adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Dekabr 2021 13:59
1888
ƏDƏBİYYAT

"Tahirəm, sirrimi qəsdən yazıram" - Əkbər Qoşalı yazır

Ərəblərin "Lə tucəd sadfətə fil aləm, hunəkə tavafuq” ("Bu aləmdə təsadüf yoxdur, nə olsa təvafüqlükdəndir”) sözünü son vaxtlar tez-tez işlədirəm. Ruhanilər təsadüfləri inkar etməsə də, "geniş və əhatəli baxışa görə aləmdə təsadüf yoxdur” fikrinə ortaqdır. Elmdə təsadüflər haqqında oxumuşuq: Bağda Nyutonun başına alma düşməsi, bununla dahi alimin Yerin cazibə qüvvəsini kəşf etməsi, yaxud başqa bir tədqiqat aparan alimin tamamilə başqa elmi sirrin üstünü açması kimi...

 

Ədəbiyyatda, incəsənətdə təsadüf varmı? – Bu suala ən ümumi cavablardan biri "Yanlış da bir çeşnidir” ola bilər, bəlkə. Təsadüfən yanlışqlıqla vurulmuş ilmə, boya, hansısa söz, hansısa not yanlışlıqla işlədilsə də, nəticə etibarı ilə fərqli bir çiçəklənmə, gözəllik hasil olur... Yanlışlıq o zaman təsadüf sayılır ki, müəlifin yaradıcılığının mətn-mündəricəsinə bələd olunca, görürsən ki, o, nizamlı, qayda-qanunauyğun yaradıcılıq özkeçmişinə malikdir; deməli, hansısa "xaric”, xaric deməyək, fərqli şəkillənmə yanlışlıq yaxud təsadüfdür... Bununla bağlı bir məşhur hind misalı da, başqa misallar da var, onları yazıb, vaxt almaq, mövzudan uzaqlaşmaq istəmirəm. Bir də QABİL örnəyi var: Xalq şairi QABİLin möhtəşəm "NƏSİMİ” poemasını yazarkən arada qələmə aldığı başqa fakturalı şedevrlərin (örnəyi, "Səhv düşəndə yerimiz”) nə yanlışlıq, nə təsadüf deyil, məhz təvafüq olması kimi...

 

Mən indi əsas mövzuma keçərkən, vurğulamalıyam ki, söhbət heç də yanlışlıqdan getmir: haqqında danışacağım ziyalı ilə tanışlığımızın və onun yaradıcılıqla məşğul olmasını, şəxsi tanışlığımızdan bir neçə ay sonra bilməyim təsadüf deyil, təvafüqlükdür. Nə necəsə, elədir, demək, belə olmalıymış. Bəlkə də özünü tanımadan sözünü, kitabını tanısaydım, düzgün qənaətlərə gələ bilməzdim, bilmirəm. Bəlkə də, 2-3 il öncə eşitsəydim ki, "Millət vəkili, siyasətçi Tahir Rzayev şeir yazır, esse yazır", bunu yanlış məlumat sanardım.

Təsəvvür edin, tamamilə başqa sahənin təmsilçisi və o sahə üzrə mühüm vəzifənin daşıyıcısı olan hörmətli Millət vəkili Tahir Rzayev ədəbi yaradıcılıq örnəklərinin toplandığı kitablarını mənimçün imzalayınca, bir ildən artıq qonşu otaqlarda əyləşməyimiz, hər iş günü rastlaşmağımız, salamlaşmağımızın üstünə bir başqa rəng gəldi, necə deyərlər, çiçəklənmə oldu. Tahir müəllimin avtoqraflı kitabları ilə tanışlıqdan sonra, onun biləvasitə məsul olduğu "Aqrar siyasət” işi ilə yanaşı ədəbi yaradıcılıqda da məhsuldar olduğunu, səmimi, xəlqi duyğularını oxucuları ilə ürəklə bölüşdüyünü gördüm.

"Gozümun yaşını yoluna səpdim,

Dərd bitdi, qəm düşdü payıma mənim.

Sənsiz günlərimin üzündən öpdüm,

Xatirən yetişdi hayıma mənim."

("Mənim" (Yazının başlığına çixarılmış misra da bu şeirdəndir));

"...Zəncirini boynumdan as,

Qandalını qoluma vur.

Gözlərini dik gözümə,

Həqiqətlə üz-üzə dur."

"Səhvlərimi qandır mənə")... - bunlar Millət vəkilinin "Həsrətimin yaşı dünya qədərdir" adlı poetik toplusundandır.

Tahir müəllimin mənə bağışladığı ikinci kitab məqalələr toplusudur.

Öz siyasi kredosuna sadiq, bununla yanaşı həlim xasiyyətli tanınmış ziyalının "Ürəyimin səsi” toplusundakı yazılarının bir çoxu müəllifin ürəyini, hiss-həyəcanını daha sərrast ifadə edir – belə gördüm. 

O, fəlsəfə doktorudur. Kitabı da dünyada baş verən ictimai-siyasi olayları, onu düşündürən məsələləri fəlsəfi planda qiymətləndirmək baxımından xarakterik sayila bilər. Hər sətirdə Tahir Rzayevin həqiqətən də ürəyinin səsi eşidilir, Vətənə, Xalqa, Torpağa, İnsanlığa məhəbbəti duyulur:

- "Ana dili xalqın mənəviyyatının güzgüsüdür. Bu güzgüdə özünü aydın görməyənlər başqa güzgüdə olduğu kimi görünə bilməz. Güzgü ləkə götürmədiyi kimi dil də ləkələndirilməməlidir."

