adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Noyabr 2021 13:05
703
SİYASƏT

"Türkiyənin çalxalanmasını xaricdə marıta yatıb gözləyənlər var..."

Güclü Türkiyə faktoru xaricdəki bəzi siyasi dairələri həmişə narahat edib. Məhz bu dairələr türkofobiya və islamofobiya xofunu uyduraraq, onlardan qardaş Türkiyəyə qarşı siyasi təzyiq kimi  hər zaman istifadə ediblər. İndi isə türk lirəsi hədəfdədir, dollar bəzilərinin əlində rifah göstəricisindən siyasi təzyiq alətinə çevrilib.

Türkiyəni içindən silkələməyə, insanları bir-birinə qarşı qoymağa və sabitliyi kənardan pozmağa  cəhd edirlər. Bunun tək səbəbi var. Böyük Atatürkdən sonra Türkiyə heç vaxt indiki qədər güclü və xarici siyasətində bugünkü qədər müstəqil olmayıb. Qərbdəki məlum ünvanlara isə güclü və müstəqil yox, zəif və sözəbaxan Türkiyə gərəkdir. Noyabrın 12-də İstanbulda Türk Dövlətləri Təşkilatının yaradılması bu dairələrin nə planlarına, nə də maraqlarına uyğun deyil. Ona görə də qardaş Türkiyəmizi məhz daxildən çalxalamağa, qarışdırmağa çalışırlar.

Neçə onillikdir ki, Türkiyə Avropa Birliyinə qəbul edilmir. Bunun səbəbkarı Türkiyənin nə indiki, nə də əvvəlki hakimiyyətləri deyil. Yeganə səbəb xaricdə kimlərinsə öz siyasi maraqlarına görə uydurduqları yalançı fobiyalarıdır. Ötən il 44 günlük Vətən  müharibəsində qəhrəman Azərbaycan Ordusu işğalçı Ermənistanın dizini yerə qoydu, Qarabağı erməni işğalından azad etdi. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bütün yetkililəri, böyük Türk xalqı müharibənin ilk günündən ölkəmizə misilsiz siyasi-mənəvi dəstək verdilər, Azərbaycanın haqq savaşında tək olmadığını bütün dünyaya nümayiş etdirdilər. Əsgərimiz yenilməz döyüş ruhu ilə düşmənə qan uddurdu və tarixi Zəfər əldə etdik. Azərbaycan bu müharibədə təkcə Ermənistanın silahlı qüvvələri üzərində deyil, həm də ona havadarlıq edənlərin siyasi riyakarlığına, açıq və gizli dəstəyinə qələbə çaldı. Onların arasında Türkiyəyə qıyqacı baxanlar, onu Avropa Birliyində görmək istəmiyənlər də var. Qarabağın erməni işğalından azad edilməsi yalnız Azərbaycanın yox, böyük Türk Dünyasının, ilk növbədə, qardaş Türkiyənin də Zəfəridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin  Əməkdaşlıq Şurasının Vlll Zirvə Görüşündə hörmətli Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasına göstərdiyi misilsiz xidmətləri bu sözlərlə ifadə etdi: "Əminəm ki, onun liderliyi ilə bizim ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cumhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur... Hesab edirəm ki, Türkiyənin gücünü- siyasi, iqtisadi, hərbi gücünü, indi dünyada bilməyən yoxdur və əziz Qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Çünki türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir".

Prezidentimizin qeyd etdiyi kimi, türk dünyasının gələcəyi, ilk növbədə, Türkiyədən və orada  ictimai-siyasi sabitliyin qorunmasından birbaşa asılıdır. İqtisadi qanunauyğunluq pərdəsi altında sabitliyi kənardan pozmağa çalışanların oyununda  türk qardaşlarımız iştirak etməməlidir. Xaricdə marıta yatanlar əmin olsunlar ki, Türk Dövlətləri  qardaş kimi əl-ələ verib, İnşallah, bütün çətinlikləri bir yerdə dəf edəcəklər. Mustafa Kamal Atatürkün "Tarix ehtiyatsızlar üçün mərhəmətsizdir"  və "Bir türk dünyaya əvəzdir"  fikirlərini unutmamalıyıq, ruhumuzla yanaşı,  onları əməlimizdə yaşatmalıyıq.   

Ülvi Quliyev

Milli Məclisin deputatı