adalet.az header logo
  • Bakı -°C
06 Iyul 2026 09:14
97
SİYASƏT
A- A+

“"Allahu Əkbər" kəlməsini Qərbdə qorxu, vahimə, qəddarlıq siqnalı kimi təqdim ediblər”

“Bir çox zərərli cərəyanlar başqalarının fikirlərini, ideyalarını, metodlarını oğurlayıb təhrif edərək öz məqsədləri üçün istifadə edirlər. Hətta tarixi şəxsiyyətlərin obrazı ətrafında formalaşmış auradan da manipulyasiya nəticəsində bəhrələnirlər. "Allahu Əkbər" İslamın ibadət ayinlərinin tərkib hissəsidir və bu rədifdə klassiklərimizin şeirləri də var. Ancaq müəyyən radikal qruplar dünyanın müxtəlif yerlərində müxtəlif hadisələr törədərkən bu sözdən şüar kimi istifadə edərək "Allahu Əkbər" kəlməsini Qərbdə qorxu, vahimə, qəddarlıq siqnalı kimi təqdim ediblər”. 

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

Onun sözlərinə görə, halbuki müsəlmanın namazı bu kəlimə ilə başlayır və o söz deyilib ibadətə daxil olunduqdan sonra şəxs özü də ətrafındakılar da amanda sayılır:

“Bu mənada "Allahu Əkbər" (Allah böyükdür) sözü sülh, aman, toxunulmazlıq rəmzidir. "Ya Əli", "Ya Hüseyn" özlüyündə gözəl ifadədir, klassiklərimizin bu ifadələrin də işləndiyi kifayət qədər poeziya nümunələri var. Şeirdə, ədəbiyyatda belə xitablar mümkündür. Hətta dünyaya, fələyə, dağa, təbiətə də xitablar mümkündür və təşbih, məcaz ehtiva edir. Amma bu xitabın siyasi məqsədlərlə, təfriqə və nifaq niyyəti ilə şüar edilməsi məsələnin mahiyyətini dəyişdi. "Ya Hüseyn", "Ya Əbülfəzl" xitabı ülviyyət, dəstək, məhəbbət rəmzi olmaqdan çıxarılıb bidət, şirk, qərəz, ixtilaf, xurafat, mövhumat və siyasi mahiyyət ehtiva edən şüara çevrildi. Yəni, bir sözlə haqq söz altında batil niyyətlər təzahür etməyə başladı”.

T.İrfan bildirib ki, Həzrət Muhəmməd İslam tarixində ilk məscid dağıdan şəxsdir:

“Çünki o məscidi batil niyyət və məqsəd üçün, təfriqə salmaq niyyəti ilə tikmişdi üzdə müsəlman görsənən münafiqlər. Yaxud bir müddət qəbirləri ziyarət etməyi qadağan etmişdi. Ona görə ki, bütpərəstlik təzə ləğv olunurdu, insanlar boşluğu doldurmaq üçün hələ İslama tam isnişməmişdilər, ara-sıra qəbirdən imdad diləyirdilər. Bir müddətdən sonra İslam mahiyyətini tam ortaya qoyduqda Peyğəmbər ziyarətə icazə verdi. Lakin heç bir pərəstiş, ayin keçirmədən, sadəcə dua edərək ziyarət etməyi buyurdu və özü də nümunə göstərdi. Hətta vəfatından bir neçə gün əvvəl Bəqi məzarlığını ziyarət edərək mərhumlara dua etdi. "Yasin" yaxud "Cümə" surəsini oxuyub tapşırmadı. Əgər belə bir ənənə olsaydı, həmin ölülər üçün Quran oxumağa ən layiq şəxs Peyğəmbər özü idi. O Quranın savabını qazanmağa da ən layiq şəxslər həmin məzarlıqda yatan səhabələrdi. Həzrət Əli Nəhrəvan kanalının kənarında Quranı mükəmməl oxuyan, hətta əksəriyyəti bu kitabı əzbər bilən, özünə ən yaxın mücahidlərdən ibarət 6500 nəfər civarında müsəlman qrupun hamısını qılıncdan keçirdi. Hətta onları dəfn də etmədi, cəsədlərini qurd - quş yedi. Ona görə ki, onlar "Hökm yalnız Allahındır" deyirdilər. Bəyəm bu söz küfr sözdür? Xeyr. Bəs niyə onları qırdı? Çünki Həzrət Əli inanırdı ki, o şəxslər haqq söz altında batil niyyətə qulluq edirlər. Necə ki, indi "Ya Əli", "Ya Hüseyn" şüarı altında nifaq, fitnə, ixtilaf, ekstremizmi yaymağa cəhd edənlər var. Yəmən əsilli yəhudi - fars qarışığı Abdullah ibn Səba İslamı qəbul etdiyini deyib xəlifə Osman zamanında fitnə salmağa başladı. Yəhudilikdə peyğəmbərlərin özündən sonra öz soyundan vəsi, varis təyin edilməsi inancını müsəlmanlar arsında da şübhə formasında yaymağa başladı ki, bəs Həzrət Muhəmmədin varisi kimdir? Beləcə soy baxımından Həzrət Əlini önə çıxarmağa və bu istiqamətdə təbliğat aparmaq yolunu seçdi. "Ricət" öldükdən sonra bəzi şəxslərin bu dünyaya qayıdışı inancını da müsəlmanlar arsında ilk yayan odur”. 

