adalet.az header logo
  • Bakı -°C
29 Iyun 2026 09:21
72
ƏDƏBİYYAT
A- A+

Reqlamentsiz reqlament - Pərvanə Bayramqızı  yazır

Eyni hallarla təkrar qarşılaşdığımızdan bəzən bir mövzuda bir neçə dəfə yazmalı oluruq. Adamların ən adi, lakin ən vacib etik qaydalara riayət etməməkləri təəssüf doğurur. Dinləmə mədəniyyətinin olmaması ən pis cəhətlər sırasındadır. Məhz buna görə çox vaxt söhbətdən qaçırıq. Səs-küylü söhbət ən pinti ünsiyyətdir. Danışanı dinləməməkdən betəri (bəzən fikrin uzaqlara getdiyindən diqqətin onda olmaya bilir) onun sözünü kəsmək, ağzını açmağa imkan verməməkdir. Demək olar ki, bu çatışmazlıqdan yorulmuşam, ona görə də çox vaxt çox yerdə danışmıram. Ümumiyyətlə, dörd-beş nəfər bir yerə yığılanda bəribaşdan "müşahidə kameramı" işə salıb gözləyirəm. Bilirəm ki, bu dəqiqə hamısı xorla danışacaq. Biri digərinə "sən sus, mən danışım", "sənin həyatın mənə maraqlı deyil", "mənim söhbətim səninkindən vacibdir" kimi fikirlər ötürən davranış nümayiş etdirəcək. Çoxdanışanların arasında demək istədiyim nə varsa, dilimdə qalacaq, fikrimi axıra çatdırmamış kimsə öz sözünü söyləməyə ya can atacaq, ya da birbaşa ortalığa özü atılacaq. Yaxşısı, bəribaşdan dinləmə mədəniyyətindən uzaq insanları seyr edib müşahidə mətnlərini genişləndirməkdir.

Çoxdanışan adamlar öz nitqlərindən zövq alırlar. Məşhur ifadə ilə desək, nə oturana, nə də durana yer verib dil boğaza qoymayanlar elə bilirlər, dünyanın ən mahir natiqi odur. Özü danışanda hamıdan susmaq tələb edən başqası danışanda ya araya söz qatır, ya durub harasa gedir, ya da telefonu çıxarıb ona baxır. Yanındakı danışdığı vaxt o da başqası ilə söhbətə başlayır. Dinləmə qabiliyyəti olan da bilmir kimin dastanına qulaq assın. Süfrənin başında biri çıxış edir, aşağı tərəfində isə ikisi. Üzbəüz əyləşənlər də özləri dialoqa girirlər. O bunun, bu da onun sözünü kəsir. Bu cür rəftar açıq-açığına “mən eqoist və ədəbsizəm, heç kəsin fikrini dinləmirəm, mən sizdən yaxşı danışıram” deməkdir.

–    Filankəs, çıxışı qısa elə!

Filankəs pərt olub fikrini sona çatdırmamış əyləşir. Onu susduran özü təzədən sözə başlayır. Bu dəfə hövsələsiz biri o başdan çağırır:

–    Mənə də söz verin. 

Qısa çıxış tələb edən bərkdən deyir:

–    Yox ee, hərə bir dəfə danışmalıdır, sən bayaq danışmısan.

Adamlar ona “bəs özün beş-altı adamın yerinə niyə danışırsan” deməyə utanırlar. Görürlər ki, bunu deməyin faydası yoxdur, o “yalnız mən!” iddiasındadır, yersiz danışmaqdan utanmır, üstəlik başqalarının gözlərinin içinə baxa-baxa: “reqlamentə əməl edin” deyir. Adam danışmadan, söz kəsmədən yaşaya bilmir. Susmalı olduğu məqam çatanda da məclisi tərk edir.

Heç olmasa tədbirlərdə bu iş nisbətən sistemləşdirilir; yerdən danışanlar olsa da, çıxışlar qaydaya salınır, hər kəs sırasını gözləyir, digər yığıncaqlarda isə ağız deyəni qulaq eşitmir. 

Verilişlərdə də bir-birinin çıxışına müdaxilə edənlər olur. Ən çox danışan ən az danışanın vaxtına girir. 

Hansı verilişdə iştirak etmişəmsə, qonaqların çıxışını səbirlə dinləmişəm. Onların fikirlərinə aid demək istədiklərim olsa da dinləmə mədəniyyətimin əleyhinə gedib sözlərini kəsməmişəm. Heç kimin vaxtını alıb fikrini yarıda saxlamağına səbəb olmamışam. (Bu mədəniyyətimi efirdən kənar yerlərdə də qoruyuram) Hətta mənasız danışan adamın da sözünü kəsmirəm. Ədəbsizlik sayıram. Təəssüf ki, özüm hər yerdə bunun əksini görmüşəm. Köşələrimdən bir neçəsi bu mövzudadır. İştirak etdiyim verilişlərdə, tədbirlərdə, qonaqlıqlarda ən az mən danışmış oluram. Verilişlərə bütöv baxanda hər şey aydın olur, kadrlar sözlərimi təsdiqləmək üçün əla sübutdu. Sanki verilişin əvvəlində, bir də sonunda danışmağa gedirəm. 

Başqası danışdığı vaxt mənim də ağlıma fikir gəlir, deməyə sözüm olur, amma sıram olmadığından dinmirəm. Elə ki, mən çıxışa başladım, digər iştirakçılar imkan vermirlər. Belə məqamda əsəbiləşirəm, mənim əsəbiləşməyimsə çığır-bağırla, kobud ifadələrlə yekunlaşmır, qanım bərk qaralır, danışmağa həvəsim ölür. Yalnız özümə zərər vururam. Ona görə də əsəbiləşmişəm deyəndə mənə inanan olmur. Hirslənməyin əlamətlərinin heç biri məndə zahirən duyulmur. Təkcə özüm hiss edirəm. Qarşıdakı adamsa özü yorulub susanacan danışır. Söylədiklərinin kimə nə dəxli olub-olmadığının fərqində olmur. Belə hallar həm ovqatımı, həm də səhhətimi korlayır.

Bunları yazmaqda məqsədim özümü tərifləmək deyil, bu, bir növ müraciətdir. Xahiş kimi qəbul edilsin. İstədiyim budur ki, belə adamlar bu cür davranışla başqasının narahatlığına səbəb olduqlarından çox özlərinin ədəbsizliyini sübut etdiklərini bilsinlər və bir də belə etməsinlər. Belə bir mətnin yazılmasına səbəb olanlar var... hamısı da ali təhsilli, elmli, istedadlı və s. adamlardı.