Qalxan Aİ-95, Aİ-98, qalxmayan...

Azərbaycanda Aİ-95 Premium markalı benzinin qiymətində dəyişiklik edilib (“qiyməti artıb” demək olmaz , dəyişiklik olub, vəssalam. Red- Ə.R.). 2021-ci ilin sentyabr ayından etibarən Azərbaycanda Aİ-95 markalı benzinin 1 litri 1,60 AZN-dən satılırdısa, hazırda 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.
Hətta Report-a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib ki, Azərbaycanda “Aİ-95” markalı benzinin satış qiymətinin dəyişməsi qlobal enerji bazarında gedən proseslərin təzahürüdür:” “Azərbaycanda bu marka benzin istehsal edilmir. Onu xaricdən alırıq. Bu ilin ilk 4 ayı ərzində ölkəyə gətirilən “Aİ-95” markalı benzinin bir tonunun idxal qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 300 ABŞ dolları çoxdur. Bu birbaşa olaraq neft qiymətlərinin artımı ilə əlaqədardır”.
Ekspert xalqı arxayın etdi ki, Aİ-95 Premium markalı benzinin bahalaşmasının Azərbaycan əhalisinə təsiri isə minimum həddə olacaq. Daha dəqiq, əhalimizin heç vecinə də olmayacaq.
Elə adıgedən saytda iqtisadçının fikirlərini "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib. Deyib ki,, xarici ölkələrdən Azərbaycana idxal edilən Aİ-95 premium və Aİ-98 super markalı benzinin qiymətində dəyişiklik baş verib. O dübarə bildirib ki, Aİ-98 markalı benzinin də satışı qiyməti dəyişib: Artıq 2,30 AZN-dən həyata keçirilməyə başlanıb”.
Axar.az-n verdiyi məlumatlara görə , dünya ölkələrində Aİ-95 markalı benzinin satış qiyməti ölkəmizlə nisbətdə olduqca yüksəkdir. Üstəlik, hətta Azərbaycandakı müvafiq qiymət artımından sonra belə əksər ölkələrlə müqayisədə Azərbaycanda Aİ-95-in qiyməti olduqca məqbul hesab oluna bilər. Məsələn, qonşu Gürcüstanda Aİ-95 markalı benzinin qiyməti müvafiq olaraq 1,34 ABŞ dolları (2,27 manat) təşkil edir. Daha bir qonşumuz olan Türkiyədə isə sözügedən qiymət 1,46 dollara (2,48 manat) bərabərdir. Azərbaycanda Aİ-95 Premium markalı benzinin yeni qiyməti Avropa ölkələrindəki qiymətdən də kifayət qədər aşağıdır. Məsələn, cənub-şərqi Avropa ölkəsi Rumıniyada bu rəqəm müvafiq olaraq 1,68 dollar (2,85 manat), qərbi Avropa ölkəsi olan İsveçrədə isə 2,36 dollara (4,01 manat) çatır.
Nəşr yazır:” Beləliklə, xüsusən vurğulamaq lazımdır ki, Azərbaycanda kütləvi şəkildə istifadə olunan Aİ-92 markalı benzinin qiymətində heç bir dəyişiklik edilməyib. Yaxın vaxtlarda da sözügedən markalı benzinin qiymətində hər hansı bir artımın olması gözlənilmir.”
Qeyd edək ki, “Brent” markalı neftin bir barreli 99,48 dollara, yüngül neftin bir barreli 95,73 dollara, “Azəri Layt” markalı Azərbaycan neftinin 1 barreli isə 113,91 dollara satılır.
P.S. Uzun illərdir acı təcrübə göstərir ki, yanacağın qiyməti qalxdıqdan dərhal sonra gündəlik tələbat mallarının, ərzağın, nəqliyyat daşımalarının və daşınmaz əmlakın ümumiyyətlə insan amilinə xidmət edən bütün sahələrdə qiymətlər artır. Yeganə qalxmayan predmet minimum əmək haqlarıdır…Əmək haqlarımız da Avropa ölkəsi olan İsveçrədəki əmək haqları ilə eyni olsaydı...qalxanlar bizim də vecimizə olmazdı…
Əntiqə Rəşid
Digər Xəbərlər

"Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək" - Bayraktar

Türkiyə-Suriya qaz kəmərinin açılış mərasimi keçirilir - VİDEO

Əhalinin kredit kartları almasına limit qoyulur

Azərbaycanda dövlətə ərzaq satışı ilə bağlı təkliflərin qəbuluna başlanıldı

Sabah Azərbaycan qazının Suriyaya ixracına start veriləcək

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

Emindən açıqlama: Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcək
