Onlayn alış-veriş: Asılılıq, yoxsa sadəcə alış-veriş?
İnternetin həyatımıza daxil olması bir çox sahədə olduğu kimi, alış-veriş mədəniyyətini də dəyişib. Bu gün evdən çıxmadan geyim, elektronika, kitab və ya gündəlik tələbat məhsulları almaq mümkündür. Lakin onlayn alış-verişin geniş yayılması yeni bir sualı da gündəmə gətirib: Görəsən, bu, sadəcə alış-verişdir, yoxsa artıq asılılığa çevrilən bir vərdişdir?
Əslində, onlayn alış-verişin özü asılılıq deyil. İnsanlar ehtiyac duyduqları məhsulları əldə etmək üçün bu üsuldan istifadə edirlər. Vaxta qənaət, məhsul müxtəlifliyi və qiymət müqayisəsi imkanları onun əsas üstünlükləri hesab olunur. Buna görə də onlayn alış-veriş müasir dövrün normal istehlak davranışlarından biri kimi qiymətləndirilir.
Lakin məsələ yalnız ehtiyac çərçivəsində qalmadıqda vəziyyət dəyişir. Bəzi insanlar alış-veriş etmədən özlərini narahat hiss edir, boş vaxtlarını internet mağazalarında keçirməyə başlayırlar. Endirim xəbərləri, kampaniyalar və sosial şəbəkələrdəki reklamlar onları davamlı şəkildə yeni məhsullar almağa sövq edir. Nəticədə ehtiyac olmayan əşyalar alınır, büdcə pozulur və alış-veriş gündəlik həyatın əsas hissəsinə çevrilir.
Psixoloqlar bildirirlər ki, belə hallarda artıq alış-verişdən deyil, alış-veriş asılılığından danışmaq mümkündür. İnsan yeni məhsul aldıqda qısa müddətli sevinc hissi yaşayır, lakin bu hiss keçdikdən sonra yenidən alış etmək ehtiyacı yaranır. Bu dövr təkrarlandıqca davranış nəzarətdən çıxa bilər.
Digər tərəfdən, hər tez-tez onlayn alış-veriş edən insanı asılı adlandırmaq da düzgün deyil. Əsas meyar insanın öz davranışına nə dərəcədə nəzarət edə bilməsidir. Əgər alış-veriş ehtiyac əsasında aparılırsa və maddi, psixoloji problemlər yaratmırsa, bu sadəcə müasir həyatın bir hissəsidir.
Beləliklə, “onlayn alış-veriş asılılıqdır, yoxsa alış-veriş?” sualının cavabı insanın bu prosesə münasibətindən asılıdır. Onlayn alış-veriş özlüyündə faydalı və rahat bir vasitədir. Lakin ehtiyacdan çox istəklərin idarə etdiyi, maddi və psixoloji problemlərə səbəb olan alışlar artıq asılılıq əlaməti kimi qiymətləndirilə bilər. Buna görə də müasir texnologiyanın təqdim etdiyi imkanlardan istifadə edərkən ölçünü qorumaq və şüurlu seçim etmək vacibdir.
Natavan Həsənova,
BDU, Jurnalistika fakültəsinin IV kurs tələbəsi


Bakı -°C

