adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Mart 2023 10:53
873
MARAQLI

“Qadın taleyi” rubrikası: “Xalam oğluyla ailə qurdum, amma ayrıldıq...”

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat heyakəsini təqdim edir. Bu dəfə sizə Elzanın (adı şərtidir) həyat hekayəsini təqdim edəcəyik. Elza deyir ki, öz xalası oğluyla ailə qurub, amma sonradan ailəsi dağılıb. O, olanları əməkdaşımıza belə nəql edib:

“İki qardaşın bir bacısıyam. Gənclik vaxtlarımda məni istəyənlər çox oldu, amma nədənsə Allah qismət eləmədi. Bir oğlan məni sevirdi, amma elə oldu ki, aramızı düzəldən qız onu əlimdən aldı. Sonra heç onlar da ailə qura bilmədilər, ailələri razı olmadı. Mən isə təsadüfən xalam oğluyla ailə qurmalı oldum. Doğrusu, bu sevgi deyildi, valideynlərimizin istəyi ilə bu izdivac baş tutdu”. 

“Buna ilk səbəb ərimin Bakıda işləməyi oldu...”

“Bir müddət nişanlı qaldıq. Münasibətlərimiz çox yaxşı idi. Nişanlı qaldığımız dövrdə bir-birimizi sevməyə başladıq. Sonra isə ailə qurduq. Xalamın kiçik oğluyla ailə qurduğumdan xalamgillə birlikdə qalmağa başladıq. Bu illər ərzində iki övladımız dünyaya gəldi-bir qız və bir oğlan. Amma zaman keçdikcə münasibətlərimiz soyumağa başladı. Buna ilk səbəb ərimin Bakıda işləməyi oldu. O, Bakıda işlədiyi üçün orda başqa qadınlarla münasibət qururdu, görüşürdü. Artıq kəndə gec-gec gəlirdi. Bu da təbii ki, məni əsəbiləşdirirdi”. 

“Ərim dedi ki, anan niyə ailə işimizə...”

“Bir gün hər şeyi anama danışdım. Anam da gəlib xalama iradını bildirdi. Xalam, yəni qayınanam bunları ərimə deyəndə evdə davamız düşdü. Ərim dedi ki, anan niyə ailə işimizə müdaxilə edir? Bundan sonra münasibətimiz daha da pisləşdi və ərim məndən boşanmağa qərar verdi. Qərarı o verdiyi üçün mən nəsə deyə bilməzdim. Ondan sonra biz ayrıldıq. O, isə Bakıda işləməyə davam etdi və elə yaşadığı qadınla ailə qurdu. Mən isə bir müddət ata evimizdə qaldım. Daha sonra atamgil mənə ev tikib ora köçürdülər”. 

“Artıq taleyimlə barışmışam...”

“Ailəmi kartof və çiyələk sahələrində  fəhləçilik edərək dolandırıram. Atam və qardaşlarım da mənə köməklik edir. Oğlumun artıq məktəb yaşı çatıb. Amma atası bir dəfə gəlib övladlarıyla görüşmür. Mən pis idim, bəs övladlarınla görüşməli deyilsən? Bu hərəkətləri ilə uşaqlarımın da gözündən düşdü. Artıq taleyimlə barışmışam. Bu da qohum evliliyinin nəticəsi. Həyatı bilmək olmur. İnsanlar ailə qurmamışdan öncə və sonra çox dəyişirlər. Sanki məni sevən, çox istəyən xalam oğluyla ailə qurmamışdım”. 

Vasif Əlihüseyn