İlahiyyatçı deyib ki, Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində Şeyx Nəsrullah ölülərin dirilməsinə xalqı bu prinsiplərə görə inandırırdı:

“Çünki "Ricət" məsələsi sonra bəzi əqidə və İslam məzhəblərinə də keçdi. Abdullah bin Səbanın məqsədi Əlini ucaltmaq, önə çəkmək deyildi. Tənqidlə, savaşla mümkün olmayanı mövhumatla əldə etmək istəyirdi. İslamın əqidəsini içindən xarab etməyi məqsəd qoymuşdu. Təəssüf ki, buna nail oldu. İmam Əlini öncə İmam, vəsi, vəli, hamıdan üstün obrazda təqdim edib məsumluq, qeybi bilgi özəllikləri isnad etdilər. Gördülər camaatı aldada bilirlər, keçdilər ikinci mərhələyə. Dedilər Əli açıq İmam, gizli İlahdır. Hətta ona ibadət etməyə, səcdə qılmağa başladılar. Onu görəndə səcdəyə qapanıb "Huvə Rabbunəl Ə'la" (O bizim uca Rəbbimizdir) deməyə başladılar. "Ya Allah" əvəzinə küçədə, bazarda, məsciddə "Ya Əli" deyərək təfriqə saldılar. Təbərinin tarixinə və Əhli-Beyt imamlarından nəql olunan hədislərə görə İmam Əli onlara nəsihət etdi, fayda vermədi. Nəhayət əhalinin də etirazını nəzərə alaraq onları bir quyuya doldurub tüstü verdi ki, boğulduqlarını görüb bəlkə tövbə edələr. Lakin etmədilər. Nəhayət İmam Əli onları diri-diri yandırdı. Onlar yanarkən quyudan deyirdilər: "Ya Əli, düz qərara gəlmişik. Sən həqiqətən Allahsan. Əgər Allah olmasaydın bizi yandırmazdın..." Bu zaman Abdullah bin Abbas Həzrət Əliyə etirazını bildirib deyir: "Mən Peyğəmbərdən eşitdim ki, Allahın əzabı ilə cəzalandırmayın. Yandararaq cəza vermək Allaha məxsusdur, gərək onları oda atmayaydın." İmam Əli isə İbn Abbasa qəzəblənərək deyir: "Anan vayına otursun ey Abbasın oğlu, mənə bilmədiyim bir şeyimi öyrədirsən?"İslamla savaşraq qalib gələ bilməyin mümkünsüzlüyünü dərk məkrli qüvvələr içəridən parçalamağa, əqidəni pozmağa, ən azı şübhə toxumu səpməyə başladılar. Əsrlər keçsə də bu ənənələr davam edir. İslam dini, əqidə, mənəvi dəyərlər yaşadıqca xəyanət, məkr, bidət, xurafat, mövhumat da yaşayır təəssüf ki. Ən pisi odur ki, bu cür həqiqətlərdən agah olmayan əksəriyyət çox zaman aldanır, mövhumatı din, xurafatı ibadət hesab edir”.

Vasif ƏLİHÜSEYN