düşüncənin məhsulu olan söz poeziyada onunla bərabər doğulur, bərabər də könüllər fəth edir.

Sözə güvənən, sözü poetikləşdirən, ilahiləşdirən  M.Nağıqızı şeirlərinin mövzu dairəsi çox geniş və rəngarəngdir. Onun poeziyasının leytmotivini vətənə, onun təbiətinə, vətən övladlarına, ulu Tanrıya olan sevgi təşkil edir. Müəllif nədən yazırsa yazsın, onun bütün şeirlərində  doğma yurdun obrazı gözəgörünməz formada da olsa iştirak edir, mahiyyətə çevirilir. O, özünü vətən torpağının, onun təbiətininn bir parçası hesab edir. Doğulduğu kəndi Vətən bilən şair sözdən-sözə, şeirdən-şeirə, mövzudan-mövzuya püxtələşir, bütöv Azərbaycanı, türk dünyasını Vətən kimi tərənnüm edir.  

 Onun “Azərbaycan”, “Vətəndir”, “Xocalı üçün elegiya”, “Gəzəydim”, “Xınalıq”, “İlisuda yaz” kimi şeirlərində vətənin tərənnümü şairlikdən çox vətəndaşlıq  səviyyəsindədir. Böyük rus ədibi N. Nekrasovun “Sən şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan” fikri sanki bu şeirlərdən qırmızı xətt kimi keçir:

 

Bu vətən deyilən torpaq deyil ki,

Ananın dizinin yanı – vətəndir.

Baçını qoymağa bir sinə varsa,

Ruhuna beşiksə, tanı, vətəndir.

 

Vətəndaş  olmadan vətəni “ananın dizinin yanı”, “baş qoyulacaq tək sinə”, ruhunun dolaşdığı məskən” kimi görmək mümkün deyil və şair bu həqiqəti vətənə aid bütün şeirlərində qoruyur. “Şəhid nəğməsi”ni belə astadan oxumağı tövsiyə edir ki, güllə gücünə sükuta dönənlər, addım səsinə diksinməsinlər. O, şəhid məzarlarını vətən istehkamı kimi görür, onların uyuduğu məkanı,vətən torpağını baş əyiləcək müqəddəs ünvan sayır:

 

Millətə diz çöküb baş əymək üçün,

Şərəfli, müqəddəs ünvan verdiniz.

 

Müəllif “Xocalı üçün elegiya” deyəndə də, “Sön döyüşə hazır ol” çağırışı edəndə də, “Al bayrağım”ıza boylanıb iftixar hissi keçirəndə də böyük mənada Vətəni düşünür, onun ağrı-acılarını hiss edir, Azərbaycan əsgərinin zəfər gətirən addım səslərini düyur, onları tərənnüm edir. “Min illərdir içimiz rənglərini göyərdir”, “ağaclar güllələndi”, “buludların su daşıyır, qəm yuyur” (“Xınalıq”), “möcüzə dağların buz heykəlləri” (“Xızıda qış”), “bahar darıxıbmış qış yuxusunda” (“İlisuda yaz”) və s. kimi bədii tutumlu poetik ifadələrdən ustalıqla istifadə edir.

Ədibin təbiət şeirləri ( “Qayada bitən çiçək”, “Bal çiçəyi”, “Danışan daşlar”, “Güllərin lala vaxtı”, “Qaxda yay yağışı”, “Göygölüm”, “Qubada payız”, “Rənglərin balladası”, “Leysan yağışı”)   vətənlə bağlı duyğuları tamamlayır və müəllifin yaradıcılığında təbiət özünəməxsaus poetik həyat yaşayır. Onun qayada bitən çiçəyini “yağış döycələyir”, “gün yandırır”. O, qayada bitən çiçəyi dağ yelinin, sel-suyun aparacağından narahatdır. Ədibin “Bal çiçəyi” isə “arılar içərisində bircəciyini” gözləyən xoşbəxtlərdəndir. Onun Kazan şəhərində gördüyü daşları “danışır və “türkün ayaq izi dəyən” vətəni xatırladır. Müəllif “Güllərin lala vaxtı”nda təbiətlə baş-başa qalır, onunla ürəkdolusu söhbət edir:

 

Səhər nəsimiylə verib baş-başa,

Yenə danışırsan olub-qalandan.

