adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Iyul 2022 10:56
1240
ƏDƏBİYYAT

Qaranlıq dünyanın işıqlı adamı - Məlahət Hümmətqızı yazır

  Arif başqalarına bənzəmirdi. Onun öz kiçik dünyası və bu dünyanın toxunulmaz qayda-qanunları vardı. Özü istəmədən heç kim onun dünyasına daxil ola bilməzdi. O, heç kimin cəsarət edib girə bilməyəcəyi qaranlıq dünyada dinc yaşayırdı. Yaşadığı dünyanı özü təsəvvür etdiyi kimi görürdü. Mənə hərdən elə gəlirdi ki, o, rəssam fantaziyasının əsəridir, onun həyatı rəssamın cızma-qara cizgiləri və özündən başqa heç kəsin anlamadığı bir rəngsiz tablodur. Kənarda dayanıb diqqətlə ona baxırdım. Ağ qıvrım saçları ona yaraşıq verirdi, boy-buxunlu, enlikürək, cüssəli adam idi. Ağlı- zəkası öz yerində, həyata baxışı o qədər aydın idi ki... Hər gün bir keyfiyyətini kəşf edirdim. Allah ondan təkcə gözlərinin nurunu əsirgəmişdi.

Onun sağalmağını çox istəyirdim, onun üçün dua edirdim, ona güc, qüvvət və şəfa arzulayırdım. Bacardığımı edirdim. Canındakı virusu yox etmək, onu ayağa qaldırmaq üçün bütün çarələrə əl atırdım. Başqa növbənin həkimlərinə də tapşırırdım ki, ondan muğayat olsunlar. Vəziyyəti yaxşı deyildi, gündən-günə də ağırlaşırdı. Qaranlıq dünyasında xəstəliyi ilə baş-başa çaş-baş qalmışdı. Taleyindən küsmüşdü. Özü də bilird ki, virus işini görüb, sağalacağına inamı qalmamışdı. Biz də ümidsiz idik, amma sona qədər mübarizə aparmağa qərarlı idik. Bircə hərarətini sala bilsəydik, elə bilirdim ki, hər şey düzələcək, xəstəmiz kəfəni yırtacaq. 

 Zöhrənin gözləri zəif, dumanlı görsə də, Arif anadangəlmə kor idi. Gözləri işıqlı dünyaya həsrət idi. Hər ikisi dünyanın gözəlliklərini görməsələr də, birlikdə xoşbəxt olmağın mümkün olduğuna inanırdılar. Evləndilər. Valideynləri kömək etməyə çalışırdılar, özləri də bütün çətinliklərə sinə gərib min bir əziyyətə qatlaşdılar. Ay parçası kimi iki gözəl qız övladları dünyaya gəldi. Biri sağlam olsa da, digəri xəstə doğuldu. Amma əziyyətlərinin bəhrəsini gördülər. Böyük qızı ailə qurdu. Çox xoşbəxtdi. Valideynlərinə sağlam nəvə payı da bəxş etdi. Zöhrənin dediyinə görə, nəvələrini özü böyüdüb. Ər-arvad özlərini çox sağlam və gümrah hiss edirdilər, amma virusa yoluxana qədər. Onlar dörd gün idi ki, kovidə yoluxmuş, xəstəxanamıza yüksək hərarətlə qəbul olunmuşdular. Arifin vəziyyəti xanımının vəziyyətinə nisbətən daha ağır idi. Dörd gecə başının üstündən çəkilmədik. Səhərə qədər yüksək təzyiqini, hərarətini və enən saturasiyasını normallaşdırmağa çalışdıq. Yanaşı xəstəlikləri isə onu irəli getməyə, sağalmağa, yaxşılaşmağa qoymurdu. 

Arif dözümlü idi, canı ağrısa da, şikayət etməzdi. Çox danışmazdı. Amma mən hər palataya gələndə kefi açılırdı, xoşhal olurdu. Heç yadımdan çıxmaz, bir dəfə səssizcə palataya girdim. Üzü divara uzanmışdı. Anidən çevrilib, sanki məni görürmüş kimi, üzümə baxıb salam verdi. Donub qaldım, danışa bilmədim. O məni necə görürdü? Bəlkə bəsirət gözü var idi, bilmirəm. Gülümsəyib salam verdim. Deyəsən, gülümsəməyimi də hiss etdi, başını aşağı əyib qımışdı. "Necəsiniz” deməyə utandım. Vəziyyəti göz qabağındaydı, gecədən qalxan hərarəti düşməmişdi. Hərarətinin olması üzündən hiss olunurdu. Çöhrəsi qızarmışdı. Zöhrə ayaq üstə dayanıb vəziyyəti həyəcanla müşahidə edirdi. Yaxınlaşıb tanometrlə təzyiqini ölçdüm. Təzyiqi normal idi. Zöhrə əlindəki termometri mənə göstərib:

- Doktor, hərarəti bir az olar yüksəlib. Sizə qədər həkimlər hər şey edib. Hərarəti düşmüşdü, dedi. 

