Rəsmi Moskva: Yaponiya ABŞ-la sıx əməkdaşlıq edərək yenidən hərbiləşir
Rusiya xarici işlər naziri Sergey Lavrov Tokionun Moskvaya qarşı hazırkı siyasətini tənqid edib.
Adalet.az-ın xəbərinə görə, Lavrov yerli dövlət televiziyasına müsahibəsində sabiq Baş nazir Sindzo Abenin xələflərinin Yaponiyanı yenidən hərbiləşdirdiklərini və ABŞ-la daha sıx koordinasiya siyasəti yürütdüklərini bildirib.
O, Filippində ASEAN forumunda Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə dialoqu haqqında da danışıb. Lavrov yapon həmkarının kiçik bir dialoqu “regional və qarşılıqlı məsələlərin müzakirə olunması” kimi təqdim etməsindən təəccübləndiyini vurğulayıb.
“Mən təəccübləndim. Çünki bu rəsmi ziyafət çərçivəsində oldu. Uzun bir masa var idi və bütün nazirlər əyləşmişdi. Mən sadəcə onun əlini sıxdım və biz öz yerimizdə əyləşdik. Onlar isə bunu “ikitərəfli və regional məsələlərin müzakirəsi” kimi təqdim edirlər”, - Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri Yaponiyanın biznes nümayəndə heyətinin bu yaxınlarda Moskvaya səfərinə də toxunub. Onun sözlərinə görə, nümayəndə heyətinin üzvləri açıq şəkildə bildiriblər ki, Yaponiya rəhbərliyinin Rusiya ilə heç bir layihəni müzakirə etməmək barədə qəti göstərişi var.


Bakı -°C

