adalet.az header logo
  • Bakı -°C
10 Mart 2026 10:49
92
GÜNDƏM
A- A+

“Əgər bunu edə bilsəydik, Xocalı faciəsi baş verməyəcəkdi...” - Polkovnik

“Xocalı aeroportuna İrəvandan gündə və həftədə bir dəfə reys gələ bilərdi. Ona qədər Xocalı şəhər polis şöbəsi bütün hadisələrin qarşısını almışdı. Milli Qəhrəman Əlif Hacıyev Xocalı aeroportuna komendant təyin ediləndən sonra orda fədakarlıq göstərməyə başladı”.

Bunu Adalet.az-a açıqlamasında Xocalı polis şöbəsinin ilk polis rəisi, polkovnik Sabir Məmmədov deyib.

O, bildirib ki, Xocalının Meşəli kəndində 10 nəfər Ağdam polisinin əməkdaşı xidmət edirdi:

“Daxili İşlər Nazirliyindən yerli polisə kömək etmək üçün 12 nəfər nüməyəndə göndərilmişdi.  Bilirsiniz ki, həmin vaxt bizim Müdafiə Nazirliyimiz, hərbçilərimiz yox idi axı. Ona görə də polislər və əhalinin köməyi ilə Xocalı müdafiə olunurdu”. 
Polkovnikin sözlərinə görə, Xocalı faciəsindən bir il öncə şəhərin bir çox kəndlərində ermənilər əhaliyə divan tutmuşdu:
“Xocalı hadisəsinə qədər 1991-ci il dekabrın 23-də ermənilər Xocalının Umudlu, Kərkicahan, Ballıca, Malıbəyli, Meşəli və digər kəndlərindən əhalini təmizləmişdilər və hamısında da şəhidlər var idi. Meşəli kəndi Əsgəran ilə Xankəndinin arasında idi və həmin dövrdə Bakıda hakimiyyət davası getməsəydi, idarə olunsaydı, Əsgəran götürülsəydi,  biz Xocalıda dayansaydıq, heç bu hadisələr başımıza gəlməyəcəkdi. Fevralın 25-də gecə saat 23:00-da Xocalıya hücum başladı. Fevralın 26-sı səhər saat 07:00-da hücum bitdi. Xocalı aeportunu itirmək isə xəstənin kislarodunu kəsmək kimi bir şey idi, artıq həyat dayandı”. 

O, bildirib ki, Ermənilərə isə əsasən yaxından kömək edən Rusiyanın 366-cı motoatıcı alayı idi:

“366-cı alayda 1800 hərbçi var idi və onların da əksəriyyəti ermənilər idi. Xocalı işğal olunanda da onların 100-dən çox texnikası həmin hücumda iştirak etdi. 366-cı alay öndə, ermənilər isə arxada Xocalıya hücum etdilər. Sonradan qərar verdilər ki, guya fevralın 24-də alay ləğv edilib, amma bu yalan idi. Nəticədə 613 nəfər həlak oldu. Onun 602 nəfəri sırf Xocalı sakini idi, 11 nəfəri isə mütəxəssislər idi. 50 mindən çox insan əlil oldu. Qarabağın işğalı Xocalıyla Şuşanın işğalına getdi. Xocalıdan sonra Şuşa işğal olundu. Şuşadan sonra bütün yüksəkliklər ermənilərin əlinə keçdi. Ağdamı vurdular və təsəvvür edin ki, Ağdam 6 mindən çox şəhid verdi. Qarabağda nə çətinlik olurdusa hamısı Ağdama gəlirdi. 

Bu müharibə yüksəklik tələb edirdi. Aeroport nədir ki, yüksəklikdən bir-iki top atanda sıradan çıxarmaq olur. Bir aeroportu saxlamaqla şəhəri xilas etmək mümkün olmazdı. Mən daxili işlər nazirinə, o Elman Məmmədov isə Prezident Aparatına müraciət etmişdi. Ermənilər xalqımızın əzmini qırmaq istəyirdi”. 

Sabir Məmmədov 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra torpaqlarımızın işğaldan azad edildiyini bildirib:

“O hadisələrin içində olmağıma baxmayaraq çox çətin bir problem görürdüm. Şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandana öz minnətdarlığımızı bildirməliyik. Orda ordu, xalq birliyi ermənilərə qalib gəldi. Öz gücümüzə qalib gəldik. Çünki vaxtında hərbi sənaye zavodunun işləməsi, texnika ilə təchiz olunması, Müdafiə Nazirliyimizin mükəmməl olması, iqtisadiyyatımızın möhkəmlənməsi qalib gəlməyimizə səbəb oldu. Biz bu gün suveren bir dövlətik. Millət və xalq üçün bundan xoşbəxt gün ola bilməz”. 

Vasif ƏLİHÜSEYN