adalet.az header logo
  • Bakı -°C
14 Noyabr 2025 08:54
48
MÜSAHİBƏ
A- A+

"Bəzi şeirlərimi ağlaya-ağlaya yazmışam…” - MÜSAHİBƏ

Xaçmaz rayonunda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “ULDUZLAR” Ədəbi Məclisinin üzvü, şair Cümşüd Aydəmir ilə müsahibə.

- Cümşüd Aydəmir kimdir?

- Cümşüd Aydəmir ədəbi təxəllüsümdür. Aydəmirov Cümşüd Aydəmir oğlu ilk növbədə şairdir. Çünki şairlik insana Allah tərəfindən verilir. Əbəs yerə deyil ki, Allahın kitabı adlandırılan "Quran"da bütün digər peşələrin fövqündə dayanan "Şairlər" surəsi var.

Cümşüd Aydəmir bir vətəndaş kimi 1960-cı ilin qarlı-şaxtalı yanvarında Quba rayonunun Digah kəndində müəllim ailəsində dünyaya göz açıb, böyüyüb, məktəbə gedib, orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra indiki Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-statistika fakultəsinin əyani şöbəsinə qəbul olaraq fərqlənmə diplomu ilə bitirib, iqtisadçı peşəsinə yiyələnib. Uzun müddət əvvəl dövlət bankında, daha sonra respublikamızın özəl banklarında iqtisadçı-mütəxəssis, şöbə rəisi, filial müdiri vəzifələrində çalışıb.Qubada Beynəlxalq Bankda işlədiyim müddətdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında "Mədəniyyət müəssisələrinin iqtisadiyyatı və idarə olunması" fənnindən iki il dərs demişəm.Dolça bürcündən, siçan ilindənəm.Həyat yoldaşım pedagogdur. Xudat şəhəri 2 saylı tam orta ümumtəhsil məktəbində çalışır. Üç övlad atasıyam. Bir oğlum, 2 qızım var. Ali təhsillidirlər. Böyük qızım və oğlum iqtisadi sahədə, kiçik qızım informasiya texnologiyaları sahəsində təhsil alıblar. Böyük qızım ailəlidir. İki nəvəm var.

- Riyazi dəqiqliklə dolu bir mühitdən poeziyanın duyğu dünyasına keçidin srri nədir?

- Maraqlı sualdır. Doğru deyirlər ki, bütün digər elmlərin açarı riyaziyyatdır. Mən orta məktəbin son siniflərində oxuyarkən qərara gəlmişdim ki, riyaziyyatçı olcağam. Çünki bu fənni çox sevirdim və indiki Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakultəsinə daxil olmaq fikrində idim. Lakin həyatımda baş verən bir hadisə bu qərarı dəyişməyimə səbəb oldu və mən sənədlərimi o vaxt yeni açılan Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna verdim və qəbul oldum. O zaman həmin institutda əyani oxuyan tələbələri də əsgər aparırdılar və mən hərbi xidmətimi başa vurandan sonra təhsilimi indiki Azərbaycan Dövlət İqtisad Universitetində davam etdirmək qərarına gəldim. İnşaat İnstitutundan sənədlərimi götürüb, indiki ADİU-ya təqdim etdim və imtahanları müvəffəqiyyətlə verərək ora qəbul olundum.

Beləliklə ali məktəbə qəbul olunmaq üçün riyaziyyat fənnindən iki dəfə, həm də müvəffəqiyyətlə imtahan vermişəm. Demək istədiyim odur ki, bir çox tanınmış şairlərdə olduğu kimi, məndə də riyaziyyat və ədəbiyyata, poeziyaya həvəs qoşa qanad kimi bir-birini tamamlayırdı. İndi də düşünürəm ki, iqtisadçı peşəsini seçməsiydim, yəqin ki, ədəbiyyatşünas, filoloq olardım. Çünki məndən yeddi yaş böyük qardaşım filoloq idi, indiki Bakı Dövlət Universitetini əla qiymətlərlə bitirmişdi və evdə böyük kitabxanası var idi. Ruhu şad olmuş qardaşım həm də gözəl şair idi və şerləri rayon və respublika mətbuatında çap olunur, radioda səsləndirilirdi.

Mən də, “Bənövşə" adlı ilk şerimi hələ beşinci sinifdə oxuyarkən 12 vərəqli şagird dəftərində yazmışam. Həmin dəftər bir gün bacımın əlinə keçdi və məsələnin üstü açıldı...

