Polkovnik: ”Əmr verildi ki, Almatıdakı etirazçıları qırın, biz də...” - MÜSAHİBƏ
                            Bu gün redaksiyamızın qonağı, müsahibim ehtiyatda olan polkovnik Azay Kərimovdur.
Son günlər Qazaxıstanda baş verən iğtişaş və olaylarla bağlı onun da fikirlərini Adalet.az-ın oxucularının diqqətinə çatdırmaq istəyirik.
- Cənab polkovnik, bildiyimiz qədəri ilə siz Ukraynada- Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən, hərbi təhsilinizi başa vurduqdan sonra təyinatla Qazaxıstanın Almatı şəhərindəki hərbi-hissəyə göndərilmisiniz. Qazax xalqını həmin dövrdə gənc leytenant necə tanıdı ?
- Onu qeyd etməyə ehtiyac yoxdur ki, qazaxlar Altay ailəsinə daxil olan türk xalqlarından biridir. Bunu hamı bilir. Dinləri İslamdır. Amma ilk təəssüratım o oldu ki, burada alkoqolizm və narkomaniya başqa respublikalara nisbətdə xeyli inkişaf etmişdi. Bu ürək açan olmasa da, qazaxların öz millətini sevməsi, milli atributlarına hörmətlə yanaşması da diqqətimdən yayınmadı. Ölkədə 100-dən artıq etnik qruplar və xalqlar yaşamasına baxmayaraq qazaxlar öz milli adət-ənənələrinə sadiq qalmışdılar. Ölkə əhalisi demək olar ki, dövlət dili qazax olmasına baxmayaraq rus dilində danışırdı. Bu da qazaxları incidirdi, onlarda qısqanclıq yaradırdı. Qazaxıstanda qazaxlardan sonra sayına görə çox olan ruslara qarşı antipatiyanı hiss etməmək də mümkün deyildi.
- Bəlkə də elə bu səbəbdən Almatı, 1986-ci il də SSRİ ərazisində milli zəmində kütləvi iğtişaşların baş vediyi ilk nöqtə oldu? Dediyinizə görə, həmin il siz orda xidmətdəydiniz...
- Nəinki orda xidmətdəydim, hətta birbaşa hadisələrin içərisindəydim. Kütləvi insan qırğınını da ilk dəfə 1986-cı ilin soyuq dekabrında Almatı hadisələri zamanı gördüm. O ilk milli zəmində olan ən böyük iğtişaş idi ki, sonrakı münaqişələrə də yol açdı. Səbəb kimi Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsindən Dinməhəmməd Kunayev çıxarıldı və ora birinci katib olaraq Moskva tərəfindən qeyri-qazax Gennadi Kolbinin təyin edildi. Bu Almatıda çox sərt qarşılandı və qazaxların heysiyyətinə toxundu. O vaxt dövlət meydanı kimi fəaliyyət göstərən Brejnev meydanı (hazırda Respublika Meydanı-red-Ə.R) ) bir gecədə etirazçılar tərəfindən tutuldu. Dekabrın 16-da başlanan mitinq 2 gün müddətində məcrasını dəyişərək siyasiləşdi və nəzarətdən çıxdı.Etirazçılar dinc insanlara hücum edir, rusları döyür, bəzən öldürürdülər. Ticarət, iaşə və digər obyektlərə hücumlar təşkil edirdilər, sərnişinləri marşrutdan düşürür, avtobusu yandırırdılar. Küçəyə çıxmaq həyat üçün təhlükə yaradırdı.

