adalet.az header logo
  • Bakı -°C
26 Noyabr 2025 12:45
42
GÜNDƏM
A- A+

"Orta Dəhliz boyunca infrastrukturu inkişaf etdirməyə davam edirik" - ADY sədri

MDB ölkələri arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq regionun iqtisadi inteqrasiyasında əsas amildir. Bu əməkdaşlığın genişləndirilməsi, xüsusən də dəmir yolu nəqliyyatında qarşılıqlı əlaqələrin yaxşılaşdırılması təkcə ölkələrimizin deyil, bütün regionun davamlı inkişafına töhfə verir.

Adalet.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yolu ilə qəbul edilən birgə qərarlar, eləcə də vahid texniki və əməliyyat standartlarının tətbiqi yük daşınmalarının optimallaşdırılmasında və tranzit potensialından səmərəli istifadədə mühüm rol oynayır.

“Əminik ki, bu cür əlaqələndirilmiş səylər regionun nəqliyyat zəncirinin dayanıqlığını və rəqabət qabiliyyətini artırır. Əməliyyatların rəqəmsallaşdırılması, mərkəzləşdirilmiş tranzit sistemlərinin istifadəsi və real vaxt rejimində daşınmaların izlənməsi kimi texnoloji həllər bu prosesin vacib tərkib hissəsidir. “Azərbaycan Dəmir Yolları” QSC artıq bu sahədə bir sıra innovativ layihələr həyata keçirir. Son illərdə Azərbaycanda beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün geniş işlər görülüb”, - deyə o bildirib.

R.Rüstəmov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu artıq Avropa ilə Asiya arasında etibarlı körpü rolunu oynayır. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars xəttinin modernləşdirilməsindən sonra onun yükdaşıma qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tona qədər artırılıb: “Azərbaycan Dəmir Yolları” QSC Orta Dəhliz boyunca əməliyyatların səmərəliliyini artırmaq üçün infrastrukturu inkişaf etdirməyə davam edir, o cümlədən Şərq-Qərb istiqamətində əsas dəmir yolu magistralı olan Bakı-Böyük-Kəsik xəttində alternativ cərəyana uğurla keçid həyata keçirir”.