adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Noyabr 2022 14:15
439
SİYASƏT

QÜDRƏT HƏSƏNQULİYEVİN TƏKLİFİN NİYƏ SÜNGÜ İLƏ QARŞILAYIRLAR?!

Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentdə respublikamızın Şimali Azərbaycan adlandırılması ilə bağlı təklif irəli sürdü. Uzun zamandır Qüdrət müəllim bu məsələni qaldırır. Və təbii ki, öz arqumentləri ilə.

Bununla bağlı bu gün azı 7-8 sayt zəng edib münasibətimi öyrənmək istəyib. Makedoniyanı məcbur elədilər ki, adını dəyişib Şimali Makedoniya qoysun. Təbii ki, bizi heç kəs məcbur edə bilməz. Xoş bir təklifdir də, Qüdrət müəllim deyib.

Əvvəla, lazım olsa 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quranda respublikanı Şimali Azərbaycan Xalq Cümhuriyyəti adlandırardılar. Düzmü ediblər, səhvmi ediblər, onu deyə bilmərəm.

Son bir əsrdə dörd dəfə əlifbasını dəyişən, üç dəfə adını dəyişən bir millətik. Yəni ad dəyişməyə öyrəncəliyik.

Heç «Quran» ayələrinə əməl etmirik. Qüdrət müəllimin dediyi də heç «Quran» ayəsi deyil. Amma süngü ilə də qarşılamaq lazım deyil.

Yadıma dəfələrlə yazdığım bir hadisə düşdü. Qoy yenə də yazım.

Laçına Mərkəzi Komitədən məsul bir şəxs gəlir. Rəhmətlik Muradxan Cabbarov onu uzaq kəndlərin birinə aparır, camaatı da yığıb deyir ki, bu yoldaş Mərkəzi Komitədən gəlib. Sizin problemləri həll edəcək. Nə təklifiniz var, söyləyin.

Hərə bir təklif söyləyir, Bakıdan gələn yoldaş da dəftərçəsinə qeyd edir. Axırda Məmməd kişi deyir:

- Yoldaş Cabbarov, mənim də bir təklifim var. Bizim kənddə məktəb yoxdu, uşaqlar iki kilometrlikdəki qonşu kəndə gedirlər. Bunun qışı var, palçığı var, yağışı var, çox əziyyət çəkirlər. Xahiş edirəm, o kəndə gedən yolun üstündə naves qursunlar, uşaqlar əziyyət çəkməsin.

Cabbarov hirslənir:

- Məmməd kişi, ağsaqqal adamsan, elə bir təklif ver ki, onu eləmək mümkün olsun də. İki kilometr naves tikmək olar?!

Məmməd kişi:

- Guya o biri təklifləri yerinə yetirəcəksiniz ki?! Dedim birini də mən deyim, deməsinlər ki, Məmməd kişi təklif vermədi.

İndi Qüdrət Həsənquliyev parlamentdə o qədər problem qaldırır ki. Onları həll ediblər ki, bu təklifi də həll edələr. Ona görə də hirslənməyin.