adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Yanvar 2022 14:15
1353
MƏDƏNİYYƏT

Nazim Sadıqov: Qarşıda məni 80, 90,100 gözləyiri...

Əziz oxucu, haqqında danışacağımız ziyalı, işindən-peşəsindən yoruldum deməyən, fədakar elm sərrafı, Respublikanın Əməkdar mühəndisi, "Tərəqqi" medallı Nazim Məhərrəm oğlu Sadıqovdur. Nazim Sadıqov kimdir?

Müəllif: - Mən bu suala ingilis yazıçısı Samuel Smaylsın söylədiyi: "Cəmiyyətin xoşbəxtliyi üçün çalışanın özü də xoşbəxt olar" müdrik kəlamın necə də Nazim Sadıqov şəxsiyyətinin keçdiyi ömür yolu ilə həmahəng olduğunu qeyd etmək istəyirəm. Bəli, ömrünün 70-ci baharını arxada qoyub üzü 100-ə doğru ömrünün mənalı illərini yaşaya-yaşaya irəliləyən Nazim müəllim əlbəttə xoşbəxt insandır. Çünki, o, bu zirvəyə halal elmi zəhməti, biliyi, bacarığı və əxlaqi keyfiyyətləri ilə yetişib.

Nazim Məhərrəm oğlu Sadıqov 1952-ci il yanvar ayının 29-da Azərbaycan Respublikasının dilbər guşələrindən olan, alim, ziyalıları və qəhrəman oğulları ilə öyünən Gədəbəy rayonunun tanınmış kəndlərindən olan Nərimankənd kəndində dünyaya göz açmışdır. (Onu da qeyd edim ki, Nərimankənd kəndi 1964-cü ilə qədər Tovuz rayonunun inzibati ərazi vahidliyinə daxil olmuşdur). Balaca Nazimin təmsil olduğu soy-kök, nəsli və ata-babası Lazılar Sadıx saf suyu, pak havası, insanı riqqətə gətirən təbiəti ilə çağlayan Xınna dərəsinin hörmətli el ağsaqqallarından biri olmuşdur.

Atası Məhərrəm kişidən tərbiyə, ona dərs deyən müəllimlərindən xeyir-dua alan gənc Nazim 1969-cu ildə Nərimankənd orta məktəbini uğurla başa vurub, elə həmin ildə də Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) kimya fakültəsinə qəbul olur. Qaynar Universitet mühiti gənc Nazimin gələcək həyatında onun elmi bilikləri dərindən əxz edərək püxtələşməsində böyük rol oynayır. Və beləcə 1974-cü ildə ölkəmizin ən adlı-sanlı ali təhsil ocağı olan BDU-nun kimya fakültəsini fərqlənmə qiymətlərlə bitirən Nazim Sadıqov təyinatla Şamaxı rayonunun Çarhan kənd orta məktəbinə kimya ixtisası üzrə müəllim göndərilir, ilk gündən nümunəvi pedaqoji fəaliyyətə başlayan Nazim müəllim 1974-1976-cı illər ərzində Çarhan kənd orta məktəbinin müəllim kollektivinin və şagirdlərin istəklisinə çevrilir. O, iki il ərzində şagirdlərə kimya fənnini tədris edərək bu elmin sirlərini aşılamağı bacarmışdır.

1976-cı il. Nazim Sadıqovun həyatında yeni cığırlar iz salmağa başlayır, iki il bundan öncə Bakıdan Şamaxıya müəllim göndərilən bu gənc ziyalının sən demə ürəyində böyük arzuları varıymış. Məhz bu arzular, yeni elmi düşüncələr və fəaliyyət dairəsi Nazim Sadıqovu yenidən Bakıya dönməyə səsləyir. Beləcə, Su problemləri üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Nazim müəllim iki il adı çəkilən institutda çalışdıqdan sonra 1978-ci ildə AMEA-nın Geologiya institutunda elmi-tədqiqat işləri ilə fəaliyyətini davam etdirməyə başlayır. Beləliklə, Nazim Sadıqov adlı şəxsiyyətin növbəti həyatı həmin ildən bu günə kimi ölkəmizin ən mötəbər ali elm məbədgahına qırılmaz tellərlə bağlanır.