Hüdudsuz çöllərdə qısılıb daşa,

Kimi gözləyirsən ətəyində qan?

 

Qoy qanın mən olub dərib də səni,

Aparıb saxlayım gözümün üstə.

Gizləyə bilmirəm könlüm deyəni,

Sənin də qəlbindən nə keçir istə.

 

Diqqət etdikdə bu iki bənddə böyük bir poetik mənzərənin şahidi olur, M.Nağıqızı poeziyasının təbiətlə həmahəng olan təbii çalarını görürük. Onun təbiətlə bağlı şeirlərində dodağnı dayadığın sərin bulaqlar sənə nəsə pıçıldayır, kölgəsinə sığındığın ağaclar həmsöhbətinə çevrilir, boylandığın dağlar əzəmətindən sənə pay verir. Şairin təsvir etdiyi təbiət müəllifin özü kimi qayğılı (“mən tək qüssədən əzilib”) və ümidlidir (“yaz gələr, yenə dillənər”).  Bir sözlə, M.Nağıqızının təbiətlə bağlı şeirlərində müəllifin şəxsi ovqatı ilə təbiətin ovqatı arasında bir həmahənglik, uyğunluq duyulur. O, dağların, meşələrin, gölələrin, güllərin dili ilə də milli ruhun xarakterini çatdırmağa çalışır.

Təbii ki, oxucu həmişə zamanla səsləşən şeirlər arzusunda olur. Bunu nəzərə alan A.Məmmədov yazırdı: “Ürəkdən gələn, səmimi, həssas şeirə oxucu da həssas yanaşır”. Yaxud, böyük L.Tolstoy qeyd edirdi ki, sözləri elə işlətmək lazımdır ki, hər söz hamıda uyğun və dəqiq anlayışlar yaratsın. Əslində poeziya insan ruhunun güzgüsüdür və xoş niyyətlə yazılmayan şeir bu güzgüdə öz əksini tapmır, oxucunu da öz arxasınca apara bilmir.

Qafiyələri yaxşı” toxumaq” hələ şeir yazmaq sayıla bilməz. Şairin gücü özünü , öz mənəvi aləmini ifadə etmək bacarığında, bədii təsvir vasitələrinin inandırıcılığında, şəxsi keyfiyyətləri poetik dillə anlatmaq qabiliyyətindədir.  Ümumilikdə, poeziyaya  baxış müxtəlifdir. Sənin üçün maraqlı olan, səni cəlb edən bir şeir digəri üçün maraqsız da ola bilər. Şeir kütlə üçün yazılmır. A.S. Puşkinin “Şair və kütlə” şeiri var. Müəllif kütlə içərində önu duyan adamın ona “şairdir” deməsini rəğbətlə qarşılayır, nəinki bütün kütlənin bütünlükdə ona şair kimi baxmasını. Çünki, kütlə qəbul  etdiyini sabah qəbul etməyə də bilir.

 Əsil şair ən kişik detalı, gündəlik məişət halını poetik  palitrada verməyi bacarmalıdır. Amerikanın qitə kimi kəşfi X.Kolumbun, A.Vespuççinin adı ilə bağlıdır, amma Drayzerun, M.Tveninin, Heminqueyin əsərlərində o yenidən kəşf olunur, yenidən tapılır. Yəni ədəbiyyatın “kəşfetmə” imkanları daha geniş, daha dərin məzmunludur. M.Nağıqızının şeirlərini oxuduqca həm müəllifi, həm də şeirlərin mövzu dairəsini ayrıdan kəşf edir, daha da yaxından bağlanırsan. O, sanki, bütün şeirlərində şair olmaqdan çox, səmimi olmağı, qələminə hörmət etməyi qarşısına məqsəd qoyub. Tanrıdan, dünyadan, vətəndən, təbiətdən yazanda da, öz döğmalarına adlı-ünvanı şeir həsr edəndə də müəllif öz ampulasında qalır, sözə xəyanət etmir.