- Ordu hadisələrə necə müdaxilə etdi?
- O vaxt SSRİ –nin müdafiə naziri Sergey Sokolov idi. Gecədən bizə yazılı “əmr” gəldi. Əmri general-leytenant S. Nurmaqambetov imzalamışdı. Əmrdə deyilirdi ki, döyüş silahından və patrondan istifadə edilməsinə tam icazə var, ... əmr verdilər ki, qırın. Almatı faciələrində kifayət qədər adam ölmüşdü. Mən Sovet ordusunun nəyə “qadir” olduğunu ilk dəfə orda gördüm. Həmişə demişəm, 20 yanvar faciəsi Almatı faciəsi qarşısında heç nə idi.
-Etirazçılara atəş açılması hansı hadisədən sonra baş verdi?
-Hərbi qüvvələr iğtişaşların ilk günündən meydandaydı. Dekabrın 16-19-u ərzində Almatının girişlərində 50 min hərbçidən ibarət qüvvə yerləşdirilmişdi, Aktau buxtasının giriş-çıxışı Xəzər hərbi donanmasının gəmi və katerləri vasitəsilə blokadaya alınmışdı. Daxili Qoşunların əsgərləri və hərbçilər meydanı mühasirəyə almışdı. Bu vaxt çox gənc və milliyyətcə rus olan bir əsgər təsadüfdənmi, yaxud plan üzrəmi, bilmədik, etirazçılara yaxınlaşıb onlardan bir siqaret istədi. Etirazçılar onu bir anda qamarlayıb, kütlənin içərisinə apardılar.Əsgəri elə o dəqiqə öldürdülər və meyidini də mühasirə yaradan hərbçilərin yaxınlığına atdılar. Bir anlığa, nə olduğunu anlamadıq və həmin əsgərin həmyerlisi, dostu olan başqa bir əsgərin hərbi yük maşınını sürətlə etirazçıların üzərinə sürdüyünü gördük. Onlarla insanın cəsədləri meydanla bir oldu. Etirazçılar həmin əsgəri də öldürdülər. Bu olaydan sonra bizə “atəş” əmri verildi. Meydan yüzlərlə insanın cəsədləri ilə doldu. Meydanda təxminən 600-dən çox cəsəd vardı. Amma qazaxların fərasətsizliyi onda oldu ki, bir dənə də cəsəd əldə edə bilmədilər, Çünki hərbçlər cəsədləri dərhal yığışdırır və yanğınsöndürənlərlə gəlib hər yeri yuyurdular. Bir dənə də iz qalmırdı. Cəsədlərin hamısını yığıb Kopçaqay gölünə tökürdülər. Qazaxlar azərbaycanlılardan fərqli olaraq bu faciəni siyasiləşdirə bilmədilər.
- Sovet Ordusunun nəyə “qadir” olduğunu göstərən daha hansı hadisələrdə şahid oldunuz?
- 1989-cu ilin iyunun 1-dən 5-nə qədər olan tarixlərdə Özbəkistan Fərqanə hadisləri deyə bir iğtişaş baş verdi. Ermənilərin fitvası ilə Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən qırğınlar başladıldı. Qırğızıstanın Oş vilayətində də eyni tipli iğtişaşlar oldu. Və bütün iğtişaşların sonluğu Almatıdakı sonluqla bitdi. Bu o deməkdir ki, Rusiya komandanlığı altında olan hərbçilər girdikləri ərazilərdə heç də “sülhməramlı” olmurlar.
- Azay müəllim, məlumdur ki, bu ilin əvvəlində Qazaxıstanda başlayan iğtişaşların qarşısını almaq üçün Belarusdan 500, Tacikistandan 200, Ermənistandan 70 nəfər sülhməramlı göndərilib. Bu rəqəmlərdən fərqli olaraq Rusiyadan 3000 hərbçi Qazaxıstana yeridilib. Sizcə, niyə?
- Qazaxıstanda qazaxlardan sonra ən çox ruslardı. Rusiya yəqin ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dəvətindən sonra orada yaşayan rusları da qorumağın vacib olduğunu bildirərək əsgərlərinin sayını artırıb.
- Son illər Rusiya rəsmiləri Qazaxıstanın şimal hissəsinə iddialı olduqlarını, Şimal hissənin Rusiya torpaqları olmasını israrla deyirdi Sizcə, bu amil 3 minlik Rusiya qoşununun Qazaxıstana yerləşdirilməsinə əsas ola bilərmi?
- Bayaq Almatıda, Fərqanədə, Oşda sovet ordusunun necə acımasızcasına xalqın üzərinə yeridiyini danışdım. Bunu 1990-cı ilin  faciəli yanvar hadisələrində də gördük. Bir hərbçi, bir zabit kimi qeyd edim ki, SSRİ-nin varisi olan Rusiya ordusu mahiyyət etibarı ilə sovet ordusundan fərqlənmir və  sadəcə ad dəyişib. Bunu 2008-ci ilin avqust ayında Rusiya-Gürcüstan müharibəsində də gördük. Qazaxıstandakı Rusiya ordusundan orada hakimiyyəti Rusiya maraqlarına uyğun idarə edilməsində istifadə ediləcək. Əgər nə vaxtsa Qazaxıstan hakimiyyəti və xalqı o ordunun ölkədən çıxardılmasını gündəmə gətirsələr bu Qazaxıstana baha başa gələcək. Yəni,  Rusiya rəsmilərinin də iddia etdikləri  Qazaxıstanın şimal bölgəsi Rusiyanın əlinə keçə bilər. Bu mümkün variantdır. Bir sözlə, Prezident Kasım-Jomart Tokayevin Rusiya ordusunu  .  Qazaxıstana dəvət etməsi bir neçə onilliklər qazax xalqının əleyhinə işləyəcək bir səhv qərar kimi yadda qalcaq.
 
- Maraqlı müsahibəyə görə təşəkkür edirik.
Əntiqə Rəşid
 
 
Digər Xəbərlər
        
        03 Noyabr 2025 11:23
    
    Ailə planlanlanması nədən ibarətdir? - Səhiyyə Nazirliyinin mütəxəssisindən tövsiyə
        
        30 Oktyabr 2025 17:32
    
    Günay Əfəndiyeva: “Azərbaycan ilə Qazaxıstanın tərəfdaşlığı həyatın müxtəlif istiqamətləri üzrə genişləndirilməkdədir”
        
        27 Oktyabr 2025 11:22
    
    Hamiləlikdə hansı qidalar tövsiyə olunmur?
        
        27 Oktyabr 2025 10:32
    
    Dənizin sözə dönən səssizliyi – Dənizçi-şairlə söhbət
        
        27 Oktyabr 2025 09:33
    
    Müasir dövrdə kitabxanalar biliklər kompleksidir - MÜSAHİBƏ
        
        27 Oktyabr 2025 08:43
    
    «MÜASİR AZƏRBAYCAN BƏDİİ ƏDƏBİYYATININ STRUKTUR TƏRKİBİ...»
        
        24 Oktyabr 2025 11:26
    
    Qrip mövsümü başlayır. Peyvənd kimlərə vacibdir? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti cavab verir
        
        21 Oktyabr 2025 09:47
    
    

                                Bakı -°C
                            
    
            
            
            
            
            