Nazim müəllim "Faydalı qazıntı yataqlarının axtarışı və kəşfində geokimyəvi analizlər"in nəticələrinin düzgün qiymətləndirilməsi işini peşəkarcasına bacardığına görə AMEA rəhbərliyi tərəfindən Geologiya institutunun "Kimyəvi üsullarla mineral maddələrin tədqiqi" laboratoriyasına rəhbər təyin edilir. Bundan

sonra vəzifə məsuliyyətinin daha ciddi və geniş spektrli olmasını nəzərə alan Nazim müəllim kollektivdə yeni bir aura yaradır. Laboratoriyada çalışan hər bir əməkdaşın qayğısına qalan Nazim müəllim daim qeyd edir ki, hər kəs öz işinə məsuliyyətlə yanaşsa istənilən nəticəni almaq asan olacaq. Məhz bu prinsiplə kollektivdə iş ciddiyyəti quran Nazim müəllim əldə olunan nəticəni isə daim geoloqlarla birgə müzakirə edərək yeni-yeni uğurlara imza atırlar.

Məhz bu səbəbdən də Nazim müəllimin elmi-tədqiqat işinin və araşdırmasının nəticəsi olaraq müəllifi olduğu 30-dan çox məqaləsi elmi jurnallarda nəşr olunmuşdur. Həmin məqalələr geoloqların axtarış və tədqiqat işlərində daha önəmli mənbə kimi istifadə olunur.

Geoloqların təqdim etdiyi süxurların və filizlərin kimyəvi tərkibi Nazim müəllimin rəhbərlik etdiyi laboratoriyada müxtəlif analizlərin (spektrokimya, atom-absorbsion, mikrozond və s.) köməyi ilə dəqiq öyrənilir. Bu isə özlüyündə geoloqların ölkəmizdə mövcud olan faydalı qazıntı yataqlarının tədqiq olunmasına bir töhfə deməkdir.

Nazim Sadıqov intellektual səviyyəsi, dünyagörüşü, təşkilatçılıq və idarəçilik bacarığı ilə AMEA rəhbərliyinin diqqətini daim özünə cəlb etmişdir. Bununla yanaşı Nazim müəllim hər an rəhbərlik etdiyi kollektiv arasında vətənpərvərliyi ilə dövlətçiliyi təbliğ etdikcə özümdə bir mənəvi rahatlıq tapıram, söyləyir. Bu onun əsl azərbaycanlı, təmiz qanlı türk oğlu olmağından irəli gəlir.

Bütün bunları nəzərə alaraq AMEA-nın sabiq Prezidenti, hörmətli Akademik Akif Əlizadənin Nazim Sadıqov haqqında söylədiyi ürək sözlərini nəzərinizə çatdırmaq yerinə düşər:

"Nazim Sadıqovla 1978-ci ildən Geologiya İnstitutunda işləməsinə baxmayaraq, mən onu daha yaxından 1993-cü ildən tanımışam. Belə ki, o zaman fiziki-kimyəvi üsullarla mineral maddələrin tədqiqi laboratoriyasının rəhbəri vəzifəsi boş idi. Nazimin namizədliyini elmi işlər üzrə direktor müavini, akademiyanın müxbir üzvü i.Quliyev vermişdi. Onun təklifi mənim tərəfimdən müsbət qarşılandı və N.Sadıqov adı çəkilən laboratoriyaya rəhbər təyin edildi. N.Sadıqov laboratoriya rəhbəri keçdiyi gündən çox aktiv fəaliyyətə başladı. O, daim mənimlə görüşür, məsləhətləşir və əməli tədbirlər görürdü. Bu işdə N.Sadıqov qısa müddətdə bacarıqlı mütəxəssis olduğunu bir daha sübut etdi. Daha doğrusu, ona bəslənən ümidləri tam doğrultdu, qabiliyyət və bacarığını, işgüzarlığını, nəzərə alaraq 2003-cü ildə onu daha məsul bir vəzifəyə - "Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzinə" rəhbər təyin etdik.