- Narahat olmayın, nə lazımdır edəcəyik. Ona gün ərzində maye vermisiniz?

- Xeyr, doktor, heç nə içmir, sizdən əvvəl tibb bacısı maye köçürən kimi hərarəti düşdü.

- Bax səbəb budur. Hərarəti salmaq üçün bol maye içirmək lazımdır.

Zöhrə tez elektrik çaydanını işə salıb, çay tədarükü üçün suyun isinməsini gözlədi. Tibb bacısına hərarəti salmaq üçün tapşırıq verib, növbəti palataya keçdim. Palatalarda xəstələrə baxış keçirib təyinatlar verdikdən sonra yenidən Arifin palatasına qayıtdım. Tibb bacısı öhdəsinə düşən bütün işləri görüb bitirmişdi. İçəri daxil olanda Arif yatağında oturub çay içirdi. İçəri girdiyimi bu dəfə açıq-aşkar hiss etdi. Dayanıb qəribə baxışlarla bir xeyli üzümə baxdı. 

- İnanılmazdır, siz məni görürsünüz? Mənə necə diqqətlə baxırsıniz. Yəqin dərmanlarımız kömək edib, – deyib, vəziyyəti stabil olduğu üçün kefini açmaq istədim. Bu anda ürəyimdən çoxlu suallar keçdi və onun qaranlıq dünyasına bir anlıq daxil olmaq istədim. Yenə gülümsədi. 

- Sizi yadımda saxlamaq istəyirəm. Sadəcə bu. 

-Məni necə təsəvvür edirsiniz, mən necəyəm? – Diqqətlə xəstəmin üzünə, hərəkətlərinə baxdım. Maraqla nə deyəcəyini gözlədim. Bir anlıq xəyala daldı. Sonra görürmüş kimi başını qadırıb gözlərini üzümə zillədi. 

- Sizin üzünüzü günəşə bənzədirəm, doktor. Heç vaxt üzünü görmədiyim və görə bilməyəcəyim günəşə. Bu dünyada ən çox görmək istədiyim günəşdir. 

- Niyə günəş, axı o çox uzaqdır. 

- Uzaq olsa da isidir, qaygı göstərir, gülümsəyir, sabaha ümid verir... Günəşə hər kəsin ehtiyacı var, korların belə. İnsanlara yardım edirsiniz, qayğı göstərirsiniz, sağaldıb evinə, ailəsinə qaytarırsınız. Siz mələksiniz, doktor... 

Yenə dayanmadım, "şıltaqlıq” etdim: 

- O mələk necə olur? − deyə sevincək soruşdum.

- Mehriban, üzügülər, hamıya yardım edən, gözəl simalı...

- Bəs saçlarım nə rəngdədi? 

Yenə gülümsədi, üzümə baxdı. Skafandrdan yalnız gözlərim görünürdü, gözləri görsəydi belə saçlarımı görməsi imkansızdı. 

- Günəş rəngində. Bəlkə elə deyil, amma mən elə görürəm, doktor, – deyib susdu. 

Təəccübümü və həyəcanımı gizlətmıək üçün ani olaraq əlimi ağzıma aparıb Zöhrəyə baxdım. Yəni ”sən demisən?” Zöhrə əllərini havada yellədərək "yox” işarəsi verdi və gülümsədi. Gözlərim doldu. O hər şeyi düz deyirdi, saçlarımın rənginə kimi. Gözlərim hələ də ona dikilmişdi, dolmuşdum. Arif başını aşağı əyib susurdu. Deyəsən, təəccüb və həyəcanımı hiss edirdi. 

- Bəs dünyanı hansı rəngdə görürsünüz? − deyə soruşdum. Bir xeyli susdu. Bəlkə də yaralı yerinə toxundum. Amma bilmək istəyirdim. Onun dünyasına onun gözləri ilə baxmaq, onun dünyasını hiss etmək istəyirdim. Onun dünyası, onun yaşadıqları mənim üçün maraqlı idi. O dünyanın öz rəngi, öz günəşi, öz insanları, dənizi, küləyi var. 

- Xəyalımda hər şeyi görürəm, doktor. 

- Fərqimiz nədir, bəs? 

- Siz gözlərinizlə görürsünüz, mən qulağımla hiss edirəm , doktor. 