Tanrı, dünya, ümid, inam və s. kimi mövzularda yazılan “Tanrı yolu”, “Bu dünya”, “Dünya”, “Kainatın şeiri”, “Gedim, bu dünyadan gedim”, “Vaxtı Tanrı verir”, “Əshabi-Kəhf”, ”Tövbə qapısı” şeirləri bir növ müəllifin özünün özünə hesabatı, min illərdir cavabı tapılmayan suallara cavab tapmaq istəyidir. Məsələn, klassik məsnəvi formasında olan “Tanrı yolu” adlı şeirində o, min illərdir verilən suallara cavab tapmaq,  Adəm-şeytan münasibətlərinə işıq salmaq istəyir. Bu sualların cavabının “Ümmil-Kitab” da olduğuna inanır.  Dünyaya ünvanlanan bütün şeirlərində ədib dünyanı dərk etməyə, onu xəyali yozumlarla olsa belə anlamağa çalışır və yekun olaraq bu qənaətə gəlir: 

 

Mahirə, söylə ki, bizlərə qalan,

Bir addı, onun da suçlusu dünya.

Müəllif dünyanı yaxşı mənada suçlu bilsə də, inanır ki, insanı ölümündən sonra dünyada saxlayan yaxşı ad, gözəl əməllərdir.

M.Nağıqızı yaradıcılığının böyük bir qismini adlı-ünvalı şeirlər və bayatılar təşkil edir. “Həsən Mirzə yaşayır”, “Atama”, “Qardaşım Vəliyə”, “Özümə məktub”, “Camalım”, “Bənzəyir”, “Balaca Əliyə”, “Balaca Pərvanəyə”, “Olmasaydın, yaşamazdım”, “Yarısın”, “Çıxasan, “Nazlı, Nazlı”, “Zəlimxan”, “Məryəm”, “Anama”, “Anama gəldim”, “Ayanın şeiri”, “Əminəm”, “Könülə”, “Leyla”, “Mahirə üçün şeir”, “ Şirindir”, “Süleymanın oxşaması”, “Anamla söhbət” kimi şeirlədə bir daxili səmimiyyət, narahatlıq, qayğıkeşlik, Azərbaycan ailə sisteminə köklü bağlılıq duyulur. O, anasına, qardaşlarına, atasına həsr etdiyi şeirlərdə nə qədər məsuliyyətli və müdrikdirsə, balaça fidanlara – nəvələrə aid şeirlərində bir o qədər də sadə, şirin və “körpə” dillidir. Yəni o, şeirlərində müəllim kimi böyüklə-böyük, uşaqla uşaq kimi danışmağı bacarır.

 

Hərəmizdə bir arzusu yaşadı,

Özü isə zaman-zaman qocaldı (“Anama”).

 

Millətinin, rəhbərinin əsgəri,

Adın-sanın layağıdır qardaşım (“Qardaşım”).

 

Yenə də bibisindən,

Şeir istədi Camal:

Mənə maşın-filan yox,

Mağazadan şeir al!  (“Camalım”) və s.

 

M.Nağıqızı şeirlərində bir ana xətt də özünü göstərir, sanki o, həmişə Vətəndən narahatdır:

 

Vətən, gedəsiyəm səni,

Gedəndə kimə tapşırım?

Qərib eldə buludumu,

Görəndə kimə tapşırım.

 

Bu narahatlığa baxmayaraq onda vətən övladlarına, Azərbaycan əsgərinə, onun Ali Baş Komandanına böyük inam var və bu inamın kölgəsində də o narahatlıq əriyir, görünməz hala gəlir.

Təbii ki, masamın üstündə olan 4 kitab haqqında 40 səhifə də, bir monoqrafiya da yazmaq olardı. M.Nağıqızının şeirlərinin mövzu dairəsi, bədii tutumu və poetik mənzərəsi hər bir kəsə bu imkanları tanıyır. “Şeir kimə lazımdır və indi onları kim oxuyur?”sualı verənlərin zamanında “Poeziya sözlərin musiqisidir” (T.Füller), “Poeziya incəsənətin ən ali növüdür” (Belinski) aforizmlərinə inanmaq, ruhumuzu silkələyən, bizə zövq verən şeirləri təhlil və təbliğ etmək qələmimizin və boynumuzun borcudur.  

Yazının başlanğıcında böyük şairimiz B.Vahabzadə ilə bağlı formulanı M.Nağıqızı ilə bağlı belə ifadə etmək istərdim:

 

Alim Mahirənin hər bir sözünə,

Şeirdə don biçir şair Mahirə.

 

Adil Həsənoğlu (Balıyev), ADPU-nun müəllimi