adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Mart 2023 10:04
987
ELM VƏ TƏHSİL

Ömrünü şam kimi yanaraq yaşayan ziyalı: Məhəmməd Baharlı - 75

Tanınmış nasir, publisist Məhəmməd Baharlı Azərbaycan ədəbiyyatı və mətbuat tariximizin istedadlı qələm sahiblərindən idi. O, tarixin müxtəlif zamanlarında dövlət, elm, mədəniyyət xadimləri ilə tanınan Baharlı tayfasının layiqli nümayəndələrindəndir.

Baharlılar Qaraqoyunlu, Qütbşahlar adlı iki qüdrətli dövlətin qurucularıdır.
Məhəmməd Baharlı (Məhəmməd Əhməd oğlu Əhmədov) 12 mart 1948-ci ildə Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1965-1969 illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.


O, əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, 1970-1971 illərdə ordu sıralarında xidmət etmişdir. Məhəmməd Baharlı "Azərbaycan məktəbi" jurnalı redaksiyasında şöbə müdiri, məsul katib (1971-1985), "Kənd həyatı" jurnalı redaksiyasında məsul katib (1986-1988), "Azərbaycan məktəbi" jurnalı redaksiyasında məsul katib (1988-1989), "Gənclik" və "Молодость” jurnalları redaksiyasında məsul katib (1989-1992), "Təhsil" qəzetinin baş redaktoru (1992-1993) işləmişdir. 1993-cü ildən “Azərbaycan müəllimi” qəzetinin fəaliyyətini bərpa etmiş, 2002-ci ilədək onun baş redaktoru olmuşdur. 2002-2019 illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyat tədrisi"nin baş redaktoru vəzifəsində çalışmışdır.


Məhəmməd müəllimin imzasını hələ orta məktəb illərindən “Gənclik” jurnalından tanımışam. Onu yaxından tanıyanların söhbətlərindən bilirdim ki, Məhəmməd müəllim də atamın mənsub olduğu Baharlı tayfasının müdrik şəxsiyyətlərindən sayılan Tehranda işgəncə ilə qətlə yetirilərək şəhid edilmiş Qarabağ xanlığının vəziri Mirzə Vəli bəyin (1725-1795) nəslindəndir.


Baharlı tayfası və onun ayrı-ayrı şəxsiyyətləri ilə bağlı məlumatları ilk dəfə atam - AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun (Baharlı) söhbətlərindən eşitmişəm. Onda 10-11 yaşım olardı. Artıq bilirdim ki, Baharlı kənd deyil, tayfa adıdır. Ulu babamın adı Mirzə Vəli bəy Baharlıdır.


İlk dəfə 1988-ci ildə on beş yaşım olarkən atamdan eşitdiyim, kitablardan oxuduğum, özümüm təxmin etdiyim məlumatlar əsasında Mirzə Vəli bəy Bayramxan bəy oğlu Baharlını əsas götürərək nəslimizin şəcərəsini hazırladım. Sonralar bu nəsil şəcərəsini dəqiqləşdirmələrlə bir neçə dəfə dəyişəsi oldum. Tam dəqiq nəsil şəcərəsini isə Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədləri, tarixi qaynaqlar ilə tanışlıqdan sonra hazırlaya bildim.
Məhəmməd müəllimin Mirzə Vəli bəyin övladlarının hansının nəslindən olmasını dəqiq bilməsəm də onun da adını bu nəsil cədvəlinə əlavə etdim.
Məhəmməd Baharlı ilə atamın ilk şəxsi tanışlığının tarixi 1996-cı ilə təsadüf edir. Görkəmli dövlət xadimi, ensiklopedik alim Məhəmmədhəsən bəy Vəliyevin (Baharlı) 100 yaşı tamam olurdu. Atamın dövrü mətbuatda onun yaradıcılığının müxtəlif aspektlərini işıqlandıran məqalələri çap edilirdi. Məhəmməd müəllim “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru idi. Məhəmməd müəllim bu görkəmli alimin yaradıcılığına aid atamın bir neçə məqaləsini də “Azərbaycan müəllimi” qəzetində çap etmişdir.


Atamın təşəbbüsü ilə Məhəmmədhəsən bəy Vəliyevin (Baharlı) 100 illik yubileyi ilk dəfə 25 may 1998-ci ildə elmi-konfrans səviyyəsində qeyd edildi. Respublikamızın tanınmış alimlərinin iştirak etdiyi bu elmi-konfrans AMEA Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə və Sosiologiya İnstitutu) keçirildi. Bu konfransda Məhəmməd Baharlının “Məhəmmədhəsən Baharlının soykökü haqqında” adlı məruzəsinin maraqla qarşılanması bu gün də konfrans şahidlərinin yaxşı yadındadır.


Məhəmməd müəllimlə mənim ilk tanışlığım 2003-cü ilə təsadüf edir. 2003-cü ildə mən atamı cismən itirmişdim. Milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı Zakir Məmmədovun ailəsi onun irsinin toplanması üçün bir sıra işlər görürdü. Məhəmmədhəsən bəy Vəliyevin (Baharlı) anadan olmasının 100 illik yubileyi ilə bağlı keçirilmiş elmi konfransda məruzəçilərin səsləri Məhəmməd Baharlıya aid diktafona yazılmışdı. Məhəmməd müəllimə zəng vurub bu elmi konfransda məruzə etmiş atamın diktafona yazılmış səsini mənə verməsini ondan xahiş etdim.
Beləcə, mənim Məhəmməd Baharlı ilə ilk tanışlığım yarandı.


