adalet.az header logo
  • Bakı -°C
06 Mart 2026 10:23
68
SİYASƏT
A- A+

“Bölgə batmayacaq, batmağa namizədin ünvanı bəllidir...” – Politoloq 

“Türkiyənin xarici işlər naziri Hakan Fidan son müsahibəsində İranın hara gəldi raket atmasını nəzərdə tutaraq “mən batıramsa, qoy bütün bölgə batsın” cümləsində haqlı idi. Bircə Türkiyə qalmışdı, İran müharibə əleyhdarı, danışıqlar tərəfdarı olan qonşusuna da raket atdı. Türkiyənin siyasi dairələri və ictimaiyyəti İrana qarşı müharibənin ilk günlərindən ABŞ və İsraili qınayırlar. Ancaq Körfəz ölkələrinə və ardınca Türkiyəyə atılan raketlər qardaş ölkənin mövqeyində dəyişikliyə səbəb olacaq. Fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyinin də strateji müttəfiqimizə dəstək bəyanatının zamanı yetişib”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, İran prezidenti Mesud Pezeşkianın çıxışına da münasibət bildirib:

““Hörmətli dost və qonşu ölkələrin liderləri, sizin köməyinizlə və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq, lakin hərbi hücum bizə özümüzü müdafiə etməkdən başqa çarə qoymadı”. Bunu İran Prezidenti Məsud Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciətində bildirib. “Biz sizin suverenliyinizə hörmətlə yanaşırıq” deyən Məsud Pezeşkian sülhün region ölkələri tərəfindən təmin ediləcəyinə inandığını bildirib. Bu açıqlama ilə Məsud Pezeşkian ölkəsini idarə edən mühafzəkar qrupla fərqini ortaya qoyub. Birincisi, “biz qonşu dövlətlərin suverenliyinə hörmətlə yanaşırıq” deyən Pezeşkiandan fərqli olaraq mühafizəkarlar İsrail və ABŞ-nin hərbi bazaları ilə yanaşı qonşu ölkələrin ərazilərini də hədəf seçiblər. Yəni İran Prezidentinin söylədiyinin əksi olaraq qonşuların suverenliyinə hörmətlə yanaşılmır”. 

E.Şahinoğlu deyib ki, belə vəziyyətdə bölgə ölkələrinin müharibəni dayandıra biləcəyini gözləmək əbəsdir:

“Bütün hallarda Məsud Pezeşkian çətin vəziyyətdədir. O anlamamış deyil ki, İranın ABŞ və İsraillə müharibəni davam etdirmək üçün resursları kifayət etməyə bilər. Əsas mühafizəkarların bunu anlaması lazımdır, ancaq onlar Türkiyənin xarici işləri Hakan Fidanın təbirincə desək, “mən batıramsa, qoy bölgə də batsın” strategiyasından çıxış edirlər. Bölgə batmayacaq, batmağa namizədin ünvanı bəllidir”.

Vasif ƏLİHÜSEYN