07 Avqust 2025 11:42
79
SİYASƏT

EPOXAL DÖVLƏT BAŞÇISI

TAİB sədrinin müavini Eyvaz Hünbətov:Cənab prezident Qarabağ problemini sülh yolu ilə həll etmək üçün uzun illər beynəlxalq ictimaiyyəti, Qərb institutlarını ədalətli münasibətə səslədi. Müxtəlif beynəlxalq platformalardan dünyaya səsləndi, bizim üçün taleyüklü məsələnin ətrafında qurulan oyunbazlıqlara son qoymağa çağırdı. Ədalətə çağırış səsimizi eşitmədilər deyə son vasitə kimi müharibə variantına əl atıldı. Və bu son çarə də illər əvvəldən elan olunmuşdu.      

Prezident İlham Əliyev əslində torpaqlarımızı hərbi yolla azad etməklə əslində ATƏT-in Minsk Qrupunun da BMT-nin də üzərinə düşən vəzifəni həyata keçirdi. Yəni faktiki olaraq BMT-nin 4 qətnaməsi icra olundu - Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxarıldı. O da faktdır ki, müharibənin də məqsədi yeni reallıqlar yaradıb  əbədi sülhə nail olmaq idi. Bu istiqamətdə də Prezidentimiz bu gün də yorulmadan çalışır. Ermənistanın da qəbul etdiyi Sülh sazişi mətninin müəllifi məhz bizim dövlət başçımızdır.

Məgər regional kommunikasiyaların işlək vəziyyətə gətirilməsi, qitələri, dənizləri birləşdirəcək logistik layihələrin reallaşdırılması istiqamətində sistemli çalışmalar, Ermənistanı ticari əlaqələrə, transmilli layihələrdə əməkdaşlığa çağırmaq sülhə xidmət edən addımlar deyilmi?..Odur ki, Ermənistanla aramızdakı müharibəyə son qoyulması, regionda sabitliyin bərqərar olması, bilavasitə Prezident İlham Əliyevin xidmətidir.  Qarşıda yekun sülh sənədi imzalanacaqsa və bu,  mütləq olacaq,  bunun yalnız bir şəriksiz müəllifi  var - Azərbaycan Prezidenti İlham Əliyev!