Dünyasını dəyişən qardaşım hələ o vaxt mənə deyirdi ki, sənin mənalı duyğuların, fikirlərin var, onları anındaca qeyd elə, sonra gözəl şeir yaranacaq.
Mənə elə gəlir ki, riyazi dəqiqliklə dolu dünyam, bax beləcə duyğu dolu poeziyaya keçirdi və sirr də məhz bunda idi.

-  “Hər misranın bir nəfəsi var" deyirlər. Oxucular sizdə o nəfəsi hiss edə bilirlərmi, sizcə?

- Fikrimcə, şeir də canlı məxluq kimidir. O da doğulur, insanı sevindirə, ağlada bilir. Qeyri-təvazökarlıq, ya da zəiflik kimi çıxmasın, olub ki, mən bəzi şeirlərimi göz yaşı içində, ağlaya-ağlaya yazmışam, çox vaxt da şəhidlərə, analara, dünyadan nakam getmiş əzizlərimə yazdığım şeirləri...

Mən bir şerimdə deyirəm:
Mənim şeirlərim ağbəniz gözəl,
Mənim şeirlərim comərd kişidir.
Hüsnünə yazdığım beş-üç beyt qəzəl
Gözəlin belində kəmər kimidir.

Namərdi atından salandır şeirim,
Xəbis ürəklərə ox ola bilər.
Sehrdir, möcüzdür, tilsimdir şeirim,
Təkənin "südü"ndən yağ çəkə bilər... və s.

Xoşbəxt o şairdir ki, oxucu bir misrasından, bir bəndindən şairin nəfəsini hiss edir və onun kimliyini müəyyən edə bilir. Ruhu şad olmuş Məmməd Araz, Musa Yaqub, Kələntər Kələntərli məhz o şairlərdən idilər.

-  Yazarkən oxucunu düşünür, yoxsa yalnız qəlbinizin səsinə qulaq asırsınız?

- Yazdığım zaman yalnız qəlbimin səsinə qulaq asıram. Mənə elə gəlir ki, nəinki yaradıcı insan, hər kəs qəlbinin səsinə qulaq asmalıdır. Belə olduqda insan özü olur, düzgün mühakimə yürüdə bilir və düzgün qərar verir. Belə olduqda, oxucu səni daha yaxşı anlaya bilir!

- Hər bir şairin "çətin oxunan" şeirləri olur. Hansı şeirlərinizin az başa düşülən olduğunu düşünürsünüz və nəyə görə?

- Az başa düşülən deməzdim, amma sətiraltı məna verən, müəyyən mənada fəlsəfi şeirlər olur. Şair dostlarımdan biri bir gün çay süfrəsi arxasında mənə belə dedi: “Qardaş, sənin filan şerini başa düşmək üçün iki-üç dəfə oxudum, sonra başa düşdüm… Nələr varmış orda?!...”
Bəli, şeir o vaxt gözəl olur ki, onu oxuyub fikirləşəsən və öz düşüncələrinlə üz-üzə qalasan...

- “Sevda yolu" şerinizdəki, “Mən səni sevmədim bir vaxt, bağışla" misrası bir insana, yoxsa bir keçmiş duyğuya ünvanlanıb?

- Bu suala gözəl yazıçımız Seyran Səxavətin gənc yaşlarında yazdığı şeirinin bir bəndi ilə cavab vermək istəyirəm:

Sən nə istəyirdin, nələr itirdin,
Qorxma kül olmaqdan, yan, məhəbbətim.
Sən mənim başıma nələr gətirdin,
Ay ilk məhəbbətim, son məhəbbətim.

… Və qəribəsi də odur ki, ilk məhəbbət çox vaxt nakam olur.

Mənə gəldikdə isə, bu barədə bildiyiniz kimi, çox yazmışam və "Eviniz evlərin gözəli idi..." adlı şerimdən bir bəndi xatırlatmaq yerinə düşər:

Eviniz evlərin gözəli idi,
Kəndin qənşərində, girəcəyində.
Kəhrizə gələnlər məzələnərdi,
Sən isə rahatca bəzənməyində...

Və yaxud:
Sənin hər gəlişin toy-bayram idi,
Gedişin nə yaman ağır olurmuş.
Ürəyim çırpınan qaranquş idi,
Yolunun üstündə qərar tuturmuş.