N.Sadıqov daim öz üzərində çalışan mütəxəssisdir. O, nəzəri biliklə yanaşı praktiki işlərə də xüsusi fikir verir. Bu məqsədlə o, Moskvanın və Qazaxıstanın Elmi-Tədqiqat İnstitutlarına və istehsalat idarələrinə ezam olunub, zəngin istehsalat təcrübəsi toplamışdı. Eyni zamanda istehsalatın və elmin müasir inkişaf mərhələsində maddələrin tərkibini düzgün təyin etmək üçün yüksək sürətə, həssaslığa, dəqiqliyə malik kimyəvi, fiziki, fiziki-kimyəvi analiz üsullarından istifadə etmək qaydalarını yüksək səviyyədə mənimsəmişdir.

N.Sadıqov analitik işlərdə elmi və təcrübəvi problemlərin işlənib hazırlanmasında və analitik üsulların tətbiqi sahəsində böyük təcrübəyə malikdir.

İnstitutun analitik bazasının yaradılmasında və onun müasir avadanlıqlarla təchiz olunmasında Nazim müəllimin xidmətləri tərəfimizdən həmişə yüksək qiymətləndirilib.

Sonda onu demək istərdim ki, N.Sadıqov özündə bütün insani keyfiyyətləri birləşdirən bir şəxsiyyətdir. Məhz onun nəticəsidir ki, rəhbərlik etdiyi kollektivin hər bir əməkdaşının problemini özününkü sayır və onun həll olunması üçün bütün imkanlardan istifadə edir. Ona görə də kollektiv arasında böyük nüfuz və hörmətə malikdir. Heç də təsadüfü deyildir ki, institutun kollektivi onu yekdilliklə həmkarlar təşkilatının sədri seçmişdi."

Əlbəttə, tanınmış elm xadimi, dəyərli şəxsiyyət akademik Akif Əlizadənin hörmətli ziyalı, istəkli vətənsevər insan Nazim Sadıqov haqqında dediyi səmimi ürək sözləri ona verilən ən yüksək qiymətdir.

Və bununla yanaşı dəyərli akademikin Nazim Sadıqov şəxsiyyətinə qarşı olan sonsuz hörmət və ehtiramın təcəssümüdür.

Nazim Sadıqov dünyasına hörmət və ehtiramla yanaşan dəyərli şəxsiyyətlərimizdən biri də AMEA Geologiya institutunun laboratoriyasının sabiq rəhbəri, geologiya-minerologiya elmləri doktoru, professor C.Azadəliyevdir. Hörmətli professorun söylədiyi xoş sözlər:

"Nazim Sadıqovu 1978-ci ildən tanıyıram. O, 1978-ci ildə ciddi müsabiqədən keçərək, AMEA-nın Geologiya institutunun "Süni kristal yetişdirmək üçün hidrotermal proseslərin modelləşdirilməsi" laboratoriyasında elmi işçi vəzifəsinə işə qəbul olunmuşdu.

Bir qədər sonra bu laboratoriya ixtisara düşdü və institutun rəhbərliyi Nazim müəllimin bacarıqlı kimyaçı- mütəxəssis olduğunu nəzərə alaraq, onu dərhal "Fiziki-kimyəvi üsullarla mineral maddələrin tədqiqi" laboratoriyasına müdir müavini və eyni zamanda baş mütəxəssis vəzifəsinə təyin etdi. O, bu işdə də özünü bir daha bacarıqlı mütəxəssis kimi göstərə bildi. Onun ciddi səyi sayəsində laboratoriyanın müasir səviyyədə texniki təhcizatı və analitik fəaliyyəti xeyli gücləndirildi və bu da analitik tədqiqatların dəqiqliyinə kifayət qədər öz təsirini göstərdi.