("Ana dilimizi sevək və qoruyaq"); 

- "Folklorumuz, ən kicik şifahi xalq ədəbiyyatı nümunəsi belə milli ruhumuzun ifadəsi kimi qiymətlidir"; 

- "Hər oba yurdum olmaz,

Hər oğul mərdim olmaz.

Sənə əlim yetişsə

Dünyada dərdim olmaz." - Mən nənəmin dilindən onlarla bayatı, nağıl, əfsanə eşitmişdim, Universitetdə tələbə olarkən onların bir çoxunu toplayıb kurs işi kimi müdafiə etmişdim və bir çoxlarını qələmə alıb saxlamadığım üçün bu gün də peşmançılıq hissi keçirirəm."

("Folklorumuzu qoruyaq və yaşadaq");

- "Həsən Mirzə dərdi əzizdir. Yaxşı insan və düşündürən sənət, ürəklərə yol tapan söz ölməzdir";

- "Şair Məstan Günər şahid olduğumuz və dərk etdiyimiz həqiqətləri, ədalətsiz, zora, gucə söykənən, haqlını çox vaxt haqsız edib zalıma, qan içənə bəraət qazandıran, dərdlinin dərdini dilə gətirirməyib nadanlara sirdaş olan dünyanın, ixtiyar sahiblərinin iç üzünü açaq deyir:

Həsən Mirzə, dörd tərəfin qəfəsdir,

Tərlan torda bir çarəsiz nəfəsdir,

Dünya kordur, cahan hələ şikəstdir,

Gətirmək istəmir dilə dərdimi."

("Yaxşı insanlar unudulmur")... 

- Belə yazılar müəllifin siyasi fəaliyyətdən, o cümlədən aqrar siyasətdən ziyadə ədəbiyyat, mədəniyyət, incəsənət aləminin nümayəndəsi kimi, kulturoloq kimi qələm işlətdiyini göstərir.

 

*** 

- "Adama elə gəlirdi ki, Şuşa uzun illərin dəhşətlərini, həsrətini bir anda unutmuşdu..."

("Şuşada Türk dünyasının qəlbi döyünürdü");

- "Axı onlar daşnaq ideoloqu, türkün qanını içməyə hazır olan, bunu bütün "əsər"lərində, çıxışlarında ifadə edən, azərbaycanlı uşaqların başına gətirilən müsibətlərdən ləzzət alan, sevinən Zori Balayanın yetişdirməsidir."

 ("Azərbaycan Ordusunun möhtəşəm qələbəsi");

- "Biz xaricdə yaşayan həmvətənlərimizin yaxşı isləri ilə fəxr etdiyimiz, öyündüyümüz kimi, onlar da Azərbaycanın inkişafından, insanlarımızın birliyindən qürur duyur, sevinicimizə şad olur, ağrılarımızı birgə yaşayırlar."

("Bizim azərbaycanlılar")

kimi yazılar dünya azərbaycanlılarına ünvanlanıb; bu yazılar ümumən Türk dünyası ünvanlıdır, türklərə qarşı oynanılan çirkin oyunlar haqqındadır.

 

Əlbəttə, Tahir müəllim ona həvalə olunmuş sahədən daha çox yazır və belə yazılarının bir hissəsi məqalələr toplusunda yer alıb. "Torpaqlarımızın azad olunması aqrar sahənin inkişafını daha da sürətləndirəcək" məqaləsinin adı da, içəriyi də əsl mənzərəyə ayna tutur. Eləcə də digər məqalələr:

"İşğaldan azad olunmuş torpaqlarımız yeraltı, yerüstü sərvətlərlə zəngin olduğundan qeyri-neft sektorunun inkişafinda, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalında mühüm rol oynaya bilər." ("Arzular həqiqətə çevrilir"), "Torpağın sahibi insandır. Əldə ediləcək yüksək məhsul onun təşəbbüskarlığından, işinə münasibətindən, təsərrüfata, qazancına, ailəsini dolandırmağa marağından, düzgün düşünülmüş fəaliyyətindən asılıdır."

("İctimai-siyasi sabitlik inkişafımızın əsasıdır").

 

Və nəhayət: 

"Ölülərin dirilərə məktubu"!

Ən azı, Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı 4 məclis və 5 pərdədən ibarət "Ölülər" komediyasından tutmuş, günümüzdə Mahir Qabiloğlunun "O dünyadan məktubları"nadək yazılan uyğun mövzulu əsərlər oxuculara yaxşı tanışdır. Tahir Rzayevin məhz bu mövzuda da qələm sınaması özgüvənin və bəlli üsluba, ədəbi priyoma marağının, məhəbbətinin ifadəsi kimi qarşımıza çıxır. Yenə xatırlayaq: 

"Lə tucəd sadfətə fil aləm, hunəkə tavafuq”...

 

Tanınmış ziyalımıza yeni yaradıcılıq uğurları diləyirəm!

 

 

Beynəlxalq "Alaş" Ədəbi Mükafatı laureatı