15 Sentyabr 2022 09:58
2188
ƏDƏBİYYAT

Özü məktəb olan MÜƏLLİM... - Nicat Kolan yazır

Bəşəriyyət mövcud olduğu vaxtdan elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunur. 

İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətli iş sayılır. Müsəlman dünyasının ən görkəmli şəxsiyyətlərindən biri sayılan, dərin bilik və ağıl sahibi Həzrət Əli müəllimə dəyər verərək: "Mənə bir hərf öyrədənin köləsi olaram" deyir. Türk Cümhuriyətinin dahi lideri Qazi Mustafa Kamal Atatürk isə:"Müəllim şama bənzər, özünü əridərək başqalarına işıq verər" kimi işlətdiyi ifadəsi ilə müəllimin necə bir ali məqamda olduğunu vurğulayır.
Müəllimlik deyərdim ki, ən çətin, ən mürəkkəb peşə sayılır. Çətin olduğu qədər də məsuliyyətli, şərəfli və müqəddəsdir. Əlbəttə, bu müqəddəs peşənin sahibi olan müəllimlər öz fədakarlıqları, ləyaqətləri ilə şagirdlərinə bilikdən başqa həm də ruhun, qəlbin zənginliyi bəxş edirlər, həyatı düzgün dərk etməyi, cəmiyyətdə layiqli yer tutmağı da təbliğ edirlər... Şagird gələcəkdə hansısa bir elmi biliyin, vəzifənin, rütbənin, məqamın sahibi olmasa  belə cəmiyyətin bir fərdi olur. Müəllimin də amalı, qayəsi cəmiyyətə sağlam düşüncəli, dərrakəli, şüurlu, ağıllı vətəndaşlar yetişdirməkdir. Məhz buna görə də müəllimi cəmiyyətin memarı adlandırırlar. Bu xüsusda müəllimin əməyi ölçüyə gəlməyəcək qədər qiymətsizdir...

Yaxşı yadımdadır, məktəbdə oxuduğumuz zaman müəllimlərimizdən həm çəkinərdik, həm də hörmətlə yanaşardıq. Məktəbdə yanlarından ötüb keçəndə başımızdakı papağı belə hörmət əlaməti olaraq çıxardardıq... Küçədə, bayırda, yay tətillərində müəllimimizlə haradasa rastlaşanda elə zənn edərdik ki, bizi izləyir, bizə göz qoyur. Sinifdə bizə nə deyəcək, hansı iradı bildirəcək deyə səksəkədə keçirdərdik həmin günləri. Mən müəllim ailəsində böyüməyimə baxmayaraq, elə düşünürdüm ki, müəllim yemir, içmir, yatmır, sanki qeyri-adi bir varlıqdır...


15 sentyabr ölkəmizdə "Bilik günü" kimi qeyd olunur. Bu haqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı var. Bu gün müəllimlərin günüdür...

Müəllim adı gələndə, müəllimlikdən söz düşəndə mənim dərhal xatırladığım, bu peşənin etalonu, öncüsü saydığım bir insan var...Elman Bayramov....
Ağlım kəsəndən bəri Elman müəllimi məktəbdə dərs tədris edən görmüşəm. Hər zaman səliqəli geyimi, nümunəvi, əxlaqlı davranışı, səmimiyyəti, sadəliyi, kiçiklə kiçik, böyüklə böyük kimi rəftarı ilə seçilir. Müəllim adı onunçün ən yüksək mərtəbə sayılır, bu adı şərəfi ilə qoruyur. Hər şeydən öncə vətənpərvərliyi tərənnüm edir, vətəni, dövləti, bayrağı sevdirir şagirdlərinə. Onları şəxsiyyət kimi yetişdirmək üçün özü bir örnəkdir...

Ata yolunun davamçısı...

Elman Bayramov 12 avqust 1958-ci ildə Ağdam rayonunun Əlimədətli kəndində  ziyalı bir ailədə göz açır bu dünyaya. Atası Fərman müəllim dövrünün ziyalısı, dil-ədəbiyyat müəllimi olur. Müxtəlif dövrlərdə dərs hissə müdiri, məktəb direktoru kimi vəzifələrdə çalışır. Ötkəmliyi, ağıryanalığı ilə eldə, obada sayılıb seçilən kişilərdən olur. Özündən yaşca böyük olan qardaşı Qurban Bayramov da ixtisasca dil-ədəbiyyat müəllimidir. Hazırda respublikamızın qabaqcıl ədəbiyyatşünas alimi, tənqidçi, filologiya elmləri doktoru, professordur. Böyük bacısı Səyyarə xanımda biologiya müəllimi olur. Yəqin ki, belə bir ailədə böyümək Elman müəllimin də gələcəkdə bu peşəni seçməyinə siraət edir. 1975-1979-cu  illərdə o vaxt ki, Stepanakert Pedaqoji İnstitunda ali təhsil alır. Tələbəlik illərindən danışanda ermənilərin o vaxtlarda da azərbaycanlılara qarşı qərəzli mövqe tutduqlarını vurğulayır. Əlaçı olmasını istəməyən müəllimi Janna Calalovna adlı erməni qadın qəsdən qiymətini aşağı salır ki, şərəf lövhəsinə şəkli vurulmasın...Təəssüf hissi ilə qeyd edirəm ki, tülkü cildinə girmiş bu millətin bizə qarşı olan düşmənçiliyini elə bil heç kim anlamır, heç kim görmürdü...Pedaqoji fəaliyyətinə Ağdam rayonunun Xaçındərbənd kənd orta məktəbində müəllim kimi başlayır. Aprel döyüşlərində şəhid olmuş Xalq Qəhrəmanı polkovnik-leytenant Raquf Orucov da onun şagirdi olur. İxtisası fizika-riyaziyyat olsa da poeziya aşiqi, şeiriyyatın vurğunudur. Bu sevgi yəqin ki, genetikdir. Riyazi terminləri, tənlikləri belə şeir dili ilə izah edir şagirdlərinə. Elman müəllimin çox maraqlı söhbətləri olur, canlı arxiv, ensiklopediyadır deyərdim. Hal-əhval tutanda özünə məxsus qafiyə ilə cavab verir: "Köhnə hamam, köhnə tasdı, biri rusdu, biri farsdı". Əvvəllər zarafatla deyilmiş bu qafiyənin mənasına fikir verməzdim, əslində isə, dərin mənası, böyük bir məntiqi var. Vətənimizi bölən, bizə illərdir problem yaradan, yaşadan elə rus və farsdı... Müəllim  bir beytlik qafiyə ilə bunu aydın şəkildə izah edir.