Mənim elmi-tədqiqatlarım öz xarakterinə görə daim müxtəlif prezisionanalitik təyinatlara əsaslandığına görə mütəmadi olaraq analitik laboratoriyanın fəaliyyəti ilə maraqlanıram, analitik təyinatların dəqiqliyi daim mənim şəxsi marağımdadır.

1993-cü ildə "Fiziki-kimyəvi üsullarla mineral maddələrin tədqiqi" laboratoriyasının rəhbəri vəzifəsi vakansiya idi. institutun direktoru akademik A.Əlizadə mənim obyektivliyimi və analitik işlərə müsbət münasibətimi çox yaxşı bildiyinə görə təklif etdim ki, Sadıqovun işgüzarlığını və kimya sahəsi üzrə potensial bilik səviyyəsini nəzərə alaraq həmin laboratoriyaya rəhbərlik etməyi ona tapşırasınız, çox yaxşı nəticələr ala bilərik. Akif müəllim təklifimi bəyəndi və Nazim Sadıqov laboratoriyaya müdir təyin edildi. O vaxtdan illər ötüb keçib, bu gün də iftixar hissi keçirirəm ki, laboratoriya rəhbərliyinə namizədliyini irəli sürdüyüm Nazim Sadıqov həm mənim, həm də kollektivin etimadını layiqincə doğrultdu.

O da yaxşı yadımdadır, Sovet ittifaqı dağıldıqdan sonra maddələrin kimyəvi və mineroloji tərkibinin təyini üçün daxil olan çoxsaylı müraciətlərdən aydın olurdu ki, ölkənin indiki durumunda, demək olar ki, yalnız Azərbaycan Milli Elmlər

Akademiyasının Geologiya institutunda analitik cihaz və avadanlıqlar nəinki qorunub saxlanılmışdır, hətta onlar daimi olaraq işçi vəziyyətindədir. Bu, Nazim müəllimin öz işinə yanaşmasının bariz nümunəsidir.

2003-cü ildə institutun strukturası islahatlara məruz qaldı, laboratoriyalar şöbələrə çevrildi, "Fiziki- kimyəvi üsullarla mineral maddələrin tədqiqi" laboratoriyası isə daha da böyüdü və onun fəaliyyət dairəsi daha da genişləndi. Bununla əlaqədar olaraq, institutun Elmi Şurası Naim Sadıqova daha məsul vəzifə -"Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi"nə rəhbərlik vəzifəsini etibar etdi və yekdilliklə ona səs verdi. N.Sadıqovun rəhbərlik etdiyi analitik mərkəz bu gün nəinki Geologiya institutunun elmi işlərini dəqiq analitik təyinatlarla təmin edir, eyni zamanda respublika əhəmiyyətli elmi-tədqiqat işləri və beynəlxalq layihələr üzrə təqdim olunan təbii və süni maddələrin tərkibini optik- spektral, atom-absorbsiya, rentgenospektral, rentgenometrik və b. müasir metod və üsullarla təyin etmək imkanına malikdir. Beləliklə, hazırda Nazim Sadıqov Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutunun "Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi" adlanan böyük bir elmi-tədqiqat qurumuna rəhbərlik edir.

Nazim müəllim öz fəaliyyətini böyük bir elmi-analitik mərkəzə rəhbərlik etməklə məhdudlaşdırmır, o eyni zamanda sırf elmi yaradıcılıqla da məşğul olur. O, bir sıra dəyərli elmi məqalələrin müəllifidir. Onun elmi əsərləri sırasında geoekoloji və bütövlükdə ekoloji problemlərin həllinə həsr edilmiş elmi tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir.

2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin Təşəkkürnaməsinin və AMEA-nın Fəxri Fərmanın verilməsi Nazim Sadıqovun fəaliyyətinə verilən təvazökar qiymətdir.

Nazim həm də qayğıkeş insandır. Rəhbərlik etdiyi kollektivdə işgüzar şərait yaratmaq, işçilərinə öz üzərində ardıcıl olaraq çalışmağı aşılamaq, onlara mehribanlıq göstərmək Nazim müəllimə xas olan ən yaxşı keyfiyyətlərdəndir. Onu eyni zamanda xeyirxah, gülərüz, xoşrəftarlı, mehriban, başqalarına zəhmət verməyi xoşlamayan sadə insan kimi tanıyırlar.

