adalet.az header logo
  • Bakı -°C
16 Noyabr 2026 13:18
38
GÜNDƏM
A- A+

"Praktikada bu aktlar arasında bəzən ziddiyyətlər yaranır" - Palata sədri

"2027-ci ilin layihəsi ilə bağlı mərkəzi icra hakimiyyəti orqanları ilə son iki ayda intensiv müzakirələr aparılıb, müzakirələrin nəticəsi olaraq, “Büdcə zərfi”nə dəqiqləşdirmələr və əlavələr edilib. Ümumiyyətlə, bildirməliyəm ki, büdcə prosesinin iştirakçıları ilə aparılan konstruktiv müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

"Ölkəmizdə “Büdcə sistemi haqqında” Qanunun yenilənməsi və müasir iqtisadi çağırışlara uyğunlaşdırılması ilə bağlı bizim tərəfimizdən, ayrı-ayrı millət vəkilləri tərəfindən mütəmadi olaraq təkliflər irəli sürülür. Eyni zamanda, qanunun Milli Məclis üçün önəmli olan - maliyyə sənədlərinin təqdimat siyahısını tənzimləyən 12, 16, 18 və 20-ci maddələrinin müasir rəqəmsal idarəetmə sürəti ilə uyğunlaşmasına ehtiyac var. Yenilənmə iqtisadi resursların daha səmərəli istifadəsini təmin etmək üçün vacibdir. Müasir dünya dövlət proqramlarının effektivliyini və dayanıqlı inkişaf məqsədlərini birbaşa qanunvericiliyə inteqrasiya edir. Ölkəmizdə də bu sahədə islahatlara başlanılıb, lakin prosesin tam hüquqi status qazanması üçün qanunun fundamental şəkildə yenilənməsinə ehtiyac var. Hazırda büdcə münasibətləri fərqli hüquqi aktlarla tənzimlənir və praktikada bu aktlar arasında bəzən ziddiyyətlər yaranır. Bu ziddiyyətlərdən çıxış yolunu bütün büdcə prosesinin vahid hüquqi sənəddə təsbit edilməsində, başqa sözlə desək - Büdcə Məcəlləsinin hazırlanmasında görürük", - deyə Palata sədri qeyd.