Nizami Gəncəvinin əsərlərində coğrafi ideyalar
Nizaminin əsərlərini oxuduqda, onun müxtəlif elm sahələrinə aid geniş bilik və məlumatı olmasının şahidi oluruq. Onun poemalarında asrtonomiya, fəlsəfə, tarix, tibb, ilahiyyət, geologiya, faydalı qazıntı məsələləri, təbii sular, təbiətşünaslığın müxtəlif məsələlərinə aid çoxlu fikir və məlumatlar vardır. Biz bunlardan yerşünaslığa aid olanları haqqında bəhs etməyə çalışacağıq.
Təbii sulara aid məsələlər. Suyun mənşəyi, təbiətdə suyun böyük və kiçik dövranı, bunun əhəmiyyəti, yeraltı və səth sularını əhatə edir. Suyun yaranması məsələsi yerin əmələ gəlməsilə birlikdə baxılmışdır.
N.Gəncəvi hesab edir ki, çay suları atmosfer çöküntüləri bulaq, çeşmə, kəhriz və artezian suları hesabına formalaşır ; yeraltı sular isə yağış, qar və buzlaq sularının yerə hopub süzülərəkə birinci və ikinci sukeçirməyən qatlarda toplanması nəticəsində əmələ gəlir.
Dənizlər olmasa, yağmaz buluddan
Yağış da yağmasa, yaranmaz ümman.
Dahi şairin poemalarında su təchizatına aid məlumatlara, bilavasitə yeraltı suların istifadəsi ilə əlaqədar olan ifadələrə - quyu, quyu qazmaq, dol, kəhriz və s. rast gəlinir. Keçmişdə ata və babalarımızın gözəl ixtirası olan kəhriz vasitəsilə yeraltı suların çıxarılması respublikamızda, eləcə də Şərq ölkələrinin çoxunda geniş tətbiq edilmiş, hazırda da edilməkdədir.
“Xəmsə”də səth sularına – okeanlar, dənizlər, çaylar, göllər və süni su hövzələrinə aid də müxtəlif məlumatlar verilmişdir. Orada əfrəncə (Aralıq dənizi), Yunan (Egey), Rum (Qara dəniz), Xəzər, Çin, Bəhri-Gülzüm (Qırmızı dəniz) dənzilərinin, Kür, Araz, Nil, Dəclə, Fərat, Şətt (Şətt-əl-Ərəb), Ceyhun (Amu Dərya) və s. çayların adı çəkilmiş, dənizlərə aid qabarma, çəkilmə, okean cərəyanları, çay daşqınları, sel hadisələri və onların mənşəyi haqqında yazılmışdır.
Minerologiya və faydalı qazıntı məslələri. Şairin əsərlərində 30-dan çox mineralın; qeyri-üzvi mənşəlilərdən – almazın, ləlin, firuzənin, yaqutun, zümrüdün, billurun, əqiqin, təlqin, maqnetitin, çaxmaqdaşın, mərgümüşün, sürmənin; üzvi mənşəlilərdən – sədəfin, şəvənin, kəhrəbanın, mirvarinin, mərxanın; kimyəvi elementlərdən – qalayın, dəmirin, qızılın, gümüşün, misin, qurğuşunun, civənin, kükürdün: karbohidrogen birləşmələrindən – yanar qazların, neftin, qətranın, qırın; süxurlardan – mərmərin, təbaşirin, kəcin, gilabinin və ərintilərdən – tuneunun, poladın adı çəkilir, faydaları, zərərli xüsusiyyətləri, fiziki xassələri, istifadəsi haqqında məlumat verilir. “Xəmsə”də almaz, kükürd, firuzə, civə yataqları haqqında da məlumatlara rast gəlinir. Nizami doğru, düzgün olaraq kükürd yataqlarını Aralıq dənizinə yaxın ərazilərlə, yanar qazları respublikamızla, firuzəni İranla əlaqələndirir.
Nizami “Xosrov və Şirin” poemasında qızıla misir qatılmasını yersiz hesab edir. Belə halda qızılın dəyəri itir. Qızılın əridilməsi üçün gümüşün yararlı olduğunu göstərir.
