adalet.az header logo
  • Bakı -°C
19 Yanvar 2026 08:58
20
ANALİZ
A- A+

Qanlı Yanvar - xalqın ləyaqət və azadlıq dərsi

20 Yanvar şəhidlərinin xatirəsi daim ehtiramla anılır, qəhrəmanlıqları gələcək nəsillərə örnək göstərilir

Azərbaycan xalqının müasir tarixində ən faciəli və eyni zamanda ən şərəfli səhifələrdən biri 1990-cı il 20 Yanvar faciəsidir. Bu qanlı hadisə Azərbaycan xalqının azadlıq, müstəqillik və milli ləyaqət uğrunda apardığı mübarizənin zirvə nöqtələrindən biri olmaqla yanaşı, Sovet imperiyasının öz vətəndaşlarına qarşı törətdiyi ağır cinayət kimi tarixə düşmüşdür. 1990-cı il yanvar faciəsinə aparan proseslərin kökü 1987-ci ildən başlayır. Həmin ildən etibarən azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından kütləvi şəkildə deportasiyası, onların evlərindən zorla qovulması geniş vüsət aldı. Eyni zamanda, erməni millətçiləri tərəfindən keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri irəli sürüldü və bu iddialar SSRİ rəhbərliyi tərəfindən faktiki olaraq dəstəkləndi.

Sovet rəhbərliyi bölgədə artan gərginliyin qarşısını almaq əvəzinə, hadisələrə birtərəfli və ədalətsiz yanaşdı. Ermənistandan qovulan yüz minlərlə azərbaycanlı qaçqın vəziyyətinə düşdü, lakin onların hüquqları qorunmadı. Bu ədalətsizliklər Azərbaycan cəmiyyətində haqlı etiraz dalğasına səbəb oldu, milli azadlıq hərəkatı gücləndi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyi fövqəladə vəziyyət elan etmədən Sovet ordusunun ağır texnikalarla Bakıya daxil olması barədə qərar verdi. Dinc əhaliyə qarşı tanklar, zirehli maşınlar, avtomatlar və pulemyotlardan istifadə edildi. Qadın, uşaq, qoca demədən günahsız insanlar qətlə yetirildi. Rəsmi məlumatlara görə 130-dan çox insan həlak oldu, yüzlərlə şəxs yaralandı, yüzlərlə insan həbs edildi. Bu hadisə beynəlxalq hüququn, insan haqlarının və SSRİ Konstitusiyasının kobud şəkildə pozulması idi.

20 Yanvar hadisələri sübut etdi ki, Sovet dövləti öz varlığını qorumaq üçün öz vətəndaşlarının qanını tökməyə hazırdır. Bu faciə Azərbaycan xalqının SSRİ-yə olan son ümidlərini də puça çıxardı və müstəqillik ideyasını daha da gücləndirdi. 1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına qanla yazılmış ağır bir tarix olmaqla yanaşı, milli iradənin, azadlıq və ədalət uğrunda mübarizənin sarsılmazlığını nümayiş etdirmişdir. Bu faciə baş verdiyi ilk gündən etibarən ona siyasi-hüquqi qiymətin verilməsi məsələsi son dərəcə mühüm idi. Həmin tarixi missiyanı öz üzərinə götürən şəxs isə Ümummilli Lider Heydər Əliyev oldu. Faciənin ertəsi günü — 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Sovet imperiyasının total nəzarət və təzyiqlərinə baxmayaraq, açıq şəkildə Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan etdi. O dövrdə bu addım böyük cəsarət, siyasi iradə və milli məsuliyyət tələb edirdi. Çünki SSRİ rəhbərliyi 20 Yanvar hadisələri ilə bağlı ciddi informasiya blokadası tətbiq etmişdi və hər cür etiraz səsi amansızcasına boğulurdu. Heydər Əliyev həmin çıxışında 20 Yanvar faciəsinə açıq və prinsipial siyasi qiymət verdi. O, bu hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd ağır bir cinayət adlandıraraq, baş verənlərin mərkəzi sovet hakimiyyətinin və o zamankı respublika rəhbərliyinin xəyanəti nəticəsində meydana gəldiyini bəyan etdi.

Heydər Əliyev çıxışında Azərbaycan xalqına başsağlığı verərək, günahsız insanların qətlə yetirilməsini bütöv bir xalqa qarşı yönəlmiş tarixi cinayət kimi qiymətləndirdi. O, Bakı şəhərində törədilmiş terror aktına şərait yaradan sovet hakimiyyətinin nümayəndələrini və hərbçiləri açıq şəkildə cinayətkar adlandırdı. Bu, sovet sistemində nadir rast gəlinən və misilsiz bir mövqe idi.