Nazim Sadıqov eyni zamanda yüksək təşkilatçılıq qabiliyyətinə də malikdir. O, insanlarla ünsiyyətdə olmağı çox xoşlayan, onlara gərəkli məsləhətçi, yardımçı olmağa çalışan intellektual səviyyəli bir şəxsiyyətdir. O, nəinki rəhbərlik etdiyi, eləcə də, bütövlükdə kollektivi, institut arasında böyük nüfuza malikdir, institutun kollektivi tərəfindən 2009-cu ildən 2016-cı ilə qədər həmkarlar təşkilatının sədri və institutun ümumi işlər üzrə direktor müavini vəzifəsində işləməsini bunun bariz nümunəsi kimi qəbul etmək olar.

Nazim müəllim barədə qısaca təəssüratlarım bu qədər. Mən ona həyatda və apardığı elmi-tədqiqat işlərində müvəffəqiyyətlər arzulayıram."

Hörmətli akademik A.Əlizadənin və professor C.Azadəliyevin Nazim Sadıqov haqqında söylədikləri səmimi, xoş sözlər onun yüksək eridusiyaya malik peşəkar tədqiqatçı mütəxəssis və nəcib əxlaqi keyfiyyətləri ilə seçilən bir ziyalı şəxsiyyət olmasını bir daha təsdiqlədi.

Bəli, laboratoriyanın ən müasir cihaz və avadanlıqlarla təminatı, onların quraşdırılıb istifadəyə verilərək müasir tələblərə uyğun elmi-tədqiqat işlərinin yüksək səviyyədə yerinə yetirilməsi işini Nazim müəllim elə qurub yaratdı ki, daim

uğurlar onunla birgə addımlayır. Əldə olunan nailiyyətlərdən ruhlanan və üzərinə düşən vəzifə borcunu daha da sevə-sevə icra edən Nazim Sadıqov işdə göstərdiyi nümunəvi fəaliyyətinə görə 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab ilham Əliyevin Sərəncamına əsasən "Respublikanın Əməkdar mühəndisi" fəxri adı və 03 noyabr 2015-ci ildə Akademiyanın 70 illiyi ilə əlaqədar "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Fitri peşəkar mütəxəssis və idarəçilik bacarığı ilə fərqlənən Nazim Sadıqov 2013-cü ildə digər bir vəzifəyə Akademiya şəhərciyinə direktor vəzifəsinə təyinat alır. O, bu vəzifədə 2016-cı ilə qədər çalışmışdır. Nazim müəllim bu vəzifəyə yenilikçi gəlişi ilə şəhərciyin abadlaşdırılmasına təkan verir. Şəhərcikdə göz oxşayan səliqə-sahmanlı yaşıllaşdırma işləri sanki orada istirahət edən hər kəsə müsbət enerji və xoş əhval ruhiyyə bəxş edir. Əlbəttə, şəhərciyin abadlaşması, qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi işinin təşkilində Nazim müəllimin əvəzsiz fəaliyyəti daim danışılacaq.

Nazim müəllimin şəhərciyə rəhbərlik etdiyi dövrü təcəssüm etdirən AMEA-nın ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin sabiq rəis müavini, kimya üzrə fəlsəfə doktoru Oqtay Hümbətlinin 05 iyun 2015-ci ildə AMEA-nın "Elm" qəzetində nəşr etdirdiyi "Nəim bağlarını xatırladan şəhərcik" məqaləsini sizlərə təqdim edirik.

"Məhz Nazim Sadıqovun işgüzarlığı, yorulmaq bilmədən çalışması sayəsində, Akdemiya şəhərciyi şəhərimizin çoxsaylı parkları ilə rəqabət apara biləcək bir istirahət guşəsinə çevrilib. Bu nailiyyətlərə nail olmaq məqsədilə avtomobillərin şəhərciyin ərazisinə buraxılmasında qayda-qanun yaratmaq üçün iki buraxılış-nəzarət məntəqəsi yaradıldı. 150 yerlik avtomobil dayanacağı və əlavə avtomobil dayanacağı inşa edildi.

