adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
28 Fevral 2023 13:24
1593
MÜSAHİBƏ

Rejissor Elvin Mirzəyev: “Əlində pul olanlar bəlkə də yaxşı film necə olmalıdır, bilmirlər” – MÜSAHİBƏ

Elvin Mirzəyevlə kitabımın təqdimatında tanış olmuşduq. Açığı, o zamanlar ağlımın ucuna da gəlməzdi ki, onunla birgə hansısa işdə birləşəcəyik. Bir gün Elvin bəy mənə hazırlamaq istədiyi tamaşada musiqi sözlərini yazmağı təklif etdi. Heç vaxt belə bir təcrübəm olmasa da, nədənsə gözüyumulu razılaşdım. “Bir dəfə Qarabağda” adlı etno-müzikl tamaşanın yaradıcı heyətində yer aldım. Tamaşa ərsəyə gəldiyi müddətdə Elvini daha yaxından tanıdım. Yapışdığı işə necə can yandırması, necə şövqlə işləməsi, teatrdan, filmdən danışanda gözlərinin parıldaması...

Sizə Elvin bəylə söhbətimizi təqdim etmək istəyirəm. İstədik ki, müharibə mövzusunda çəkilən və ya hələ də çəkilməyən filmlərimizdən danışaq.

- Elvin bəy, hansı yeni filmlər üzərində işləyirsiniz?

- Bu dəqiqə əlimdə iki ssenari var, gözləyirəm. İkisi də azbüdcəli ssenaridir. Cəmiyyət üçün lazımlıdır. Müharibədir mövzu. Kütləvi döyüş səhnələri yoxdur, böyük maliyyə tələb olunmur, minimal gücə hesablanıb. Amma çəkə bilmirəm. Çünki sponsor yoxdur.

- Bizim cəmiyyət üçün müharibə mövzusu biraz qapalıdır. Azərbaycan insanının düşüncəsində müharibə filmi kütləvi döyüş səhnələrindən ibarətdir. Bu yaxınlarda Vaqif Mustafayevin çəkdiyi “Həyat deyəsən gözəldir” filmi müzakirələrə səbəb oldu, birmənalı qarşılanmadı. Öyrəşdiyimiz müharibə filmi deyildi. O filmə baxmısınız?

- Vaqif Mustafayev canlı karifeylərimizdən biridir. O adamın öz üslubu, baxış bucağı var. Məncə sifariş olunan zaman sifariş verdiyin tərəfin potensialını bilmək lazımdır ki, bu adam istənilən halda bu səpkidə film çəkəcək. Vaqif Mustafayevin üslubu şəxsən mənim çox xoşuma gəlir. Özünəməxsusz manerasını sevirəm. Ondan başqa film gözləmək ağılsızlıq olar. Siyavuş Aslan dünyasını dəyişməmişdən öncə ona sual vermişdilər ki, siz faciəvi obrazda çəkilə bilərsiniz? O da cavab vermişdi ki, əlbəttə, oynaya bilərəm, amma gülməli olacaq. Hətta mən onu “Hamlet” tamaşasında Polonini oynayırdı, o Poloni olaraq səhnəyə çıxanda bütün zal gülürdü. Özünəməxsus Poloni idi, heç kəsə bənzəmirdi, faciənin içində idi, amma səhnəyə çıxanda gülüş doğururdu.

-Sizcə müharibənin yeni bitməyi bu mövzuda filmlərin gecikməyi üçün səbəb ola bilər?

- I Qarabağ müharibəsindən 30 il keçib, bir-iki filmdən başqa ciddi bir iş yoxdur. 30 ilə film çəkmək olmazdı?

- Biz niyə müharibənin arxa pərdəsini göstərməyə cəhd etmirik?

-Mənə elə gəlir ki, hər şey ssenarilərin təsdiqlənmə mərhələsindən başlayır. Yəni artıq istehsalata buraxılan material özü əvvəlcədən öz müqəddəratını həll edir. Düşünürəm ki, seçimdə dayanan insanlar, onların zövqləri, riskləri gözə alması. Məsələn, uğur qazanmış elə Hollivud filmləri var ki, baxanda demişəm, bunu Azərbaycanda çəkməyi təklif etsən, qəbul olunmayacaq. Soruşacaqlar, n qədər sual verəcəklər, “bu reallıqda belə deyil axı” deyəcəklər. Ssenarini o qədər silkələyəcəklər ki, axırda içərisində mündəricat qalacaq, canı qalmayacaq. Mənim çəkilməmiş nə qədər mövzularım var. Hansı ki mən onları saxlamışam, bəlkə nə vaxtsa bəxti açılar. Məsələn, Kusturitçanın “Undergraund” filmi kimi məndə bir iş var və post-sovet dövrünü özündə əks etdirir. Amma mən onun sinopsisini oxuyanda deyirlər ki, sən canın, lazım deyil. Qorxurlar, ənənəvi mövzu deyil deyə. Mənə elə gəlir ki, hər şey bax o seçimdən başlayır. Amma düşünmürəm ki, onlar yaxşı film çəkilməyini istəmirlər. Sadəcə bəlkə də yaxşı ssenari nədir, necə olmalıdır, bunu bilmirlər.

- Bəlkə bu tələbat məsələsidir?