Bu dəfə mən susdum. Onun hissiyyatı güclü idi, hüceyrələrilə hər şeyi hiss edirdi. 

Başımı yelləyib pəncərəyə yaxınlaşdım. Deməyə sözüm yoxdu. Axşam düşmüş, hava qaralmışdı. Pəncərəni açıb dərindən nəfəs aldım. Bilgəhin təmiz havası ciyərlərimə doldu. Uzaqdan kənd görünürdü. Evlərdən görünən tək-tük işıqlar ürəyimə ümid qığılcımı səpsə də, narahatlıq məni tərk etmirdi. Başımı göyə qaldırıb gözlərimi yumdum. Ürəyimdə Allahdan ona yardım istədim. Zöhrə nə baş verdiyini deyəsən anlayırdı, görməsi zəif olsa da, mənim Allaha yalvardığımı hiss edirdi. Yaxınlaşıb çiyinlərimi qucaqladı. "Doktor, mən sizə inanıram, qızımla məni ayağa qaldırdınız, inşallah, Arifi də sağaldacaqsınız” deyib, başını çiynimə qoydu, içini çəkdi. Nəmli gözlərimlə, qəhər içərisində "inşallah” desəm də, dediyimə özüm də inanmadım...

Bir neçə gündən sonra Arifin vəziyyəti daha da ağırlaşdı. Hər gün bir az geri gedirdi. Təngnəfəsliyi, boğulmaları artırdı. Apardığımız müalicə effekt vermirdi. Bu qədər müalicələrə baxmayaraq, yaxşılaşmırdı. Hər dəfə onun oksigen maskasında çətinliklə nəfəs aldığını görəndə ürəyim ağrıyırdı. Özü də bezmişdi. Artıq damarları da partlayır, sistemləri köçürtmək mümkün olmurdu. Qanı laxtalanırdı. Hərdən hönkürüb ağlayırdı. Aman, Allah, bu, dəhşət idi. Onu heç vaxt ağlayan görməmişdim. Zarıyardı. İynələrdən imtina edirdi. "Vurmayın, xahiş edirəm, doktor, canım ağrıyır. Qoyun rahat ölüm”, deyirdi. Kövrələrdim. Bayıra çıxıb bir kənara çəkilib sakitləşməyə çalışırdım.Dəfələrlə onu başqa klinikaya köçürmək haqqında məsələ qaldırsaq da, ”yer yoxdur, gözləyin” demişdilər. 

Ömrünün son günləri idi. Özü də hiss edirdi. Məndən halalıq istədi. "Halal edin, doktor, mənim üçün çox əziyyət çəkdiniz. Sizlik heç nə yoxdu. Ağırlaşıb gəldim. Zöhrə deyirdi, gedək, amma mən inanmırdım ki, virus məni yıxar, bu da axırı. Bilirəm, məni öz növbənizdə ölməyə qoymayacaqsınız. Hər dəfə belə olub. Mən yaxşılaşanacan başımın üstündə durmusunuz. İndi də belə olacaq. Sizin növbədə ölməyəcəyəm”, deyib köks ötürdü və üzünü yana çevirdi. İstədim "yox, siz ölməyəcəksiniz, yaşayacaqsınız” deyim, amma bacarmadım. Yalan danışacağımı hiss edəcəyindən qorxdum, utandım. 

 Səhər növbəyə gələn kimi Arifin ölüm xəbərini eşitdim. Bu mənim eşitdiyim növbəti ağır xəbərlərdən biri idi. Hüzn və peşmanlıq hissi ilə sakitcə palatasının qarşısında dayandım, içəri keçməyə tərəddüd edirdim. İşıqlı siması gözümdən getmirdi. Yaxın xatirələr qəhərə çevrilib boğazımda kilidlənib qalmışdı. Udqunmaq belə çətinləşirdi. Sanki doğma, əziz adamımı itirmişdim. Cəsarət toplayıb qapının cəftəsini itələyib palataya daxil oldum. Yataq da, palata da boşdu. Yatağında oturdum. Çəkdiyi iztirablar, ağrılar, söhbətlərimiz, gülüşləri yadıma düşdü, bir-bir gəlib gözlərimin önündən keçdi.. Bir gün əvvəl arvadına "Zöhrə, üşüyürəm, əlimdən möhkəm tut” deməsi yadıma düşür. Onun son dəfə tutduğu əli gizlincə çəkmişdim. Telefonu açıb baxıram. Artıq bu əl heç vaxt Zöhrənin əlini tutmayacaq. O, nə günəşi, nə də günəşüzlü həkimini görməyəcək.