adalet.az header logo
  • Bakı -°C
16 Noyabr 2026 13:16
49
ANALİZ
A- A+

TƏQVİMİN ÜÇQAT ƏLAMƏTDAR SƏHİFƏSİ

17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb

Milli Dirçəliş Gününün mənəvi əsasları əslində ötən əsrin 60 illərinin sonlarından Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlamışdır. Xalqa özünüdərk, sağlam ruh gətirən Heydər Əliyev Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, elmin, mədəniyyətin dirçəlişinə xüsusi önəm verdi. Bununla da Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Ulu Öndərin Respublikada yaratdığı bu mənəvi, psixoloji, iqtisadi baza təxminən 20 il sonra Sovetlər birliyi dağıldıqdan sonra xalqın dayağı oldu.

Şovinist erməni separatçılarının Topxana meşəsində törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlının qətlə yetirilməsi Bakıda milli hissləri daha da alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Məhz həmin ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə, həmçinin faşizm ideologiyası ilə silahlanmış ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklər, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, azərbaycanlıların Ermənistandan kütləvi surətdə deportasiya edilməsinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı.

Paytaxtın mərkəzində Azadlıq Meydanına axışan xalq kütlələri 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Xalqımız azad olmağa layiq olduğunu bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi. Qüdrətli xalq hərəkatının əzəməti Respublikamızın bütün şəhər və rayonlarını bürüdü. SSRİ-də ən iri miqyaslı kütləvi etiraz aksiyası olan bu mitinqlər dekabrın 4-dək davam etdi. Bunları görən rəsmi Moskva Azərbaycanda  ilk dəfə fövqəladə vəziyyət elan edərək,  SSRİ-in müxtəlif ərazilərindən dislokasiya edilmiş Daxili Qoşun Qüvvələrini Meydanda yerləşdirməklə dekabrın 3-dən 4-ə keçən gecə mitinqi dağıtdı. Lakin o zaman Xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı. Noyabrın 17-dən başlayan Meydan hərəkatı Azad Azərbaycanın təməlini qoydu.

Təəssüf, 1988-ci ildə Xalq hərəkatı alovlananda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilmədi. Xalqın maraqlarından daha çox, imperiyanın və özlərinin maraqlarını düşünən bu siyasətbazların siyasi savadsızlığı üzündən xalqımıza qarşı 1990-cı ilin 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən o zamankı  hakimiyyətin  xalqın dirçəliş və oyanışını  mütərəqqi səmtə yönəltmək iqtidarında olmadığından, xalq  yenə də Ulu Öndər Heydər Əliyevə üz tutdu.

1990-cı il  noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində yeni tərkibdə keçirilən ilk sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul edildi və bununla  əlaqədar Azərbaycan Ali soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə uzanan yolun başlanğıcı qoyuldu. Sonradan 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən hər il noyabrın 9-u "Dövlət Bayrağı Günü" elan edilmişdir. Bununla da təqvimin həmin səhifəsi Azərbaycan tarixi üçün üçqat əlamətdar oldu.

1991-ci ilin mart ayında  Azərbaycan SSRİ Ali Sovetinin iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan edərək belə deyirdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır.  Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”. Ümummilli lider Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. 17 noyabr bir daha göstərdi ki, bütün ciddi-cəhdlərə baxmayaraq, azad yaşamaq haqqına malik olan bu yolda bütün çətinliklərə sinə gərən xalqı daha müstəmləkə əsarətində saxlamaq qeyri-mümkündür.

17 Noyabr – Milli Dirçəliş Günü xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil etməklə, Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Qürurverici haldır ki, bu gün xalqımız Milli Dirçəliş Gününü 30 ilə yaxın ərazilərimizin  20 faizini işğal altında saxlayan, 28 il ərzində ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayan Ermənistan Silahlı Qüvvələrinə qarşı 44 günlük Vətən müharibəsində  ölkə Prezidenti,  Ali Baş Komandanı  cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun yağı düşmən üzərində Möhtəşəm Zəfəri ilə  qeyd edir. Ulu Öndər Heydər Əliyevin siyasi varisi ölkə Prezidenti  cənab İlham Əliyev altı il öncə Dirçəliş günü ərəfəsində Azərbaycan tarixinin ən parlaq səhifəsinə imza ataraq mümkünsüz olanı mümkün etdi. Azərbaycanın ən böyük probleminə son qoydu, ən böyük milli məsələsini həll etdi. Ali Baş Komandanı olduğu Rəşadətli Azərbaycan Ordusu onun rəhbərliyi altında təqribən 30 illik əsarətdən sonra torpaqlarımızı erməni işğalından azad edərək dövlətimizin ərazi bütövlüyünü təmin etməklə xalqımızın milli qürurunu özünə qaytardı. Bu gün müdrik lideri və yenilməz sərkərdəsi cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalqımızın birliyi və həmrəyliyi bir daha dünyaya göstərdi ki, xalqımızın iradəsini heç bir qüvvə sındıra bilməz. Bu gücün bəxş edəcəyi daha böyük zəfərlər isə hələ qarşıdadır.

Elnurə Fizuli qızı İsgəndərova,
Ə. Qadaşov adına Pirəkəşkül kənd tam orta məktəbin direktor müavini