adalet.az header logo
  • Bakı 19°C
18 May 2023 12:05
1629
GÜNDƏM, MÜSAHİBƏ

Polkovnik:"Laçının azadlığı mənliyimizi bizə qaytardı, amma hələ də yurduma həsrətəm" - MÜSAHİBƏ

Ermənistanın Azərbaycana qarşı cinayətlərindən birinin ildönümüdür.
Adalet.az
xəbər verir ki, 31 il əvvəlin bu günü - Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olundu.Axı Şuşa kimi Laçında elə coğrafi relyefdə yerləşib ki, düşmən yüz il də oranı mühasirədə saxlasaydı, şəhərə daxil ola bilməzdi. Azərbaycanın ilk nizami hərbi hissəsi olan Laçın alayının komandiri, polkovnik Arif Paşa ilə birlikdə 31 il əvvələ dönürük:


- Cənab Polkovnik, inanıram ki, aradan 31 il keçməsinə baxmayaraqbu tarixi ən kiçik detallarına qədər unutmamısınız? Daha dəqiq unuda bilməmisiniz...O məşum gün həm bir laçınlı olaraq yurdunuz əldən getdi, həm bir komandir olaraq çarəsiz duruma salındınız...


-Laçının işğalı deyəndə indi də ürəyim sızıldayır. Amma qəti əminliklə deyirəm və həmişə deyəcəyəm ki, müharibə nə xalq, nə laçınlılar, nə də ordu uduzdurdu...Allah da şahiddir ki, laçınlılar da, xalq da, ordu da döyüşürdü. Qalibiyyətə mane olan ölkənin siyasi-hərbi rəhbərliyi və orduda yerləşən 5-ci kalon üzvləri di. Bu iki faktorun fəaliyyəti torpaqlarımızın erməni işğalına keçməsinə zəmin yaratdı. Xocalı, Şuşa və nəhayət Laçının işğalını həmin “zəmin”in məntiqi nəticəsi hesab edə bilərsiniz.


- Arif bəy, bir dəfə bir qəzetdə oxudum ki, həmin vaxt sizin də səlahiyyətləriniz əlinizdən alınmışdı. Nə baş vermişdi?


- Erməni düşməndi, bunu bilirik!Ermənidən gələn zərbələri də “düşmən zərbəsidir” deyib mərdliklə qəbul edirik, yeri gələndə cavabını veririk. Amma heç kim , Laçının işğalına aparan 30 aprel 1992 - ci il tarixli 0151 saylı əmri - Laçın Alayının ləgvi və mənim komandirlikdən uzaqlaşdırılmağımı yetərincə dəyərlindirməyə cürət etmədi... Laçın hərbi və siyasi rəhbərlikdə Rusiyaya bağlı, Azırbaycanı Rusiyanın təsir dairəsinə qaytarmaq istəyən güclərin o zaman üstün olan iradəsi ilə işğal edildi! 28 il sındırılmış və alçaldılmış bir təəssüratla yaşadıq...


- Babalarımız deyib, yaman günün ömrü az olar... Nəhayət...


- Bəli, 44 günlük müharibə QÜRURUMUZU, LƏYAQƏTİMİZİ və MƏNLİYİMİZİ özümüzə qaytardı.
Laçının , eləcə də digər işğal olunmuş ərazilərimizin azad edilməsi təəssüratı dillə deyiləsi mümkün olmayan təəssüratdı... Bunu ancaq o həyatı yaşamışlar bilər... Dünyaya yenidən gələn insan hansı hissləri keçirər... Bu dünyanı görüb gedən və yenidən qayıdan insan... Amma qabarıq ifadə olunan bir hiss var idi - QÜRUR , SEVİNC və KÖVRƏKLİK...


-Xoşbəxtliyinizi, sevincinizi anlayıram!Haqqınız da var sevinməyə! Komandir, Laçını neçə dəfə ziyarət etmisiniz?


- Təəssüf ki, heç bir dəfə də Laçını ziyarət edə bilməmişəm... 31 ildir həsrətinə korun-korun yandığım yurdumu görmək istəyəndə arzum ürəyimdə qalır. Hər dəfə bir bəhanə gətiriblər, ziyarətim əngəllənib. Kaş ki, gedib Laçınımı görəydim. Laçının bərpasında məmnuniyyətlə iştirak edərdim! Amma kimlərsə mənim Laçına getməyimi məqsədəuyğun saymır...


- Düzü mən də təəssüfləndim... Sizin kimi bir Vətən fədaisini öz yurduna buraxmamaq həqiqətən də təəssüf doğurur. Yəqin ki, əlaqədar orqanlar, bu yazımızdan sonra sizinlə əlaqə saxlayıb, arzularınıza çatmağa şərait yaradacaq.... Əminik!


Əntiqə Rəşid