Dünyanın sevincin bəxş edib mənə,
Ay gözündən gülüb gedənim mənim.
"Gələn görüsədək" söyləyib elə,
Ömrümdən əbədi itənim mənim... və s.

Bunlar bir insana ünvanlanan ən kövrək duyğulardır...

-  Şair və vətənpərvərlik arasında, sizcə, təbii bir bağ varmı və bu sizdə necə təzahür edir?

- Fikrimcə, şair vətənpərvər olmasa, şair ola bilməz. Çünki insanın ən ülvi hissləri vətənə bağlıdır və bunsuz yaşamaq olmaz. Ona görə də vətənə "Ana vətən" deyirik!Hələ uşaq vaxtlarımdan Fikrət Qocanın yaddaşıma həkk olunan iki misrası var:

Vətən gözdür, biz kirpik,
Gözümüzün keşiyini çəkirik!

- Həm Azərbaycan, həm də ləzgi dillərində yazırsınız. Hər iki dilin poetik “səsini" qorumaq üçün hansı daxili kompromislərə gedirsiniz?

- Hər iki dil poetik cəhətdən çox zəngin dildir. Mənə ləzgi dilində orta məktəbdə dərs keçilməyib. Amma ləzgi dilini özüm öyrənmişəm. Qeyd elədiyim kimi, mərhum fililoq qardaşımın şəxsi kitabxanasında Füzulinin, Nizaminin, Nəsiminin, Şahin Fazilin və digər bir çox şair və yazıçıların əsərləri ilə bərabər həm də ləzgi klassiklərindən Yetim Eminin, Dağıstanın Xalq şairləri Süleyman Stalskinin, Bayram Səlimovun, o cümlədən Asəf Mehmanın, Nurəddin Şərifovun, Ləzgi Nemətin, Kələntərli Kələntərlinin, Sədaqət Kərimovanın, Müzəffər Məlikməmmədovun, Zabit Rizvanovun və digərlərinin kitabları yer alırdı və mən onları ləzgi dilində oxuyurdum. Bəzi kiçik şeirləri Azərbaycan dilinə çevirməyə çalışırdım. Beləliklə, ləzgi əlifbasını öyrəndim və sonra özüm də bu dildə şeirlər yazıb tərcümələr etməyə başladım. Kompromisə getməyə ehtiyac qalmır. Hər iki dil mənə doğmadır. Ləzgi dili ana dilimdirsə, azərbaycan dili də yaşadığım doğma Azərbaycanımın dövlət dilidir və bu dildə oxuyub təhsil almışam.

Bir şerimdə yazdığım kimi:
Şövq ilə yaz, yarat hər iki dildə,
Ləzgilər tapmasın səndə kəm-kəsir.
Azəri türkü də doğma dilində
Sənə "Əhsən" desin, Cümşüd Aydəmir.

- Şeirlərinizi iki dildə yazmaq, sanki iki xalqın bir qəlbində döyünmək kimidirmi?

- Əsrlər boyu bir yerdə yaşamış xalqlarımız bir-birinə o qədər dərin köklərlə bağlanmışdır ki, bunu geniş izah etsək, səhifələr, vərəqlər bəs etməz. Bircə onu demək bəs edər ki, çox az ailələr tapılar ki, yaxın ətraflarından, heç olmasa, bir, ya iki nəfər digər xalqın nümayəndəsi ilə qohum olmamış olsun. Və bu əsrlər boyu belə olub. Çox uzağa getməyək. Erməni işğalçılarına qarşi beş il əvvəl apardığımız Vətən müharibəsi sübut etdi ki, Vətən naminə apardığımız haqq-ədalət müharibəsində qəlbimiz bir döyünür və orada döyüşənlər bizim balalarımız idilər. Mənim şeirlərim də iki qardaş xalqın arasında körpü rolunu oynayır və buna görə də özümü xoşbəxt şairlərdən hesab edirəm.

- Tərcümə zamanı şair ruhunuzu necə qoruyursunuz?

- Xalq şairləri Məmməd Arazın, Musa Yaqubun, Ramiz Rövşənin, müasir Azərbaycan poeziyasının Bayraqdarı Ramiz Qusarçaylının bir neçə şeirini, o cümlədən öz şeirlərimdən bəzilərini tərcümə etmişəm. Mənim ləzgi dilində yazdığım onlarla şeirim pedaqoq, nasir, şair Vaqif Müşkürvi tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur.