Ümummilli Liderin bu çıxışı təkcə faciəyə münasibət bildirmək deyil, həm də xalqın səsini dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyırdı. O, şəxsi təhlükəsizliyini, siyasi gələcəyini riskə ataraq Azərbaycan xalqının haqq səsini müdafiə etdi. Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı söylədiyi aşağıdakı fikirlər onun mövqeyinin mahiyyətini açıq şəkildə ifadə edir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”. Bu sözlər təkcə bir siyasi liderin bəyanatı deyil, milli ləyaqətin və tarixi məsuliyyətin manifesti idi.

 Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinin simvoluna çevrilmiş 20 Yanvar faciəsi dövlətçilik tariximizin ən ağrılı, eyni zamanda ən qürurverici səhifələrindən biridir. Bu faciənin qurbanları olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin və həmin hadisələr nəticəsində sağlamlığını itirmiş şəxslərin sosial müdafiəsinin təmin edilməsi müasir Azərbaycan dövlətinin əsas prioritetlərindən biri kimi müəyyən olunmuşdur. Prezident İlham Əliyev bu sahədə ardıcıl, sistemli və humanist siyasət həyata keçirir.

Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində 20 Yanvar hadisələri ilə bağlı şəhid ailələri və əlilliyi olan şəxslər üçün effektiv və davamlı sosial müdafiə sistemi formalaşdırılmışdır. Dövlət siyasətinin əsas məqsədi bu insanların sosial rifahının yaxşılaşdırılması, onların cəmiyyətin qayğısı ilə əhatə olunmasıdır. Bu istiqamətdə mühüm sənədlərdən biri Prezidentin 2006-cı il 19 yanvar tarixli Fərmanı olmuşdur. Həmin Fərmana əsasən “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş, şəhid ailələrinə göstərilən dövlət qayğısı yeni mərhələyə qədəm qoymuşdur.

2018-ci ildən etibarən həyata keçirilən və 2025-ci ildə icra olunan növbəti mərhələ daxil olmaqla, 5 sosial islahat paketi çərçivəsində 20 Yanvarla bağlı sosial ödənişlər əhəmiyyətli dərəcədə artırılmışdır. Bu islahatlar Prezident İlham Əliyevin sosial siyasətinin ardıcıllığını və insan amilinə verdiyi yüksək dəyəri nümayiş etdirir. Belə ki, 2025-ci ildə icra olunan növbəti, 2018-ci ildən isə 5-ci sosial islahat paketi çərçivəsində də 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün Prezidentin aylıq təqaüdü 700 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 600 manata, 61-80 faiz pozulmasına görə 500 manata, 31-60 faiz pozulmasına görə 400 manata, həmçinin əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 300 manata, 250 manata və 180 manata çatdırılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq 120 manat müəyyən olunub.

Son 7 il ərzində icra olunan 5 sosial islahat paketi nəticəsində Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün 2,3 dəfə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3,5 dəfə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2,4 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə 4,6 dəfə artmışdır.
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri ilə təminatı da həyata keçirilir. Ölkə qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün digər bir sıra imtiyaz və güzəştlər də əksini tapıb;

Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Bu an ölkənin hər guşəsində həyat sanki dayanır, xalq öz şəhidləri qarşısında baş əyir. Gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, müəssisələrdə iş dayandırılır, insanların qəlbində hüzn və qürur hissi bir araya gəlir. Həmin gün həmçinin dövlət bayraqları endirilir, ölkə boyu matəm əhval-ruhiyyəsi hökm sürür. Bu rəmzi addımlar təkcə hüzn ifadəsi deyil, həm də şəhidlərin müqəddəs ruhuna göstərilən dərin ehtiramın dövlət səviyyəsində təsdiqidir.

Bu gün 20 Yanvar şəhidləri Azərbaycan xalqının qəlbində azadlığın və müstəqilliyin rəmzi kimi yaşayır. Onların xatirəsi daim ehtiramla anılır, qəhrəmanlıqları gələcək nəsillərə örnək göstərilir. Qanlı Yanvar təkcə faciə deyil, həm də xalqın ləyaqət və azadlıq dərsidir. Azərbaycan xalqı bu qanlı sınaqdan alnıaçıq çıxdı və sübut etdi ki, zor və terrorla onun azadlıq istəyini boğmaq mümkün deyil.

Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq 
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent