“Çağırır torpağım, çağırır anam...”
Hicran bu şeiri səkkizinci sinifdə oxuyanda yazıb. Çörək almağa gedəndə. 1985-ci ildə, hardasa...
Ölümündən beş gün əvvəl bu şeiri xatırlayıb, votsapdan səs atıb xalası qızına. 30 may günü. 4 iyunda Hicran yox idi. 2026-cı ildə, dəqiq...
Hicran çörək almağa gəlməmişdi dünyaya. Şeir, esse, hekayə yazmağa, redaktə etməyə, başqalarının mətnini abıra salmağa təşrif buyurmuşdu. Mən onun yeniyetmə çağını görməmişdim, amma əminəm ki, bu şeiri yazanda da üzündə təbəssüm olub, onu ölümqabağı xatırlayıb votsapla xalası qızına səsli yollayanda da.
Hicran hər şeyə şükür edirdi: vara, yoxa, aza, çoxa, bəlkə, şükür etməyinə də.
Heç kəsi incitmədi və hamıdan razı getdi. 27 il “Ulduz” jurnalında çalışdı.
Hər nömrəni son cümləsinədək oxuyurdu.
Hər sözün üstündə əsirdi.
Hər ad günü iş yoldaşlarına hədiyyə alırdı.
Hər ağrıları artanda işdən çıxmaq üçün ərizə yazırdı.
Hər kəsin tayı deyildi: gözütox, qürurlu.
Son paylaşmalarında məndən sitat gətirib: “Təsəlli --xilasetmə kəməridi, onu taxmamış ömür sürmək olmaz”.
30 dekabr 2025-ci ildə redaksiyada Yeni ili qeyd eləmişdik, onu da paylaşıb, Azərbaycan mətbuatının 150 illik yubiley medalını almağını da. Hamısında da gülür.
“Dünya özü boyda sual əvəzliyidi və bütün əvəzlikləri əvəz edir”. Bu da Hicranın son yazdıqlarındandı. Heç kəsin əvəz etmədiyi Hicran Hüseynovanın...
Qulu Ağsəs
Hicran Hüseynova
×××
Açılır ömrümün səhifələri
hələ oxunmamış bir kitab kimi…
Açılır həyata şux ləçəkləri
hələ qönçə olan bir çiçək kimi…
Bəlkə, ucalacaq göylərə qədər
indi qönçə olan bu şux ləçəklər.
Bəlkə, əziləcək, tapdanacaqdı…
bir anda solacaq, məhv olacaqdı…
Yox, məhv olmayacaq mənim həyatım!
Arzular olacaq mənim qanadım.
oxumaq həvəsi, yazmaq həvəsi
bütün kainatın qəlbinin səsi.
Çağırır həyata, çağırır inam
çağırır torpağım, çağırır anam.
İnam… inamdakı qüvvəyə inan
yaşadır insanı, yaşadır inam.


Bakı -°C