Ümumi geoloji məsələlər. Böyük şair- filosof Nizami Gəncəvi hələ XII əsrdə əvvəlcə “Xosrov və Şirin” poemasında materiyanın, kainatın daim hərəkətdə olduğunu, onların elementar hissəciklərdən təşkil olunduğunu göstərmiş, sonra isə “Leyli və Məcnun” poemasında həmin hissəciklərin daim hərəkətdə olaraq iş gördüyünü belə təsvir etmişdir :
Bir toz görünsə də, hər zərrə qədər,
Bu dünya evində o da iş görər.
Bəli, Nizami kainatda yeganə hərəkət növü kimi fırlanma hərəkətinin mövcudluğunu qəbul etmişdir. Bu nəticəyə gəlmişdir ki, istənilən zərrəcik düz xətt cıza bilməz, yəni bütün xətlər qapalıdır. Nizami bunu “Leyli və Məcnun poemasında belə təsvir edir :
Səhradan bir bulud qalxarsa əgər,
Ucalar müəyyən nöqtəyə qədər.
Uçar ucalığın son zirvəsinə,
Lakin o sərhədi aşammaz yenə.
O da dairədə dolanıb qalar,
O da bir dairə şəklini alar.
Çadırtək çataraq bulud qaşını,
Yerin üfüqünə qoymuş başını.
Onun qoşununa yetirsən nəzər,
Dairə olmağa o da meyl edər ...
Ən uca nöqtəni aşarsa bir xətt,
Öz əksi halına meyl edər fəqət...
Bu kürə şəklində yalnız yer deyil,
O xətt ki, hərlənir, yuvarlaqdır bil.
N.Gəncəvi “kainatda hər şey cəzbə bağlıdır”, - deyərək cazibənin dünyəvi olması fikrini söyləmişdir.
Kainatda hər şey cəzbə bağlıdır,
Filosoflar bunu eşq adlandırır.
Beləliklə o, alimləri 4-5 əsr qabaqlayaraq hazırlki atmosfer, hidrosfer və litosfer adlanan geosferlərə uyğun gələn hava, torpaq və su qatlarını ayırmışdır. Nizami zəlzələləri çox düzgün olaraq yerin dərin qatları ilə əlaqələndirir, geoloji amillərin təsirinin geoloji vaxt ərzində baş verdiyini təsdiq edən fikirlər söyləyir. O, 1139-cu ildə baş vermiş Gəncə zəlzələsinə həyəcanlı misralar həsr etmişdir. (Göygöl də zəlzələ nəticəsində əmələ gəlmişdir.)
Nizami əsərlərində təbiətə məftunluq motivləri. Şairin dövründə şahların, sərkərdələrin ova çıxması, atla ceyranı, maralı qovması, şahin quşu ilə quş ovlaması bir əyləncə, estetik zövq və ya qəhrəmanlıq kimi qələmə verilirdi. Odur ki, İskəndər də, Xosrov da, Şirin də və “Xəmsə”dəki daha başqa qəhrəmanlar da tez-tez ova çıxır, ov ovlayardılar. Lakin bu ovların hamısında bir məqsəd hiss olunur. Nizaminin təbiətə belə münasibəti onun oxucularında təbiətə qarşı məhəbbət oyadır, onu sevməyə və qorumağa vadar edir. Azərbaycan xalqının, o cümlədən də onun böyük yetirməsi Nizaminin təbiətə olan məhəbbətinin zirvəsini indi respublikamızda müqəddəsləşib, sevilə-sevilə qorunan və yaşca Nizami dövründən də artıq olan Şərq və ya Gəncə çinarlarının kökündə axtarmaq lazımdır.
