25 Avqust 2023 11:59
516
GÜNDƏM

Qatil kimdir, oxlar kimi göstərir? TƏHLİL

Yevgeni Priqojinin ölümü dünya tərəfindən birmənalı olaraq Putin hakimiyyətinin, şəxsən Putinin qisasçı ruhunun nəticəsi kimi qiymətləndirilir.

Xarici media yazır ki, Priqojin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini Andrey Averyanovun əli ilə öldürülüb.Bu həmin Andrey Averyanovdur ki, Sergey və Yuliya Skripalların Solsberidə zəhərlənməsi, Çexiyanın Vrtebitse şəhərindəki partlayış, bolqar silah taciri Yemelyan Gebrevin zəhərlənməsi kimi əməliyyatlara rəhbərlik edib.
Adı açıqlanmayan rusiyalı ekspert isə bildirib ki, Vaqner” təyyarəsini tutmaq üçün Xotilovo aerodromundan bir döyüş təyyarəsinin havaya qalxdığına dair sübutlar var. ABŞ hakimiyyəti hesab edir ki, Yevgeni Priqojinin olduğu təyyarə Rusiya ərazisindən buraxılan “yer-hava” sinfinə aid raketlə vurulub. Yəni, hər iki fikirdə üst-üstə düşən məqam var...

Hadisədən şoka düşən, Sankt-Peterburqdakı "Vaqner Mərkəzi"nin ofisinin yaxınlığına toplaşan vaqnerçilər "bizim başqa komandirlərimiz var, onlara tabe olacağıq" desələr də, amma dünya siyasətçiləri elə düşünmür.
Polşanın Baş naziri Mateuş Moravetski “Vaqner” qrupuna nəzarət birbaşa Prezident Putinin üzərinə düşəcəyini idda edir. Onun fikrincə, bu daha da təhlükəli ola bilər.

Priqojinin ölümündə Putinin əli olmasını inkar etməyə çalışan rusiyalı siyasətçilər, Putin administrasiyasının vəzifəli şəxsləri, birdə Putini Ukrayna döyüşlərində dəstəkləyən bəzi dövlət başçılarıdır.
Məsələn, rusiyalı politoloq Sergey Markov iddia edir ki, Priqojini Ukrayna xüsusi xidmət orqanları öldürüb:" Zelenski Baxmutu Ukrayna ruhunun rus ruhu üzərindəki simvolu hesab edirdi. Priqojin isə onu sındırdı və göstərdi ki, rus ruhu Ukrayna ruhundan güclüdür. Buna görə də əminəm ki, Priqojinin ölüm əmrini Zelenski verib. Çünki Priqojinin dövlət tərəfindən mühafizəsi götürülmüşdü və ona qarşı terakt etmək asan idi. Avqustun 23-də Priqojinin ölümü Ukraynanın 24 avqustda Müstəqillik Gününə hədiyyə idi".

 Ukrayna Prezidenti Vladimir Zelenski onu hədəf ala Putinpərəstlərin cavabını ləngitməyib:"Dəqiq olaraq biz bunda iştirak etməmişik. Fikrimcə, kimin iştirak etdiyini hamı bilir”.

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” rəhbəri Yevgeni Priqojin və digərlərinin təyyarə qəzasında həlak olması ilə bağlı başsağlığı verdiyi deyilir. Həmin sırada Putinin Priqojini çətin taleyi olan bir insan adlandırması və həyatda ciddi səhvlərə yol verdiyini deməsi bir diktatorun "ciddi səhvi olanı" bağışlamamsına işarədir.

Qeyd edək ki, 23 avqustda Moskvadan Sankt-Peterburqa gedən biznes-jet Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 10 nəfərin hamısı ölüb. Ölənlər içərisində “Vaqner”in rəhbəri Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin də var. Cəsədlər tanınıb.

 Əntiqə Rəşid