adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Yanvar 2023 09:00
2336
LAYİHƏ

Otuz ildə ilk dəfə rahat yatdıq 

...2020-ci ildə Azərbaycan Ordusunun apardığı 44 günlük möhtəşəm savaş nəticəsində Qarabağın işğal altında olan bütün torpaqları ermənilərdən azad edildi. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Ağdam, Şuşa, Laçın, Kəlbəcər yenidən öz sahiblərinə qaytarıldı. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində gerçəkləşdi. Cənab Prezident Azərbaycan xalqına güvəndi, Azərbaycan Ordusuna arxa çevirdi və onlar da yeni bir tarix yazdılar. Və bu tarix Azərbaycanın iki yüz ildə görünməmiş və qızıl hərflərlə yazılmış tarixidir. Bayaq dediyimiz kimi, bu tarixi də Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Ordusu yazdı.

...Həmin adını çəkdiyimiz yurd yerləri geri qaytarılandan sonra qısa zaman kəsiyində Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Ağdamda, Şuşada, Kəlbəcərdə, Laçında, Hadrutda möhtəşəm tikinti-quruculuq və abadlıq işləri görüldü. Onu da qeyd edək ki, erməni işğalçıları tərəfindən daşı-daş üstünə qalmayan bu yurd yerində yeni infrastrukturu qurmaq, yaratmaq elə də asan deyildi. Amma Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük köməkliyi nəticəsində qısa zaman kəsiyində həmin yerlərdə yol infrastrukturu bərpa edildi, işıq, qaz, su xətləri çəkildi. Bu quruculuq işində vətənpərvər insanlar, xalqını və millətini sevən adamlar daha yaxından iştirak etdilər və edirlər.

İşğaldan azad olunmuş yurd yerinə ilk qayıdış Zəngilanın Ağalı kəndindən başladı. Burda iki il ərzində çox böyük möhtəşəm quruculuq, tikinti, abadlıq işləri görüldü. Demək olar ki, Ağalıya 2022-ci ilin mart ayından qayıdış başladı. Burda bir-birindən gözəl yaşayış binaları, sosial obyektlər, xəstəxanalar, uşaq bağçaları, məktəblər tikilib istifadəyə verildi. Həmin yaşayış ocağına gözəl yol çəkildi, qaz, işıq, su xətləri istismara verildi. Hələ bu da hamısı deyildi. İnsanların orda rahat məskən salması və yaşaması üçün iş yerləri açıldı. Burda çörək sexi, tikiş sexi və eləcə də bir neçə gözəllik salonu istifadəyə verildi. Bununla yanaşı, tibb məntəqəsi, məktəb və uşaq bağçası öz «qonaqlarını» qəbul elədi.

Ağalıda bir-birindən gözəl iki mərtəbəli və bir mərtəbəli yaşayış binaları tikilib istifadəyə verilib. Biz də bu yaxınlarda Ağalıda yaşayan yaxın tanışlarımızdan və dostlarımızdan bir ailənin qonağı olduq. Onlar məcburi köçkünlük dövründə Yeni Günəşli yaşayış sahəsinin «D» massivindəki binada məskunlaşmışdılar. Elə ilk gündən camaata o qədər isinişdilər ki, qaynayıb-qarışdılar ki, biz onları sanki yüz ildi tanıyırdıq. O kəndin sayılıb-seçilən ağsaqqallarından olan Məhəmməd kişi övladlarını və nəvələrini başına yığdı və dedi ki, darıxmayın, gün gələr, yenidən o yurda qayıdarıq! Düzdü, Məhəmməd kişi o günü görmədi, 7 il bundan əvvəl Allahın dərgahına qovuşdu. Amma onun övladları, nəvələri, gəlinləri Ağalıya çox böyük sevinclə, məhəbbətlə döndülər. Biz onların köçünü səhər saatlarında Yeni Günəşlidən Zəngilanın Ağalı kəndinə yola salanda bütün qonşular həyətdə idilər. Hamı onlara gözaydınlığı verir, xeyir-dua verir və deyirdilər ki, həmişə dədə-baba torpağında, öz doğma ocağınızda olasız. Biz onları Yeni Günəşlidən Ağalıya sevgiylə, xeyirxahlıqla, ürək açıqlığı ilə yola saldıq...

Və bir gün də fikirləşdik ki, balam, görək bizim qonşularımız Ağalıda necə yaşayırlar, necə dolanırlar?! Onlara baş çəkdik. Nəinki kəndin, rayonun tanınmış, əsilli-köklü ailələrindən olan Səmədovlar ailəsi bu gün öz isti ocağındadır. Ocağın ağbirçəyi Mariya xanım Səmədova ilə elə onun oğlu Möhübbət müəllimin üç otaqlı mənzilində söhbət edirik. Belə baxanda üç otaq deyil, altı otaqdır. Üç otaq oğlunun, gəlninin, nəvələrinin, üç otaq da özünün və ailəsinindir. Mariya xalaya Günəşlidə olanda o qədər öyrəşmişdik ki, o gedəndən sonra əməlli-başlı nənəmiz üçün darıxdıq. İndi Mariya xala öz doğma ocağında çox rahat və sakit yaşayır. 85 yaşlı bu nənənin çöhrəsində əvvəlki kədərdən və niskildən bir əsər-əlamət qalmayıb. Soruşuruq ki, Mariya xala, burda özünü necə hiss edirsən? O isə dillənir:

- Oğul, bura cənnətdir, hələ indiyə kimi Bakıda olduğum o 30 ildə bir dəfə rahat yatmadım. Amma 30 ildən sonra kəndimizə gəldim, burda ruhum və qəlbim o qədər sakit oldu ki, gecələri çox rahat yatıram. Hələ indiyə kimi belə şirin yatmamışam. Bir də babalarımın, atamın, anamın ruhu var bu torpaqda.