“Sirlər Xəzinəsi”ndəki “Firidun və maralın dastanı” əsəri təbiətə sevgi baxımından səciyyəvidir. Səhər çağı çəməndə ova çıxmış Firidunun gözünə şux və çox məsum maral dəyir. Şahın gözü maralı tutur, ona bağlanır. Şah maralı ovlamaq üçün oxa əl atır, ox marala dəymir, Nizami şahın marala atdığı, lakin ona dəymədiyi oxu dilə gətirir. Ox Firiduna deyir ki, sənin ovlamaq istədiyin bu dilsiz heyvan öz baxışı ilə əyninə dəmir geyim geymişdi. Dəmir geyimə isə ox bata bilməz. Nizami burada maralın gözəlliyini zirehə çevirir, onu müqəddəsləşdirməyə çağırır. Şair, Firidunun maralı ovlaya bilməməsini təbliğ etməklə, şahın insanları sərçə kimi deşib tökən oxunun gözəllik qarşısında kütləşdiyini göstərir.
Nizami əsərlərində arılara tez-tez müraciət edir. O, arıların qayırdığı mum olmasaydı şam da olmazdı, şam olmasaydı ev də işıqlanmazdı, bal olmasaydı gözlər uzaq görən olmazdı, - deyir.
Bəli, təbiətdə olan hər bir təbii görünüşün – Landşaftın özünə məxsus canlı aləmi vardır. Əgər ağ ayı şimal qütb dairəsində qarın, buzun arasında yaşayırsa, o, səhrada tezliklə məhv olar. Əksinə, səhrada cövlan edən hər hansı bir heyvan qarın-buzun və ya meşənin içində məhv olub gedər. odur ki, şair “Sirlər xəznəsi”ndə yazır ki, qızılquş səhranı tərifləyərək onun gözəl olduğunu deyir, lakin ördək ona etiraz edərək “ancaq dənizin, gölün gözəl” olmasını söyləyir.
Dahi şairin “Xosrov və Şirin” poemasında olan təbiət təsvirləri xüsusilə diqqətə layiqdir. Burada təbiətdən məharətlə istifadə geniş və çoxcəhətlidir.
Nizami buludu şeirə tez-tez gətirir, onun müsbət və mənfi cəhətlərini aşkara çıxarmağa çalışır. Buludun ota körpəlikdən su verməsi, müxtəlif gül-çiçəyi, otları böyütməsi onun hörmətini qaldırır. Şimşəklər şaxanda buluddan şıdırğı yağış yağdıqdan, bulud ağladıqdan sonra tez dağılır, səma yenidən açılır.
Şair iztirab içində yerlə sürünən Məcnunun adından deyir ki;
O utanmasaydı, qalxıb durardı,
Bulud tək özünə qılınc vurardı.
Dahi şair şimşəyi və xüsusilə ildırımı buludun qılıncı hesab edir. Bulud- “tutduğu işdən peşiman olanda” başına öz qılıncını – şimşək və ildırımı vurur.
Həyatda düzlükdən danışanda “Sirlər xəzinəsi”ndə Nizami ona şəkər qamışını misal gətirərək deyir ki, şəkər qamışı düz olduğundan şirindir, şəkər toplayandır. Düzlük rəmzi kimi o, sərv ağacından danışaraq yazır ki, sərv ağacı düzlük bayrağı qaldırdığından daima yarpaqları yaşıl olur. Belə çıxır ki, yaşıllıq təbiətin düzlüyə görə ona bəxş etdiyi hədiyyədir.
Coğrafi adların təhlili. “İskəndərnamə”də yetmişə qədər coğrafi ad, millət və xalq adı çəkilir. Buna Hindistanın Qənnucu, Kəşmiri, Pəncabı, Çinin Xütanı, Xərxizi, Xətası, Əfqanıstanın Bəxxi, Qəznəsi, Quru, Hərənsi, Səncabçayı, Rusiyanın Alan, Bərtas, Qıpçaq, İsu və Tərtus vilayətləri, Balkanın Makedoniyası, İtaliyanın Rimi daxildir. Nizami ərəb ölkələrində olan Qirvan, Əfrəncə və İskəndiyar, Kərx, Kəbə, Mədain, Mosul, Fərat coğrafi adlarını çəkir. O, İranda olan bir çox coğrafi adları Zəndərud, İstəxr, Kirman, Gilan, Xizan və s. qələmə alır. Nizaminin yazılarında o dövrdə məvcud olan, lakin sonradan xarabazara çevrilmiş, bir sıra coğrafi adlar da çəkilmişdir: İranda Pey, Şüştər, Rusiyada İsu, Tərtus və s. Nizami “İskəndərnamə” sində Bərdənin qədim adını - Hurum, Daşkəndin qədim adını Çaç, Amu –Dəryanın adını – Ceyhun kimi göstərir.
