27 Oktyabr 2023 11:09
493
GÜNDƏM

Rəşid Mahmudov: “Onlar da vətənimizin bütövlüyü uğrunda şəhid oldular...”

“Bərdə terroru da digər faciələr kimi yaddaşımıza qanlı hərflərlə yazıldı. Ermənilər tarix boyu bizə xəyanət ediblər, soyqırım törədiblər. 1905-ci ildə törətdikləri soyqırımlarda da körpələri qətlə yetirirdilər. Ondan sonra Xocalıda, Gəncədə və Bərdədə də bunu təkrar etdilər”

Bunu Adalet.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib.

R.Mahmudov Vətən müharibəsində əldə etdiyimiz qələbəni hələ də ermənilərin həzm edə bilmədiklərini bildirib:

“Xankəndində, Şuşada oturub bizə nota verirdilər. Elə bilirdlər ki, Gəncəni, Bərdəni vurmaqla bizi susduracaqlar, amma bu mümkün deyildi. Xalq bir oldu, dövlət başçısının ətrafında birləşdi və biz bütövləşdik. İndi Bakıda həbsdə saxlanılan erməni terrorçuları törətdikləri bu qətliamlara görə cavab versinlər. Niyə rəngləri saralıb? Elə bilirdilər ki, onları heç vaxt həbs etməzlər? İlahi ədalət deyilən bir şey var. Allah heç vaxt o qadınların, ahılların, körpələrin ahını yerdə qoymayacaq. Bərdə terrorunda yaxınlarını itirən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Onlar da vətənimizin bütövlüyü uğrunda şəhid oldular”. 

Qeyd edək ki, Bərdənin 2020-ci ilin 5, 8, 27, 28 oktyabr tarixlərində və 7 noyabrda raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər qəsdən öldürülüb.

26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

Vasif Əlihüseyn