adalet.az header logo
  • Bakı -°C
17 Fevral 2021 12:41
31895
MƏMLƏKƏT
A- A+

Qaradağlı faciəsi və gözü yolda qalan qara dağlılar - 29 il keçdi

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçıları baş qaldırdığı andan Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlandı.
 

1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi.

1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi.

1991-ci il martın 8-də ermənilər kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər.

Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin – 3 kişi və 3 qadın diri-diri yandırıldı.

1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 oğlan, 6 qadın həlak oldu.

1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.

Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.

Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürüldü və hamının gözü qarşısında güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

 

Sinələrimizə vurulan qara dağ

 

1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi.
Qaradağlı soyqırımını ikinci Xocalı da adlandırırlar. Çünki 1992-ci il fevralın 17-18-də törədilmiş Qaradağlı faciəsi Xocalı soyqırımınadək törədilən ən qanlı faciə kimi tarixə yazıldı. Həmin gün Ermənistan silahlı qüvvələri Xocavənd rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Kəndin hər 10 sakinindən biri işgəncələrlə öldürülərək şəhid olub.

Qaradağlıya hücumda Arabo və Aramo birləşmələri, Monte Melkonyanın dəstəsi iştirak etdi. Həmçinin, kəndə hücum zamanı 366-cı motoatıcı alayın da qüvvələrindən istifadə edildi.

Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 180 nəfəri qətlə yetirilib.

Ümumilikdə Qaradağlı soyqırımında kənd 217 övladını itirib, onlarla insan girov götürülüb. Ermənilər ölənləri silos quyularına doldublar, girovlara dəhşətli işgəncələr veriblər. Girovların əksəriyyəti geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil.

Öldürülənlərdən 50-si qadın, 28-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 142 ailə başçısını itirib, 340-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 520 yerlik orta məktəb binası, 45 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 1800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Artıq bu türk yurdunun işğal olunduğu gündən 29 il keçir. Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında qalmış Qaradağlı azad olunacağı günü, Qaradağlı sakinləri isə yurdlarına dönəcəyi anı həsrətlə gözləyir.

 

Əntiqə Rəşid