Poemada orta Asiyaya aid olan bir çox coğrafi adlar tez-tez çəkilir. Bura Buxara, Kaşhar, Turan, Fərqanə, Xarəzm və s daxildir. Amma respublikamızın ərazisinə məxsus olan coğrafi addan “İskəndərnamə”də çox az istfadə edilir. Bura Şabran, Hurun və ya Bərdə və Xəzər kimi coğrafi adlar daxildir. Dağlardan Tibetin, adalardan isə Ekvatorial Afrikadakı Zəng (Zəngibar), dağ zirvələrindən isə Elbrus (Rusiya) dağının adı çəkilir. Deyilənlərdən aydın olur ki, Nizami “İskəndərnamə” əsərində baş verən hadisələri bu və ya digər coğrafi adlarla sıx bağlamışdır.
Nizami əsərlərində olan coğrafi adların 800 ildən artıq yaşı vardır. Deməli, o dövrdən bu günə qədər yaşamış coğrafi adın da yaşı səkkiz əsrdən artıqdır. Nizamidən sonra tarixi hadisələr tufanının dağıtdığı yaşayış məntəqələrinin adlarının saxlanılmasının da mühüm tarixi , eləcə də elmi əhəmiyyəti vardır.
Nizaminin tədqiqatçılarından Q.Cahani “Xosrov və Şirin” əsərindəki :
İlicuq düzündə dincəldilər
İçmək üçün cama, mey tökdülər.
misralarındakı İlincuq düzünün adının sonralar dəyişərək Mil düzü olmasını elmi dəlillərlə sübut edir.
Nizami Bərdənin təsvirini çox yığcam və məzmunlu vermişdir. O, Bərdənin ətrafının yazda, payızda gülsüz olmadığını, yayda dağların çiçəkləniyini, qışda isə bahar nəsiminin duyulduğunu, meşəsinin behişt örtüklü olduğunu, ətəyinə Kürdən kövsər bağladığını söyləyir. Burada dağ toyuğu, turac, kəklik və qırqovulun bol olduğunu, söyüd və sərv ağacları kölgəsində boşluq tapılmadığını deyir. Nizami poemasında yerin dərinliklərindən başlamış göyün doqquzuncu qatına qədər təbiətin bütün hadisə və prosesləri bu və ya digər dərəcədə öz əksini tapmışdır.
Nizami ən böyük təbiət obyektlərini – Kəhkəşanı, ulduzlar sistemini, Ayı, planetləri elmi dəqiqliklə görüb qələmə aldığı kimi, ən kiçik təbiət predmetlərini də - arını, qarışqanı görüb onların hər birini özünəməxsus təbii keyfiyyətlərini aşkara çıxarmışdır.
Nizami əsərlərində toxunulan təbiət mövzularına Yer kürəsi və Kosmos problemləri də daxildir. Şairin yaradıcılığında Yer kürəsinə, yer qabığına (litosfer), su (hidrosfer), hava (atmosfer) örtüyünə, eləcə də bitki və heyvanat aləminə (biosfer) aid olan bir sıra ciddi və elmi cəhətdən maraqlı məsələlər diqqəti cəlb edir.
Beləlilklə xalqımızın böyük mütəfəkkir şairi Nizami Gəncəvinin poeziyası kimi elmi irsi də ümumdünya, cahan - şümul xarakter daşıyır. Onun elmi çoxsahəli, dünyəvi və fundamental olmaqla böyük əhəmiyyət kəsb edir.
Şixəmməd Seyidməmmədov,
ADPU-nun Quba filialının “Təbiət fənləri
və onun tədrisi metodikası” kafedrasının
baş müəllimi. “Gülüstan” elmi-ədəbi məclisinin
sədri


Bakı -°C

