Qoca dünyanın fəntgirliyi - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
171 | 2025-05-06 12:23

Adil Cəmilin misralarının işığında

 

Həyatın özünü   olduğu  kimi  görmək və onu gördüyün kimi də ruhuna köçürmək daha çox rəssamların, heykəltəraşların, yazı adamlarının işidir. Yəni ruh adamları təkcə görüb, baxıb keçmirlər, onlar həm də gördüklərini, baxdıqlarını yaşayırlar və yaşadıqlarını da özlərinin anladıqları, duyduqları, hiss etdikləri bir şəkildə yenidən yaradırlar, yenidən göstərirlər, yenidən təqdim edirlər…

Mən hər dəfə qarşılaşdığım mənzərəni elə bilirəm ki, ilk dəfədir görürəm. Çünki o mənzərənin görünüşündə dəyişiklik olmasa da iç dünyasında, alt qatında hər dəfə yeni bir çalar tapmaq mümkündür. Tutaq ki, bir qom bənövşə var əlində. Belə baxanda düşünürsən ki, bənövşədi, yığıb dəstələmisən. Amma ayrı-ayrılıqda onların hərəsinin öz ətrini duymaq mümkündü, öz gözəlliyini seyr etmək mümkündü. Çünki qönçələrində fərq var, rəngində müəyyən fon dəyişiklik hiss olunur. Bir sözlə, onlar birlikdə başqa bir qoxu bağışlayır adama. Ayrı-ayrılıqda tamam başqa. Bax, bu fərqlənmələr də insanda fərqli duyğular yaradır. Həmin fərqli duyğular da ruh adamlarının  fərqli yaradıcılıq nümunələrində öz əksini tapır…

Bəli, poeziya, bütövlükdə ədəbiyyat adamları həmin o fərqləri daha dərindən görürlər və gördüklərinə   də daha çox nüfuz edirlər və mən də tanıdığım, oxuduğum, izlədiyim ədəbiyyat adamları içərisində elə imza sahibləri  var ki, heç vaxtı onların «MƏN!!!» - dediyini eşitməmişəm. Onlar yalnız öz mənlərini, yəni öz görüb, duyub, yaşadıqlarını ortaya qoyurlar, oxucu qarşısına çıxarırlar. Özü də hay-haraysız. Biz də oxuyuruq. Və həmin ortada olan o dürü, o incini, o ləli, o yaradıcılıq nümunəsini özümüzə köçürürük, özümüzünküləşdiririk.

Bu qısa, amma özüm üçün   daha  çox oxucuya yaxınlaşmaq üçün etdiyim ricətdən sonra gəlirəm mətləb üstünə. Dəqiq yadımda deyil, hansı ayın hansı günündən tanıyıram onu. Amma o yadımdadır ki, tələbəlik illərimizdən tanıdığım ilk Gənc şairlərdən biri idi Adil Cəmil. Və onun həmin illərdəki dövrü mətbuatda yazılarını maraqla oxuyurdum və universitet qəzetinin redaksiyasında da ara-sıra görüşürdük. Sonra bir az da yaxınlaşdıq, doğmalaşdıq və torpaqlarımızın işğalda olduğu dönəmdə eyni dərd, eyni acı bizi bir nöqtədə birləşdirdi. Yurd nisgili nöqtəsində!.. Bunu söz gəlişi demirəm, yazmıram. Məqsədli şəkildə vurğulayıram. Çünki Adil Cəmilin Kəlbəcərlə, işğalda olan torpaqlarımızla bağlı yazdığı bütün yazılar, eləcə də şeirlər həmişə birbaşa ürəyimə toxunubdur. Və o acını təkrar yaşadıb mənə. Bax, elə indi hələ 2004-cü ildə işıq üzü görmüş «Tanrı mənə yar olanda» kitabını təkrar gözdən keçirirəm. Oxuduqca bir-birini əvəz edən kövrək duyğular, eləcə də sətiraltı mənalar mənim 30 illik yurd kədərimi yenidən qanadır, yenidən ağrıdır. Və sözün, qələmin, indiki anda isə şeirin gücünə baş əyirəm. Söhbət burda təkcə «Vətən, Vətən», «Torpaq, torpaq»  deməkdən getmir, onu yaşatmaqdan, onu təqdim etməkdən, onu sevdirməkdən gedir. Eləcə də insanın özəl durumunu şeirə gətirməkdən və oxucuya həzm etdirməkdən gedir. Məsələn:

 

Vaxt yetişir, vədə gəlir, yaş ötür,

Şir-pələnglər biləyindən qocalır.

Üşütdükcə göy üzünün qürbəti

Qərib quşlar lələyindən qocalır.

 

Payız gəlsə budaqların budansa

Yarpaqların töküləcək, bu, cansa…

Diz bükülür, bel əyilir haçansa,

Alp-ərənlər kürəyindən qocalır.

 

Bu ömür-gün vəfasızmış dedikcə,

Sultanların zərli taxtı-kötükcə…

Gizli-gizli qəm içindən yedikcə

Dərdli insan ürəyindən qocalır.

 

Göy zəmini qara daşda görən yox,

Ruhu canda, əqli başda görən yox.

