adalet.az header logo
  • Bakı 11°C
19 May 2022 16:54
464
SİYASƏT

Nə sülh, nə hərb

Rus siyasətinin sevimli taktikası

“Biz Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinlərinin həmsədrliyi altında yaradılmış üçtərəfli komissiyanın fəaliyyətini yüksək qiymətləndiririk ”. Bu bəyanatla Rusiya XİN-in sözçüsü Mariya Zaxarova çıxış edib. Xanım Zaxarovanın sözlərinə görə Sergey Lavrovun Ararat Mirzoyan və Ceyhun Bayramovla mayın 12-də Düşənbədə keçirilmiş görüşündə Cənubi Qafqazda bütün növ nəqliyyat və iqtisadi əlaqələrin bərpası Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və bütövlükdə regional əməkdaşlığın genişləndirilməsi yolunda ən vacib amillərdən biri kimi qiymətləndirilib. Qeyd olunub ki, üçtərəfli komissiyanın həmsədrləri bütün tərəfləri qane edən qərarlar qəbul etmək üçün müntəzəm olaraq bir-birləriylə əlaqə saxlayırlar.

Zaxarovanın mövzu ətrafındakı son açıqlaması bununla bitmir. O daha sonra sonra sərhədlərin – təbii ki, Rusiyanın konsultativ yardımı ilə – delimitasiyası, ardınca da demarkasiyası üçün ikitərəfli komissiyanın yaradılmasının tərəfdarı olduqlarını bəyan eləyir. “Ermənistan, Rusiya, və Azərbaycan liderlərinin Soçi sammitindəki üçtərəfli bəyanatında göstərildiyi kimi - deyə mətbuat katibi davam eləyir, - iki ölkənin sərhədlərində sabitlik səviyyəsini yüksəltmək üçün addımlar atılmalıdı. XİN başçılarının Düşənbə görüşündə bu məsələ də müzakirə olunub və partnyorlar milli nümayəndə heyətlərinin yaradılması prosesini başa çatdırmaq üzrə olduqlarını bildiriblər. Rusiya isə özünün ekspert komandasını artıq formalaşdırıb. Ümid edirik ki, yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üçün praktik iş başlayacaq.

Açıqlamanın sonunda isə Zaxarova bildirib ki, Rusiya postsovet məkanında delimitasiya və sərhəd mübahisələr sahəsində unikal ekspert potensialına malikdir. “Biz öz təcrübəmizi erməni və azərbaycanlı dostlarımızla bölüşməkdən çox məmnun olardıq”- deyə sözünü tamamlayıb.

Təəssüf ki, təmtəraqlı cümlələrdən ibarət olan bu pafoslu açıqlamada bir dənə də olsun həqiqəti əks etdirən cümlə, söz və ya söz birləşməsi yoxdur. Hər üç ölkənin KİV-lərində tirajlanmış belə bir qərəzli mətni bütöv halda yazının ıçinə salmaqda məqsədimizsə ordakı yalanları bitdə-bitdə incələməkdir.

Xatırladaq ki, bölgədəki nəqliyyat kommunikasiyaları və əlaqələrinin bərpası 44 günlük müharibədən sonra, 11 yanvar 2001-cildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Moskvada keçirilən görüşündə razılaşdırılmışdı. Həmin görüşdə qəbul olunmuş dörd bəndlik bəyanatın üçüncü bəndində deyilir: “Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.

Yaradıldımı? Xeyr! Fəaliyyət göstərirmi? Xeyr! Günahkar kimdir? Ermənistan!

Ermənistan, səhv etmirəmsə, ilk iclasdan sonra işçi qrupunun toplantısına qatılmadı və onun fəaliyyətini həm rəsmi, həm də faktiki olaraq iflic etdi. Təbii ki, özü toplanmayan, iflic duruma düşən qrupun yaratdığı hansısa yarımqrupların fəaliyyətindən danşımaq gülünc bir şey olardı.