- Bunu kim müəyyən edir? Azərbaycanda hansı statistika var ki, desin, filan qədər faiz bu fimlərə baxır, filan qədər faiz başqa. Bazara nə çıxarılırsa, onun da müştərisi tapılır. İnanmıram ki, seçim olduğu halda bu filmləri seçməsinlər.

- “Pianoçu”, “Zolaqlı pijamalı uşaq”... Bu filmlərə baxırıq, sevirik, amma özümüzkülər çəksə, daşa basarıq. Niyə özümüzdə görə bilmirik, amma kənardakıları həzm edə bilirik?

-Ümumiyyətlə, qəbullanmaq çox çətin məsələdir. Cek Nikolson həyatının müəyyən bir mərhələsində etiraf etmişdi ki, mənim bacım əslində anamdır. Mənə elə gəlir ki bizdə qorxu var. Yaradıcı mühitdə olan insanlar bu qorxudan çıxmalıdırlar, qəbullanmalıdırlar ki, mən buyam. İnsan özünə bunu etiraf edə bildikdə problem aradan qalxacaq. Qorxuruq ki, bunu belə edərəm, məni qınayarlar, çörəksiz, işsiz qalaram. “Sən Allah işin yoxdur”, “Nəyinə lazımdı, iki uşağın var” kimi sözlər gətirib buna çıxarır ki, risklər minimallaşır, addım atmağa qorxursan.

- Sizin çəkmək istədiyiniz filmdə oynayacaq potensialda aktyorlar var?

- Aktyorlar var əlbəttə ki. Aktyor potensilı nədən yaranır? Çox vaxt “bizim katyorlar süni oynayırlar” deyirlər. Bunlar hamısı məhsulun olmamağından irəli gəlir. Aktyoru saxlaya biləcək məhsul yoxdur. Ən orta aktyor belə yaxşı filmin içərisində yüksək əyarlı görünə bilir. Eynilə də ən yaxşı aktyor da ən pis filmin içində it-bat ola bilir. Mənə elə gəlir ki, bütün komponentləri meyarlara cavab verən film yoxdur. Komanda, institut yoxdur. Sistem axsaqdır. Xatirələrə qapanmışıq. Elə hey deyirlər ki, Sovet vaxtı belə deyildi, elə idi. Həmişə müqayisə edəndə Sovetlə müqayisə edirlər, dünya ilə yox. Hansı ki Sovet dönəmi də, onun hər şeyi də süqut edib. Və nədənsə o adamlar həlledici mövqedə dayanırlar, insanın müqəddəratını həll edirlər. Elə edirlər ki, sənə heç vaxt film vermirlər. Dəfələrlə olub, bir proyektin içində olmuşam, bir müddətdən sonra proyektdən uzaqlaşdırılmışam. Sözlərimmi xoşuna gəlməyib, dostları deyilləmmi, ya hansısa təklifimmi bəyənilməyib, bilmirəm.

- Film həm də ideoloji silahdır...

-Bəli. Düşünürəm ki, bugün Türkiyənin də bugün dünyada artan nüfuzunda türklərin çəkdikləri filmlərin, serialların rolu var.

- Necə ki Sovet dövründə belə idi.

-Gürcü filmləri... Otar İosseliani, Tenqiz Abuladze kimi rejissorlar. Onların özünəməxsus ənənəsi, mesajları var. Dünyada tanınırlar. Avropa festivallarında nümayiş olunub filmləri. O ənənə ki bu dəqiqə İran, Koreya, Yaponiya, Polşa filmlərini dünyaya çıxarıb. Bizim Sovet filmlərində o yoxdur. Məsələn, hansı filmlər var? Tenqiz Abuladzenin “Ümid ağacı” filminə baxın, əsl gürcü kinosudur, gürcülərdir. “Nadir və Simin ayrılığı”nda nə qədər iran ənənəsi var, fransız filmlərinə oxşayır, amma iranlılardır. İrana aiddir, amma dünyəvidir.

- Sənədli film yaradıcılığınızı öldürmür ki? Məsələn, ola bilər, sənədli filmdə istifadə etdiyiniz hansısa detal sizə bədii filmdə lazım ola bilər.

-Gördüyüm bütün işlər daxılıma gedir. Sənədli filmlər mənim məşqlərimdir, gələcəkdə çəkəcəyim daha böyük işlərə hazırlığımdır. Son dövr çəkdiyim sənədli filmlər tariximizlə, milli kimliyimizlə bağlıdır. Dağılmış Cəbrayılla, Şuşayla, Ağdamla bağlıdır. Mən bu filmləri çarəsizlikdən çəkmirəm. “Qafqazın inciləri”ni işləməsəydim Sufiliyin ən bariz nümunəsi olan Kələxana türbələrini o cür görə bilməzdim.

“Əli və Nino”da dənizdə səhnə var idi, dekabrın 24-də yay səhnəsini çəkirdik, bərk xəstələndim. İstəyirdim ki çəkiliş bitsin, evə gedim. Evə getdim, dedim, ay Allah, qələt eləmişəm, birdən məni eşidərsən, etmə! Çünki mən çəkilişsiz, məşqsiz, kamerasız qala bilmərəm. Evdə anam da bezib məndən. Deyir, çörəyini ye, deyirəm, filan aktyor belə oldu, elə oldu (gülür).

Eminquey