adalet.az header logo
  • Bakı -°C
04 Dekabr 2025 13:28
33
SİYASƏT
A- A+

Naxçıvanda deputatlar üçün qaydalar sərtləşdirilir - 5 iclasda iştirak etməyən...

Naxçıvan Ali Məclisinin 5 iclasında üzrsüz səbəbdən iştirak etməyən deputatın mandatına xitam veriləcək.

Adalet.az xəbər verir ki, bununla bağlı “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin 51.5-ci maddəsində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, deputatın üzrsüz səbəbdən iştirak etmədiyi iclasların sayı 10-dan 5-ə endirilib.

Qeyd edək ki, bundan əvvəl “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin 51.5-ci maddəsi aşağıdakı kimi idi:

Ali Məclisin sədri Ali Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Ali Məclisin 10 iclasında üzrsüz səbəbdən iştirak etməyən Ali Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Ali Məclisin müzakirəsinə çıxarır.

Bu məsələyə Ali Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Ali Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, İntizam komissiyasının üzvlərinə suallar verə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Ali Məclisin qərarı azı 23 səs çoxluğu ilə qəbul edilir.