adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Iyun 2022 15:30
2623
MÜSAHİBƏ

"Musiqi bütün insanların bəşəri dilidir..." - MÜSAHİBƏ

Bu gün dəinsan mənəviyyatının hava kimi ehtiyac duyduğu musiqidən danışacağıq. Müsahibimiz hazırda Omanda yaşayan sənətşünaslıq üzrə fəlsəfə doktoru, Omanda fəaliyyət göstərən Maskat Musiqi Akademiyasının təsisçisi və direktoru Səidə Xəlilovadır.

– Səidə xanım oxucularımıza öz haqqınızda bir az məlumat verməyinizi istərdim.

- Mən Səidə Xəlilova sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti, Omanda Maskat Musiqi və İncəsənət Akademiyasının yaradıcısı və direktoruyam.Bakı şəhərində doğulmuşam.Bakıdakı 190 saylı orta məktəbdə ibtidai təhsil almışam. Daha sonra Asəf Zeynallı adına Musiqi texnikomunda musiqi təhsilimi başa vurduğum il, Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinə qəbul olunmuşam.Konseravoriyanı bitirdiyim ildən etibarən konseyter kimi çalışmışam.Təxminən 12 il musiqi fəaliyyətimdən sonra Oman ölkəsinin Maskat şəhərində yeni açılmış Sultan KabusUniversitetində Yeni Art Kollecin nəzdində fortepiano müəllimi kimi işə dəvət almışam.8 il orda işlədikdən sonra 2019 – cu ildə Maskat Musiqi Akademiyasının açılması təklifini aldım.Və orda yaradıcı həm də direktor olaraq çalışıram. Bir kitab müəllifiyəm. Bir çox beynəlxalq konfranslarda çıxışlarım olub.Omanda yaşadığım 11 il ərzində xeyli sayda konsertlərin müəllifi olmuşam. Bir çox xarici musiqiçilərlər eyni səhnəni bölüşmüşəm.

- Oman ölkəsinə gəlməyiniz necə baş verdi və neçə müddətdir ki, bu ölkədəsiniz?

- Mən Bakı Musiqi Akademiyasında işlədiyim zamanlarda bir gün mənə dedilər ki, Bakıdan Omanamusiqi müəllimlərini işə dəvət edirlər. Bəlkə sən də müraciət edəsən. Əslində mənim heç bir ölkəyə getmək fikrim yox idi. Daha doğrusu mənə burda oğlumun təhsili ilə bağlı məqam maraqlı gəldi. Çünki bildirildi ki, əgər mən Omandakı bu iş təklifini qəbul etsəm o zaman oğlum da orda beynəlxalq məktəbdə təhsil ala biləcək. O zaman oğlum Bakıda 5 – ci sinifdə təhsil alırdı. Həm də Bakı Musiqi Kollecində də təhsilini davam etdirirdi.Düşündüm ki, oğlumun gələcəkdə daha yaxşı mütəxəssis olması vacibdi. Və mən ilk müsahibədən uğurla keçdim. Beləliklə də mən işə qəbul aldım. 11 ildir ki, buradayam. Nə yaxşı ki, buraya gəldim. Övladım da burada yüksək təhsil aldı.Özüm də musiqi sahəsində dah çox uğurlar qazandım.

– İstənilən halda ilk dəfə bir ölkəyə gələndə müəyyən mənəvi və adaptasiya problemləri olur. Bu mənada Omanda ilk olaraq hansı çətinliklərlə qarşılaşmısınız?

- Deyim ki, ilk 6 ay mənim üçün ağır oldu. Azərbaycan üçün çox darıxırdım. Azərbaycan üçün ağlamışam da. Bu müddət mənim üçün də oğlum üçün də çox çətin keçib. Qaydalara görəmən davamlı 6 ay Omanda yaşamalı idim. Lakin çox darıxdığım üçün 3 aydan sonra mən icazə alıb bir həftəlik Azərbaycana getdim. Azərbaycana gedib qayıdandan sonra sanki bir az özümdə mənəvi rahatlıq tapdım. Daha sonra Bakıya yayda da getdim. Və beləliklə özümdə psixoloji rahatlıq taparaq özümü adaptasiyaya hazırladım. Amma digər çətinliklərim olmadı. Bu ölkədə yaşayıb işlədiyim üçün məmnunam. Yəni burada həyat tərzi və digər məqamlarla bağlı problemlərim olmadı.Yalnız vətən üçün darıxmaq bizə burda çox çətin gəldi.

