adalet.az header logo
  • Bakı -°C
08 Iyun 2026 10:31
70
SİYASƏT
A- A+

“Pezeşkianın bu yöndəki çağırışları tamamilə ağıla, təcrübəyə, reallığa əsaslanır”

“İran prezidenti Məsud Pezeşkiyan praqmatik, səmimi etiraflarla müşaiyət olunan açıqlama verib. O, dialoq və həmrəylik çağırışı edərək bəyan edib ki, bu gün İran cəmiyyətinin "hər zamankından daha çox" tolerantlığa, dialoqa və həmrəyliyə ehtiyacı var. Bəyanatdan görünür ki, sərt sirkənin yalnız öz qabını çatlatmasını dərk edən Məsud bəy ölkəsində tolerantlığın ağır dərəcədə pozulmasını etiraf edib, hətta tolerantlığa həmişəkindən daha çox ehtiyacın olduğunu bildirib”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

Onun sözlərinə görə, demək tolerantlığa İranda həmişə ehtiyac olduğunu danmayıb:

“Pezeşkian İmam Musa əl Kazımın kəlamlarına istinad edərək qeyd edib ki, cəmiyyət "qəzəb, aqressiya və qütbləşmə vasitəsilə" inkişaf edə bilməz. O əlavə edib: "Bu gün hər zamankından daha çox qarşılıqlı anlaşmaya, fərqliliklərə qarşı tolerantlığa, həmrəyliyə və əməkdaşlığa ehtiyacımız var". Həqiqətən də İran rejimi fərqli yanaşmaya, fərqli fikrə, fərqli dinə, fərqli mədəniyyətə, fərqli məzhəbə, fərqli dilə həmişə aqressiya, düşmənçiliklə yanaşıb. Hətta bu ideologiyanı qonşu və digər müsəlman ölkələrinə də ixrac etməyə çalışıb, müəyyən qədər buna nail də ola bilib. Prezidentin bu çağırışı əsl İslam dəyərlərinə və prinsiplərinə tam uyğundur. Burada nifrət, küdurət və yezidçilik elementləri yoxdur. Bu çağırışda qeyd olunur ki, "həmişəkindən daha çox əməkdaşlığa ehtiyac var, cəmiyyət qəzəb, aqressiya və qütbləşmə ilə inkişaf edə bilməz."Bəli, doğrudur ki, hakimiyyət Əhli Beyt həlimliyi, Peyğəmbər humanizmi və İmam mərhəmətinin əvəzinə Əməvi qəddarlığı, Yezid sərtliyi nümayiş etdirir. Özü də xalqına, digər müsəlmanlara qarşı. Asmaq, doğramaq, hədələmək, terror etməklə cəmiyyət qurmaq, inkişaf etmək olmaz”. 

T.İrfan deyib ki, Məsud Pezeşkianın bu yöndəki çağırışları tamamilə ağıla, təcrübəyə, reallığa və praqmatizmə əsaslanır:

“Düşmənçilik edən iki tərəf zaman keçdikcə bir-birinə bənzəməyə başlayır. Biri-digərinin metodlarını mənimsəyir. İran da həmçinin aqressiya, qəddarlıq, qeyri-tolerantlıq, özündən başqasını rədd etmək, yalnız güc və qanı əsas istiqamət seçməklə İsraili təkrar edir. Yaxud dini - ideoloji düşmən hesab etdikləri Əməvilərin, Müaviyyə və Yezidin metodlarını mənimsəyiblər. Əməvi tarixini öyrənmək üçün artıq kitabları oxumağa ehtiyac yoxdur. Sadəcə İranın seçdiyi anti-İslam, qeyri-tolerant, aqressiv yola, din pərdəsi altında yürüdülən siyasətə baxmaq kifayətdir. Eynilə Əməvilərin təkrarıdır. Hətta başqa müsəlmanları hədəf seçmələri, trol dəstələri ilə söydürmələri kimi detallar belə Müaviyyənin Əhli Beyt yolçulularını söydürmələrinin ənənəvi davamıdır...Bu mənada Məsud bəyin bu kimi çağırışları əslində İran hökumətinin islahı, dünya ilə ayaqlaşması, mədəniləşməsi, müasirləşməsi, İslam dəyərlərinə qayıtması üçün önəmli çıxışlardır. İran xalqı bəlkə də bu gün dünyanın ən məzlum, öz ixtiyarı, seçimi əlindən alınmış məhrum xalqıdır. Çünki ABŞ və İsrail bir tərəfdən hücum edir, rejim də digər tərəfdən zülm edir. Nəticədə Məsud Pezeşkiyanın ifadə etdiyi zülm mənzərəsi yaranır. Göstərilən çıxış yollarına əməl ediləcəyinə, Məsud bəyin çağırışlarına məhəl qoyulacağına isə təəssüf ki, ümid çox azdır”.

Vasif