Mariya xala, deyirlər ki, siz burdan Bakıya bir samovar da aparmısınız. Həmin samovarı 30 ildən sonra Ağalıya gətirmisiniz. Amma o samovarda oğlunuz Zaur Günəşlidə, sizin bağınızda bizə də çay dəmləmişdi. Deyirəm, bəlkə o samovarda gəlinlər çay dəmləsin, biz də içək?! Mariya xala gülür və yenidən deyir:

- Bala, siftə gündən o samovarı qaynatmışıq, çay dəmləmişik və içmişik. Elə o vaxt fikirləşirdim ki, görəsən, mənə qismət olacaq bu samovarı kəndə aparıb çay qaynadıb içmək. Amma Allah bunu mənə qismət elədi. Min şükür ki, bu yaşımda öz torpağıma qayıtmışam. Həmişə deyirdim, bala, mən öləndə dədəniz Məhəmməd kişi kimi Bakıda dəfn olunmayım. Öz qara torpağımda, bal kim şirin torpağımda dəfn olunmaq istəyirəm. Düzdü, Bakıda 30 ildi yaşamışıq, amma indi uşaqlar nə qədər deyir ki, ay ana, gəl səni aparaq Bakıdakı evimizə. Deyirəm ki, yox ey, bala, burdan heç yana gedən deyiləm. Görmürsüz, buranın havası, suyu necə gözəldir. Heç Ağalıya qayıdandan sonra elə də ağrayıb-acımıram. Şükür Allaha, yeməyə çörəyimiz, içməyə suyumuz və qonaq-qara qarşısına çıxmağa imkanımız var. Üç oğlum var, üçünə də Ağalıda ev veriblər. Nəvələrimin bir neçəsi yanımdadır. Özümü elə rahat hiss edirəm. Allah bu torpağı qaytaran şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə şəfa versin, Prezidentimizə də can sağlığı!

Səmədovlar ailəsinin böyük oğlu Möhübbət müəllim rayonda məsul vəzifədə işləyir. Onunla da görüşürük. Və görürəm ki, Möhübbət müəllimin də çöhrəsi gülür. Özünü çox rahat və xoşbəxt hiss eləyir. Öyrənirik ki, onların köməkliyi nəticəsində rayonda xeyli sahədə meyvə, alma bağları əkilib. Və həmin meyvə bağlarından bu gün xeyli məhsul dərilib. Möhübbət müəllim deyir ki, burdakı almanın da dadı başqalarından seçilir. O ağacları bir il bundan qabaq əkmişik və bir il bundan sonra da məhsul verib. Özün də kənd adamısan. Görürsən, nə qəşəng meyvə bağıdır?! Üstəlik də biz həmin ağacların bol məhsul verməsi üçün onlara vaxtaşırı qulluq edir, becərmə işləri aparır, lazımi üzvi və qeyri-üzvi gübrələr veririk. Burda yadıma ataların bir sözü düşür: «Bağa baxarsan bağ olar, baxmazsan dağ olar».

Möhübbət müəllim deyir ki, rayon ərazisində çoxlu sayda müxtəlif növ ağaclar, o cümlədən çinar ağacları əkilib. Axı erməni faşistləri dünyada analoqu olmayan Zəngilan çinar meşələrini məhv edib, bir çinar ağacı belə qalmayıb. Ona görə də son iki ildə burda həm özümüzün, həm də digər qurumların köməkliyi ilə minlərlə yeni ağaclar əkmişik. Onlar da hamısı şükür Allaha, çox yaxşı böyüyür. Fikir verirsinizmi, Zəngilanın torpağı necə bərəkətlidir. Ağaclara bayaq dediyim kimi, vaxtlı-vaxtında qulluq edilir, isti yay günlərində mütəmadi olaraq suvarılır.

Mariya nənənin nəvələri çoxdur. Onların biri isə tamamilə fərqlənir. Bu, Gülüş Səmədbəylidir. O Gülüş Səmədbəyli ki, cənab Prezident İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın Zəngilana səfəri zamanı onlarla dəfələrlə görüşüb, şəkil çəkdirib, hətta cənab Prezidentlə söhbət də edib. Gülüş Səmədbəyli Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İndi Ağalıdakı «Asan Xidmət» Mərkəzində məsul vəzifədə çalışır. Eyni zamanda, Gülüş xanım prokurorluq orqanlarında işə qəbul olmaq üçün keçirilən imtahanda yüksək bal toplayıb və növbəti mərhələyə keçib. Onun ən böyük arzusu prokuror orqanlarında çalışmaqdır. Nə bilmək olur, bəlkə də elə Gülüş xanıma Zəngilan rayonundakı prokurorluqda işləməyi Allah qismət elədi. Hər halda, bu xanımın çox böyük həyat sevgisi, mübarizəsi və mücadiləsi var. İnanırıq ki, gec-tez istəyinə çatacaq.

...Tək o yox, yurd-yuvasından ayrı düşmüş bütün insanlar arzusuna qovuşacaq, tezliklə öz yurdlarına dönəcək, orda ev-eşik sahibi olacaq, ocaqları yanacaq, qazanları qaynayacaq...

 Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.