adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Mart 2017 21:24
20281
ƏDƏBİYYAT

Qadınları anam kimi sevdim - ŞEİRLƏR

Adalet.az Oğuz Ayvazın şeirlərini təqdim edir.


Qadınları anam kimi sevdim

atam olsaydı, deyərdi, 
səndən adam olmaz,
anam ağlayardı, 
əllərini dizinə çırpardı, 
ölmüş atasını xatırlayardı.
qardaşıma soruşsanız, deyər ki, o artistdi,
bacım olsa get özünə iş tap deyərdi,

mən hələ də 
qarın yağmasını 
gözləyirəm,
yolları yorğan tək 
örtmüş ağappaq qar.
adamların ayaq izlərini 
təmizləyərəm qar yağsa.

dostum Nicata qalsa 
belə havalarda
içmək daha yaxşı,
boşalan içki şüşələrinə, 
qışqıra-qışqıra 
danışan dostlara
və silkələnən, 
tərpənən hər şeyə baxmaq.

sən olsan çox içmə deyərdin,
sərxoş olanda səsin 
anama bənzəyirdi həmişə
evə tələsərdim onda
ağaclar asılan 
adamlara bənzəyərdi həmişə.

sevdiklərimə soruşsanız
mənim haqqımda 
heç nə deməzlər əslində,
mənə soruşsanız, 
böyük bir evin içinə atılmış
lazımsız bir əşyayam.

sən olsan deyərdin ki, 
yalançısan,
mən isə bütün qadınları 
anam kimi sevdim
amma anamı da 
aldatmadım desəm, 
yalan olar...

deyim, biləsiniz ki...
hələ də top oynayan 
uşaqlara baxan biriyəm.
hələ də itləri pişiklərlə 
dost eləməyə çalışan
və bütün qadınları 
unudan biriyəm,
mən böyük bir şəhərin 
yaddan çıxmış küçəsiyəm..


Bağışla

mən gedəndə yarpaqlar
tökülmüşdü o parka,
bir az içmişdim,
şəhərə sənin adını pıçıldayırdım
sərxoşdum, bir az qışqırdım,
qabağıma çıxan 
qızlara sataşdım, bağışla,

paltarım bədənimə 
yapışmışdı elə bil,
adamlar işıqdan 
çıxıb arta-arta
bir qatar kimi 
üstümə gəlirdilər,
bu da sizin yol, 
tez-tez görüşdüyümüz yerlər
sənin keçdiyin 
küçələrə tüpürdüm, bağışla.

daha gözəl qızlarla 
baxışdım bu gün
sonra başladım arxanca deyinməyə,
ağzıma gələni deməyə, söyməyə,
Tanrını, səni, 
yoxluğunu...
sənə aldığım gülün 
başını üzdüm, bağışla.

küçəmiz sizin küçəyə bənzədi
bircə zibil maşınıdı fərq
qaranlıqda ağaca 
dırmaşan pişiyə daş atdım
pişikləri çox sevirdin, bağışla.


Səni sevmirəm

anamı, bacımı, 
bir də səni çox sevdim,
anam getdi,
bacımla tez-tez dalaşırıq,
səni heç tanımıram.
anamı görməmişdin, 
mən sənə oxşadırdım;
uzun saçı,
balaca burnu,
çox danışması,
gedəndə xəbər 
verməməsi eyni səniydi.
zəng edəndə 
bilirdik qayıdacağını...

səninlə aramızda
xatirə olacaq
heç nə yaşanmayıb.
yaddaşıma gəlib-gedən üzün var -
rentgen işıqları kimi.
bircə dəfə danışdıq,

sən bir cümlə dedin, 
mən iki cümlə
səninki yadımdadır: səni sevmirəm.
oysa anam da sevərdi,
bacım da,
mən də,
hələ bəlkə başqaları da...

anamı tanıyıram - getdi,
bacımı tanıyıram - evdədir,
səni tanımıram, sevirəm.