Məhəmməd Baharlının mənim Baharlı tayfası, onun ayrı-ayrı şəxsiyyətlərinə aid olan məqalələrimin bəzilərinin mətbuatda çap olunmasında köməyi dəymişdi. Məhəmməd müəllim soyuna, kökünə bağlı vətənpərvər ziyalı, səmimi, diqqətcil, həssas bir insan idi. Onun səmimiliyini, diqqətcilliyini, həssaslığını hər zaman özümə münasibətdə hiss edirdim.


Azərbaycan Gənc Filosoflar Assosasiyasının 4 oktyabr 2003-cü ildə keçirdiyi Zakir Məmmədovun xatirəsinə həsr olunmuş elmi-nəzəri konfransda Məhəmməd müəllim də iştirak edirdi. Bu elmi-nəzəri konfransda Məhəmməd müəllimin atama, onun mənsub olduğu Baharlı tayfasına aid etdiyi çıxışı bu günki kimi yaxşı yadımdadır.


Məhəmməd Baharlının yaradıcılığında elmi-pedaqoji, publisistik və nəsr əsərləri, həmçinin şeirləri başlıca yer tutur. Mətbuatda yüzlərlə yumoristik hekayəsi dərc olunmuşdur. Məhəmməd Baharlının yumoristik hekayələrinin mövzusu gündəlik həyatımızdan və məişətimizdən, adət-ənənələrimizdən götürülmüşdür.
Məhəmməd müəllimin müxtəlif illərdə nəşr olunmuş pedaqoji mövzuda əsərləri, elmi-publisistik yazıları, nəsr əsərləri, şeirləri bu gün də öz aktuallığını, dəyərini saxlamaqdadır.


Onun yaradıcılığında xüsusi yer tutan kitablarından biri də “Azərbaycan tarixi: BAHARLILAR” (Bakı, 2010) adlı əsəridır. Bu əsərində müəllif Baharlı tayfasının Azərbaycan tarixindəki rolunu araşdırır, onların fəaliyyətlərinə münasibətini bildirilir.
Məhəmməd Baharlının “Dərs müasirlik tələb edir” (Bakı, 1981), “Gəlin gülək” (Bakı, 1985), “Həyat işığı” (Bakı, 1988), “Məktəbdə pedaqoji işə rəhbərlik” (Bakı, 1999), “Dünya təhsil sistemi: dünən, bugün, sabah” (Bakı, 2002), “Qoca türkün şərqiləri (150 şeir)” (Bakı, 2003), “Azərbaycan tarixi: Baharlılar” (Bakı, 2010) və başqa kitabları işıq üzü görmüşdür.
Məhəmməd Baharlının dörd cilddən ibarət “Seçilmiş əsərləri” ilk dəfə 2012-ci ildə işıq üzü görmüşdür. Bu cildlərə müəllifin publisistikaya, pedaqogikaya aid əsərləri ilə yanaşı, poeziya nümunələri, povest və hekayələri daxil edilmişdir.


Tanınmış nasir, publisist Məhəmməd Baharlının anadan olmasının 75 illlik yubileyi tamam olur. Uzun illər yaxından tanıdığım, şəxsiyyətinə hörmət bəslədiyim dəyərli ziyalımız dörd ilə yaxındır cismən aramızda yoxdur. Vətən, torpaq həsrətilə dünyasını dəyişən Məhəmməd müəllimin 75 illik yubileyi onsuz qeyd olunur.


İstedadlı qələm sahibi Eldəniz Vəliyevin təşəbbüsü və təşkilatçılığı ilə AzTV-nin yaradıcı heyətinin tərkibində 2022-ci ilin oktyabr ayının 25-də Zəngilan rayonunun Baharlı kəndində olduq. Erməni vandalizminin qurbanı olan Məhəmməd müəllimin böyüyüb boya-başa çatdığı xarabalığa çevrilən Baharlı kəndini ziyarət etdik. Şəhidlərimizin, Vətən, torpaq həsrətilə haqq dünyasına qovuşan insanlarımızın əziz xatirəsini ehtiramla yad etdik.
Məhəmməd Baharlının vəfatı ədəbiyyatımız, mətbuatımız üçün böyük itkidir. Onun yaradıcılığı tədqiq və təbliğ olunduqca adı hər zaman ehtiramla yad ediləcəkdir.

P.S. Məhəmməd müəllimin həyat və yaradıcılığını araşdırdıqdan sonra qürur hissi keçirdim! Bir insan özünü bu qədər xalqının maarifləndirilməsinə həsr edərsə, demək ki, ömrü boş yerə keçirməyib. Hətta örnək bir ömür yaşayıb. Elə bu qənaətimdən sonra istedadlı şairimiz Bəxtiyar Vahabzadənin bir parça şeiri yadıma düşdü:

 Yaşamaq-yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır.   

Ömrü az olsa da, qartal yenmədi
Dedi, səmalarda öz oylağım var.
Ömrün azlığından gileylənmədi
Ömrü insan kimi başa vuranlar.

"Bu dünya beş gündür",- deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.

 Bəli, Məhəmməd müəllim öz alın tərilə bircə ömürdə, yüz insan ömrünü qazanan soydaşlarımızdandır! Məkanı cənnət olsun!


Orxan  Zakiroğlu (Baharlı)