Tariximiz unudulmasın...


Azərbaycanın, eləcə də Qarabağın tarixini dərindən bilir. Hərdən zəng edib kefin-halın soruşanda söhbət əsnasında mənə deyir ki: "Gəlmirsən ki, sənə  tarixdən dərs keçim, get yaz, tariximiz, keçmişimiz unudulmasın".

Elman müəllimin tükənməyən enerjisi var,  məni maraqlandıran sual olanda ya telefonda, ya da görüşəndə soruşuram, yorulmadan saatlarla hər şeyi izah edir. Hərdən qoluma dümsük vuraraq:-"Fikrin məndə olsun, yatma"-deyir. Bu isə onun müəllim kimi peşəkar olduğunun, qarşısındakı insana öyrənci gözü ilə baxdığının nümunəsidir. Sual vermisənsə öyrətməsə əl çəkmir...

Ağdamın işğalından sonra bir müddət Bakı şəhəri 49 saylı məktəbdə fəaliyyət göstərir. Amma, doğma el-obasına bağlılığı onu Bakı şəhərində yerləşən 73 saylı Ağdam tam orta məktəbinə gətirir. Dərs hissə müdiri vəzifəsinə qədər yüksəlir. Hazırda 43 illik pedaqoji fəaliyyəti var, əməkdar müəllimdir. Bu illəri bütün çətinliklərə, sıxıntılara sinə gərərək ömür-gün yoldaşı Zərifə xanımla bərabər addımlayırlar, o da fizika-riyaziyyat müəllimidir. Məktəbdə bir iş yoldaşı, evdə isə həyat yoldaşı, nəcib qadın, qayğıkeş ana kimi həyatın ağır, çətin anlarında Elman müəllimə dəstək olur. Bu cütlük 2 övlad böyüdür, hazırda 5 nəvə payları var...

Elman müəllim özü bir məktəbdir, yüzlərlə şagirdin həyat yoluna işıq salıb, yüzlərlə şagird bu məktəbin əməyindən bəhrələnir...



  Ən böyük əsgər müəllimdir...

 



Bir yerdə oxumuşdum ki, müəllim dövlətin əsgəridir. Elman müəllim bu gündə özünü Azərbaycanın əsgəri sayır. 1-ci Qarabağ döyüşlərində qələmi atıb, silaha sarılan ilk müəllimlərdən olur. Milli Qəhrəman Şirin Mirzəyevin yaratdığı özünü müdafiə taborunda mənfur düşmənə qarşı döyüşür. Qısa zaman ərzində bölük komandiri kimi məsuliyyətli vəzifəyə yüksəlir. Bir çox qanlı döyüşlərdə əsgərləri ilə iştirak edir...Ağdam Şanlı Ordumuz tərəfindən işğaldan azad olunduqdan sonra ziyarətə ilk gedənlər elə Mirzəyevçilər olur. Elman müəllimin əynində 30 il öncə döyüşlərdə geydiyi hərbi formanı görəndə heyrət məni bürüdü. Demək, bu illər ərzində həmin əsgər paltarını qoruyub saxlayır və söz verir ki, birdə Ağdam alınanda  geyinəcəm bu paltarı. Şükürlər olsun ki, Allah onun arzusunu ürəyində qoymur, Ağdamı yenidən görmək ona nəsib olur...

Hərbi ənənəyə sadiq qalaraq indi də hər gün şagirdlərini sıraya düzür, sayqı duruşu ilə dövlət himnimizi səsləndirir. Bu düzülüş hərbi ritualı xatırladır sanki... Ondan sonra dərsə başlayır...

Təhsilə, tədrisə qayğı və diqqət...

"İnsanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intelektual potensialı da möhkəmlənir.

Bu gün vaxtı gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq"- bu sözləri Ölkə prezidenti İlham Əliyev cənabları Ağdam şəhərində 1 saylı məktəbin təməl qoyma mərasimində söyləyir. İşğaldan azad olunmuş ərazilərimizdə ilk olaraq məktəb binasının təməlini qoymaq ölkə başcısının təhsilə, tədrisə, elmə olan diqqətinin, qayğısının təzahürüdür...

Şair Nüsrət Kəsəmənli müəllim haqqında yazdığı şeirində müəllim peşəsinin bütün peşələrdən üstün olduğunu göstərir:

 

Ziyalı olmasa kor olar millət,
Caynaqlar altında hey çəkər zillət.
Sənətin hamısı gözəldir əlbət,
Bütün peşələrin gözüdür müəllim.


Doğrudanda ziyalısı olmayan millətin gələcəyi kordur. Ziyalıları isə yetişdirən elə müəllimlərdir. Biz hər şeyə görə sizə borcluyuq, əziz müəllimlər!
Elman müəllimin timsalında bütün müəllimlərə şükranlığımı, minnətdarlığımı çatdırıram. Gününüz mübarək!