Yaşıllıqlar hər səhər suvarılaraq, səliqə-sahman bərpa edilir. Şəhərciyin ərazisində dekorativ və bəzək kolları, təzə çiçəklər əkilmiş, qazonların, ağac və bəzək kollarına qulluq edilməsi tam təmin olunmuşdur. Şəhərcik ərazisinin ətrafı isə müxtəlif ornamental metal konstruksiyalar ilə əhatə olunub.

Əminik ki, Akademiya şəhərciyinin abadlaşdırılması naminə aparılmış abadlıq-quruculuq və yaşıllaşdırma işləri sürəkli olaraq daväm etdiriləcək.

Akademiya şəhərciyinin layihəsinin müəllifi görkəmli memar, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, akademik Mikayıl Ələsgər oğlu Hüseynovdur. Bakı şəhərinin hazırki memarlıq simasının müəyyənləşdirilməsində onun layihələri əhəmiyyətli yer tutur.

Şübhəsiz ki, memarın əsərləri arasında akademiyamızın əsas binasının və ümumiyyətlə, şəhərciyin müstəsna yeri var və ümid edirik ki, onun bu şah əsəri Nazim Sadıqov kimi işinə sədaqətli insanların sayəsində bundan sonra da şəhərimizin ən diqqətəlayiq guşələrindən biri olaraq alimlərimizin xidmətində olacaq."

Ömrünü-gününü Azərbaycan elminin inkişaf etdirilməsinə bağlayan fədakar ziyalı, dəyərli şəxsiyyət Nazim Sadıqov daxili mənəvi zənginliklərə malik əsi vətənpərvər, əsl dost, gözəl, ilk öncə bütün ictimai tədbirlərdə etdiyi fəal çıxışları, əməli fəaliyyəti ilə daim vətənpərvər ideyaları təbliğ edərək vətəndaşlıq borcunu yerinə yetirir. İşdə və həyatda xoş xasiyyətli davranışı, isti münasibəti, qayğıkeşliyi, xeyirxahlığı və səmimiyyəti ilə özünə çoxlu dost qazanmaqda özünü

xoşbəxt sanır. Ən əsası, layiqli ailə başçısı, qayğıkeş ata və istəkli baba olması ilə fəxr edib öyünür. Bəli, Nazim müəllimin öyünməyə həqiqətən mənəvi haqqı var.

Çünki Nazim müəllim ömür-gün yoldaşı Dilşad xanımla ailənin təməl daşlarını möhkəm saf ülvi məhəbbət və halallıqla qurmuşdur. Və bu isti yuvada dünyaya göz açan Emil və Zaur adlı oğul övladları isə bu gün Sadıqov soyadlarını fəxrlə yaşadırlar. Hər iki övlad Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib. Nazim müəllimin saf, pak, halal ocağında dünyaya gələn Məhərrəm, Fərid, Nuray, Fidan, Nigar və Nazim adlı övladlar isə gələcəyin layiqli ziyalı kadrları kimi yetişəcəklər.

Nazim müəllim: -"Nəvələrimin hamısı bir ağacın meyvəsi kimi çox-çox şirin və dadlıdır. Onların hamısı mənim ciyərparalarımdır. Amma atam Məhərrəmin və mənim adımı daşıyan nəvələrimdən bir təvəqqəm var. Adı doğrultmaq ən məsuliyyətli bir işdir, inanıram ki, həqiqətən onlar bu adı doğruldacaqlar," – deyir.

Hörmətli Nazim müəllim Uca Yaradandan arzum budur ki, nəvə görmüsünüz, nəticə, kötücə də görəsiniz və onların xeyir işlərində doyunca rəqs edib yorulasınız. Bir daha işlərinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.

Hörmətlə:

yazıçı-araşdırmaçı Rüfət Hüseynli (XINNALI)