– Fikrinizcə Oman musiqi mədəniyyəti ilə Azərbaycan musiqi mədəniyyətinin nə kimi oxşar və fərqli cəhətləri var?

-Sualınızı belə cavablandırardım ki, bu mövzuda oxşar heç bir məqam yoxdur. ÇünkiOmanda Musiqi mədəniyyəti o qədər də zəngin olmayıb. Ümumiyyətlə Oman son 50 il ərzində inkişaf etməyən ölkədir.Oman əvvəl çox kiçik bir ölkə olub. Ölkəyə Sultan Kabusun böyük töhfələri olub.Məhz bu ölkədə ali musiqi məktəblərinin yaradılması da Omanın mərhum sultanı, Sultan Kabusun istəyiylə olub.Daha sonra buraya xaricdən müəllimlər dəvət olunub. Mənim buraya gəldiyim il Sultan Kabusun əmri ilə burada Opera Haus adlı çox möhtəşəm bir bina inşa olunub. Burada dünyanın ən tanınmışmusiqiçiləri dəfələrlə çıxışlar edib və bu ənənə davam edir. Omanda daha əvvəllər yalnızfərdi musiqi ilə məşğul olublar.Bizim ölkəmizin musiqi mədəniyyəti əlbəttə ki, Omandan dəfələrlə zəngindir. Biz bunu bütün dünyaya isbat etmişik.Biz dünya miqyasında isbat edə bilmişik ki, bizim musiqi mədəniyyətimiz fərqli , zəngin və özünəməxsusdur.Amma Oman musiqi mədəniyyəti isə hələ indi – indi inkişaf edir.Mən Omanda ilk işə başlayanda buradakı musiqi ilə bağlı ali təhsili görəndə təəccüb elədim. Çünki Omanda ali məktəblərdəki musiqi tədrisi Azərbaycandakı orta məktəblərdəki tədris səviyyəsindədir. Misal üçün tələbə Universitetə qəbul olur lakin pianoda və ya digər bir musiqi alətində ifa edə bilmir. Mən həm də burada Azərbaycan təhsilini təbliğ edirəm. Bu fəaliyyətimi daha inkişaf etdirmək niyyətindəyəm. Deyim ki, Azərbaycan mədəniyyətinə bu ölkədə böyük maraq yaratmağı bacarmışam.

– Siz ölkəmizi layiqincə təmsil edərək ölkəmiz və musiqi adına faydalı işlər görürsünüz və bu biz həmvətənləri sevindirir. Azərbaycan üçün darıxırsınızmı?

- Əlbəttə ki,çox darıxıram. Mən Azərbyaycana, Bakıya çox bağlı adamam. Oğlum uşaq yaşlarından Omanda yaşadığı üçün buraya yetərincə öyrəşib. Lakin mən vətənim üçün hər zaman darıxıram. Mən nə zaman ki, tətil üçün Bakıya gəlirəm hər səhər çox rahat şəkildə yuxudan oyanıram. Lakin Omanda 11 ildir ki, mən hər səhər yuxudan ayılanda qəhərlənirəm. Bu qəribçilik hissidir və təbiidir.Omana nə qədər öyrəşsəm də bu qəribçilik hissi bəzən məni dərs zamanı da xəyalən Bakının küçələrində gəzirəm. Bəzən isə möhkəm kövrəlirəm. Amma mənə təsəlli verən odur ki, mən burada olduğum illərdə ölkəmizi layiqincə təmsil etmişəm. Bunu fərəh və qürurla söyləyirəm. Burada artıq bir simaya çevrilmişəm. Bu gün Akademiyamızda bir çox ölkələrdən tələbələr təhsil almağa gəlir.Onlar hamısı bu Akademiyaya Azərbaycan məktəbi deyirlər. Hətta bir çox adamlar Omanda musiqi təhsili almaq üçün məndən məsləhətlər alırlar.Mən burada tamamilə Azərbaycan musiqi abu havası yaratmışam.Hər zaman konsertlərin əvvəlində Azərbaycan bəstəkarlarının musiqilərinə yer verirəm. İnanın ki, burada bizim musiqiləri çox sevirlər.Daha sonra həmin adamlarda Azərbaycanı görmək arzusu yaranır.Biz burada Azərbaycan mahnılarını da tələbələrə öyrədirik. Və mən Azərbaycanımızı burada təmsil etdiyim üçün çox xoşbəxtəm.Bundan başqa ictimai fəallıqdan da geri qalmıram. Diaspor Komitəsinin xətti ilə Dünya Azərbaycanlılarının Şuşadakı qurultayında da iştirak etmişəm.Mən Şuşada olanda göz yaşlarımı saxlaya bilmədim.Mən çox sevinirəm ki, Qarabağımıza sahiblənmişik.