Bu cahanı körpə yaşda görən yox –

Qoca dünya bələyindən qocalır.

 

İlk baxışdan adama elə gəlir ki, şeirdə təqdim olunan mənzərə, yaşantı, hamının bildiyi və gördüyüdü... Amma fikrin sırası, oxucunun həmin o sıralanan fikrin izi ilə şairlə birlikdə yavaş-yavaş, necə deyərlər, pərdə-pərdə insan həyatına müdaxilə etməsi və onun ilmələrini bir-bir çözməsi artıq bir şair peşəkarlığı, həm də bir rəsam qabiliyyətidi, ustalığıdı. Hiss edirsən ki, şeir səni o qocalmanın detalları ilə üz-üzə qoyur. Onun özünü də, onun hansısa cizgisini  də  özündə görürsən və şairlə razılaşırsan. Bax , bu təkcə sözlə işləmək, oynamaq məharəti deyil, bu həm də oxucunun  özündəkini özünə göstərməkdir. O göstərmək gedib dünyanın qocalığına bağlanır. Bilirsən  və yaxud bildiyinə əmin olursan ki, bəli, qoca dünya hamını qocalığa çəkir. Öz dizinin dibinə tərəf aparır.

Mən həmin şeirin ovqatının içərisində olanda dünyanı müəyyən mənada gözümün önünə gətirdim. Elə öz yaşadığım həyatın prizmasından bir də dönüb geriyə baxdım. Sanki güzgüyə baxırdım. Qeyri-ixtiyari bir «ah» çəkdim. Hardasa o ah mənim yadıma  illər  öncə yazdığım «Qocalır, Əbülfət ,yaman qocalır» şeirim saldı. Bax, onda təkrar inandım ki, ruh adamları özləri də bilmədən nə qədər bir-birinə doğmadılar. O doğmalıq yaşadıqlarımızın əks-sədasıdı bəlkə də. Belə olmasaydı, onda oxuduğum növbəti şeir məni haldan-hala salmazdı:

 

Olumdan ölümə gedən yolda

min dəli, min fakt.

Özüm yaşa dolduqca

Qocalır köksümdə infarkt.

 

Haçansa məni çalası

Bir ilan bəsləyirəm sinəmdə.

Geriyə dönməkmi var

bu dönəmdə?!

 

Gedirik irəli,

yalnız irəli!

Ölüm bizə yaxınlaşmır,

Biz ölümə yaxınlaşırıq deməli…

 

Oxuduğunuz bu şeir barəsində sizin fikirləriniz necədi, nə düşündüyünüzü təxmin etsəm də, ancaq mən birmənalı olaraq Adil Cəmilin Olumdan  Ölümə düz bir xətt çəkdiyini, məsafə göstərdiyini, üstəlik o yolun keçdiyi nöqtələrini aydınca işarələdiyini gördüm və yaşadım. Bu, bəşəri həqiqət olsa da, amma həmin həqiqətin Adil Cəmil variantını mən bu şeirdə tapdım. Ona görə də bu kitabdakı və əvvəldə bəhs etdiyim məqamların daha bir çaları olan şeirin qapısında dayanıb fikirlərimə kənardan baxıram, yaşadıqlarımı və sizinlə bölüşdüyüm fikirləri bir növ qiymətləndirmək istəyirəm. Təbii ki, özüm üçün. Görürəm ki, hələ Adil Cəmilin neçə gündü məni özünə tərəf çəkən şeirlərinin əhatə dairəsindən çıxa bilmirəm. Bu dairədə 30 il Vətənin mənə qürbət olduğunu sanki əks-səda kimi eşidirəm.  Əslində eşitdiyim həm də Adil Cəmilin səsidir. O yazıb və o deyir:

- Vətən mənə qürbət oldu!

Hə, həqiqətən 30 il vətən bizə qürbət oldu. Biz o qürbətdə vətənsizlərin nələr çəkdiklərini öz varlığımızda hiss etdik və bəzən onu şeirə çevirdik, əsər etdik. Adil Cəmil kimi:

 

Qoca dünya allı-güllü nağıldı,

Bu nağıla inanmayan oğuldu…

Yurdum yandı, xanimanım dağıldı,

Zəhər mənə «şərbət» oldu içəmmi?

 

O atlılar indi atdan düşübdür.

Dil hörmətdən, ağız daddan düşübdür.

Sənət gözdən, söz urvatdan düşübdür,

Ömrüm-günüm bərbad oldu-heçəmmi?

 

Möhtəkirin, rüşvətxorun sayı yox,

İşbazların, aşbazların tayı yox…

Adam gördüm adamlıqda payı yox,

Vətən mənə qürbət oldu köçəmmi?

 

«Tanrım mənə yar olanda» kitabı mənim söznən, duyğularnan, illah da ki, Adil Cəmillə xəyali söhbətimin bir az səbbimi aldı. İçimə bir balaca rahatlıq gəldi. Amma düzünü deyim ki, bu elə bir rahatlıqdır ki, o, əslində adamı rahatlanmağa qoymur, daha çox düşünməyə, görməyə, götürməyə, yazmağa səsləyir. Çünki yaşadığımız qoca dünya bizi qocalığa tərəf aparır.

  • May:
  • 2

TƏQVİM / ARXİV