Həmin bəyanatın sonuncu, dördüncü bəndinə fikir verək:

İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.

Təqdim etdimi? Xeyr! Günahkar kimdir? Ermənistan!

Çünki yuxarıda da dediyimiz kimi məhz onun günahı ucbatından işçi qrupunun fəaliyyəti iflic olub.

 

2021-ci ilin noyabrın 26-da Soçidə keçirilən sayca ikinci üçtərəfli görüşdə üçüncü üçtərəfli bəyanat qəbul edildi (məlumdur ki, birinci 10 noyabr bəyanatı onlayın formatda qəbul edilmiş, Paşinyansa ekranda görünməyə üzü olmadığı üçün sənədi kadr arxasında imzalamışdı). Məlumdur ki, Soçi görüşü Qərbin bu ietiqamətdə fəallaşdığı, AB prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan ilk Brüssel görüşü ərəfəsinə təsadüf edirdi. Həmin vaxt Ermənistan-Azərbaycan sərhəddində də gərgin anlar yaşanırdı. Azərbaycan ordusu ərazilərimizə soxulmuş erməni əsgərlərini sözün həqiqi mənasında şillə-təpiklə ordan qovub çıxarmaqla məşğul idi. Bu toqquşmalar son olaraq sərhədlərin delimitasiya və demarkasiyanı gündəmə gətirdi ki, Brüssel görüşündə bu məsələ də müzakirə mövzusu olmalıydı. Həmin vaxt Putin televiziya vasitəsi ilə bəyan eləmişdi ki, delimitasiya və demarkasiyanın açarı, yəni sovet dövrünün xəritələri onun əlindədir və Rusiyasız bu məsələnin həlli mümkün deyil.

Soçi görüşündə qəbul olunmuş bəyantda sərhəd problemiylə bağlı deyilir: “Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik"

Yaradıldımı? Yox! Günahkar kimdir? Ermənistan!

Hərçənd, Putin həmin Soçi sənədinin imzalandığı vaxt konkret olaraq demişdi ki, "bu ilin (2021-ci ilin-red.) sonuna qədər bunu etməyə razılaşdıq.Ümid edirəm ki, bu ən yaxın zamanda baş verəcək. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur".

Putinin həmin ümidlərinə rəğmən 6 aydı sərhədlərlə, il yarımdı kommunikasiyalarla bağlı komissiyalardan səs-soraq yoxdur. Azərbaycan hər iki komissiyanı formalaşdırsa da Ermənistan “bəlkə də qaytardılar” xülyasıyla prosesi uzadır. Mariya Zaxarovasa yuxarıda tam mətnini təqdim elədiyimiz açıqlamasında bunları görməzdən gəlir. Rusiyanı deyir, Azərbaycanı demir. Demir ki, günah satellitin boynuna yüklənməsin.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqşəsini həlli heç vaxt Kremlin maraqlarında olmayıb. “Nə sülh, nə hərb”! Rusiyanın istər bu bölgədə, istərsə də özünün maraq dairəsi saydığı istənilən digər bölgədə yeritdiyi siyasətin ana xəttini məhz bu formul təşkil edir (Ukraynada da bunu istəyirdi, sadəcə, güclü dəstək və inadkar müqavimət prosesləri fərqli müstəviyə yönəltdi). Özü də tək indi yox, tarixin bütün dönəmlərində belə olub. Zəngin potensialına bütün dünyanın həsəd apardığı bir ölkənin öz maraqlarını qorumaq üçün zorakılıq və şantajdan başqa bir üsul tapa bilməməsi və ya bunu istəməməsi həqiqətən çox üzüçüdür. Həm də anlaşılmazdır. Yəni, doğrudanmı, dünyaya saysız-hesabsız nəhəng şəxsiyyətlər, elm, sənət və xüsusilə ədəbiyyat korifeyləri bəxş eləmiş bir məmləkət ağlı başında bir siyasətçi yetişdirməkdə bu qədər acizdir?!

M. Məmmədov