– Bir peşəkar musiqiçi olaraq necə hesab edirsiniz, bu gün Azərbaycan musiqisi dünyada yetərincə təbliğ olunurmu?

-Bəli, bu gün Azərbaycan musiqi mədəniyyəti dünyada yetərincə təbliğ olunur.Bir musiqiçi kimi biz əlimizdən gələn hər şeyi sözün yaxşı mənasında etməliyik. Bu günə qədərki fəaliyyətimiz bizim üçün yeni başlanğıcdı. Biz bu fəaliyyətimizi daha da çox inkişaf edirəcəyik.

– İstərdim bir az da gələcək planlarınız barədə danışasınız?

- İnşallah Allah imkan verər ki, planlarımızı həyata keçirərəm. Planlarım təbii ki, musiqi ilə bağlıdır. Əsas gələcək planlarım qurduğumuz musiqi Akademiyası ilə bağlıdır.Çünki biz bu Akademiya ilə qısa zaman ərzində çox tanındıq.Yəni tək Omanda deyil daha geniş çərçivədə tanınmağa davam edirik.Bundan başqa Səudiyyə Ərəbistanında da gələn il Musiqi Akademiyasının açılması qərarı verilib.Mənə bu ölkədən də iş təklifi gəlib.Burada qurduğum işləri orada da qurmağımı xahiş ediblər.Onlar mənimləiş müsahibəsi edərkən sual ünvanlamışdılar ki, - Omandakı kimi bizim ölkəmizdə də Azərbaycan musiqisini təbliğ edəcəksinizmi? – Təbii ki, mən də əlbəttə hə dedim.Bildirdim ki, əsas məqsədimiz Azərbaycan musiqi mədəniyyətinin təbliğidir. Bu bir daha isbat edir ki, Akademiyamıza maraq çoxalıb. Beləliklə əsas planlarım sırf Musiqi Akademiyasının daha da inkişaf etməsi ilə bağlıdır. Əlbəttə ki, mən Omandakı təcrübəmdə yeniliklər də oldu. Ümumilikdə çox maraqlı işlər ortaya qoyduq. Gələcəkdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert keçirməyi planlayırıq. Həmin konserti “Azərabaycan gecəsi” adlandırmağı düşünürəm. Mənim iş fəaliyyətim çox gərgin olsa da işimdən hər zaman zövq alıram.

-Müsahibəmizin sonuna yaxınlaşırıq. Sonda musiqisevərlərə və bütün dünya Azərbaycanlılarına demək istədikləriniz varmı?

- Axırıncı sualınıza belə cavab verərdim ki, bu gün biz qalib xalq nümayəndəsi olmaq hissimizi heç vaxt əlimizdən verməyək.Və övladlarımızı da elə tərbiyə edək ki, harda olmağımızdan asılı olmayaraq onlar bizimlə qürur duysun.Çalışaq ki, harda olsaqAzərbaycanımızı ən gözəl şəkildə təmsil edək.Ölkəmizin tarixini, mədəniyyətini yüksək səviyyədə təbliğ etməyi bacaraq.Bu gün bütün dünya xalqları bizimlə maraqlanır. Mən buna şahidəm. Ölkəmizlə bağlı mənə hər zaman suallar ünvanlanır. Mən hətta ölkəmizin mədəniyyəti, mətbəxi barədədəfələrlə müsahibələr vermişəm. İstərdim ki, bütün həmvətənlərimiz hansı ölkə olurlar olsunlar hər zaman Azərbaycanı sevərək və layiqincə təmsil etsinlər.

Sonda sizə və redaksiyanızın kollektivinə də minnətdarlığımı bildirirəm. Sağ olun ki, mənim fəaliyyətimə belə diqqət ayırmısınız. Bir daha sizə böyük təşəkkür edirəm.

- Maraqlı müsahibə üçün biz də sizə təşəkkür edirik. Uğurlarınız daha çox olsun.

 

SÖHBƏTLƏŞDİ : BÜNYAMİN BÜNYADZADƏ