Mən tərcümələr edərkən çalışıram ki, müəllifin dəst-xətti, ruhu şeirlərində qalsın, istər hərfi tərcümədə, istərsə də sətri tərcümədə. Bu sahədə dil biliklərim çox köməyinə çatır.

- Müasir ədəbi məclislərdə, sizcə, ən çox nə çatışmır – ruh, tənqid, yoxsa səmimiyyət?

- Düşünürəm ki, səmimiyyət olmayan yerdə nə poeziyadan, nə inkişafdan, nə tərəqqidən danışmaq olar. Ruh da, tənqid də, səmimiyyət olduqda gözəldir!..

-  “Söz işığında", “Ulduzlar", “Ay işığı", “Marvar” kimi ədəbi məclislər sizə ədəbi yaradıcılıqda nə qazandırıb?

- Mən bu sıraya Qubada fəaliyyət göstərən "Gülüstan" ədəbi məclisini də əlavə edərdim. 190 il əvvəl böyük mütəfəkkir Abbasquluağa Baxınovun rəhbərliyi ilə təsis edilən "Gülüstani-İrəm" ədəbi məclisi ali kateqoriyalı müəllim, publisist, şair Şıxəmməd Seyidməmmədovun rəhbərliyi ilə bu gün də fəaliyyətini davam etdirir. Şimal bölgəmizin yazarları öz intellektual səviyyələri, poetik nümunəri, samballı şeirləri və yazıları ilə seçilirlər, onlarla bir məclislərdə olmaq, şeir müzakirəsinə qoşulmaq həmişə xoşdur.

-  “Ulduzlar" məclisini digər ədəbi ocaqlardan fərqləndirən nədir?

- Son zamanlar "Ulduzlar" ədəbi məclisi sıralarına daxil olan şair və yazarların sayının artması, ədəbi mühitin yeknəsək yox, rəngarəng olması ilə fərqlənir. Bu işdə, sözsüz ki, əməkdar jurnalist Azər Həsrətin və gözəl şairimiz Aqşin Dadaşoğlunun xidmətlərini dəyərləndirməmək olmaz. Gələcəkdə "Ulduzlar"ın sıralarının istedadlı gənc yazarlar hedabına möhkəmlənəcəyinim fərqindəyik. Sağlıq olsun, yaşayarıq görərik!

- Gənc şair və yazıçılara baxanda sizi ən çox sevindirən və narahat edən nədir?

- Ümidverici, sözə qiymət verən, onun çəkisini anlayan, ictimai şüura təsirini anlayan gənclərin poeziyaya gəlişi xoşdur. Mən indidən onların adlarını çəkib, necə deyərlər, başlarının altına yastıq qoymaq istəmirəm. Söhbət, əlbəttə, “Ulduzlar"ın sıralarına daxil olanlardan gedir.
Narahat edici məqamlar, hələ ki, görmürəm. Gəncliyimiz nəyə qadir olduğunu 44 günlük Vətən müharbəsində şanlı Zəfər ilə sübut etdi. Poeziya da bir meydandır və bu meydanda ancaq özünəinam, daim öz üzərində çalışmaq, səbr və dözüm qələbə gətirər. Bu yolda bütün yazarlarımıza uğurlar arzulayıram!

-Onlara yol göstərərkən hansı prinsipləri əsas götürürsünüz?

- Bu sualınıza bundan əvvəl cavab verdim. Əlavə olaraq, deyim ki, poeziyaya gələnlər fitri istedadır. Onlar qətiyyəti, dərin mütaliəsi, əməksevərliyi ilə uğur qazana bilərlər!

- Əgər bir şeirinizi yalnız bir dəfə oxumağa icazə versələr, hansı şeirinizi və misranı seçərdiniz və niyə?

- Bu zaman yalnız bir misranı söylərdim: “Vətən, mənim səndən umacağım yox". Çünki mən təbiətən gözütox adamam, amma laqeyd, naqis, yaxşı və pisin fərqinə varmayan, nankor, tamahkar adamları bağışlaya bilmirəm.

Gözəl suallar hazırlayıb məni müsahib olaraq gördüyünüz üçün, Gözəl xanım, sizə təşəkkürümü bildirirəm.

 

Söhbətləşdi: Gözəl Azayeva