27 Sentyabr 2025 20:00
148
GÜNDƏM

Müharibədən heç kim sağ qayıtmır... - Səxavət Məmməd yazır

27 sentiyabr, ilk atəş bir mərhələnin sonu, yeni bir mərhələnin başlanğıcı idi. Müharibəyə başlamaq, müharibə aparmaq qədər ona hazırlıq da önəmli idi. Azərbaycan aylar öncədən müharibəyə hazırlığa start vermişdi. Ordudan xəbərdar olanlar bilir ki, sonuncu hazırlığa qədər dəfələrlə zabitlər məzuniyyətdən çağrılıb, müharibəyə hazırlıq əmri verilib. Söhbət etdiyim zabitlərdən əksəriyyəti deyirdi ki, bu dəfə də hazırlığa başlamaq lazımdır deyəndə, elə düşünüblər, həmişəki kimi olacaq. Ancaq hazırlıq prosesinin gedişində artıq məsələnin nə qədər ciddi olduğunu hamısı anladığını etiraf edir.

Bəzən deyirlər ki, elə bil Xüsusi Təyinatlılar əlləri ilə qoyubmuş kimi hərəkət edirdilər. Bunun arxasında böyük zəhmət, böyük əziyyət durur. Qarabağın relyefinə bənzər dağlar, dərələr, meşələr, çaylar tapılır, orada təlimlər həyata keçirilirdi. Müharibədə həmin zamana və şəraitə uyğun variantda əməliyyat həyata keçirilirdisə, təlimlərdə bir yüksəkliyin işğaldan azad edilməsi üçün bir neçə variant məşq edilirdi və özü də dəfələrlə. Maraqlısı bilirsiniz nədir? Bu məşqlər daha sonra keçidlər həyata keçirilərək şəxsi heyətə real sahədə də aşılanırdı. Ona görə də, kənardan asan görünənlər əslində böyük zəhmətin nəticəsidir. Düzü, asan olub fikri ilə qətiyyən razılaşmıram, heç vaxt da razılaşmayacam. Niyə?

Çünki qarşı tərəf də müharibəyə ciddi şəkildə hazırlaşmışdı. Müdafiənin bütün komponentlərinə əməl edilmişdi. Ağla gələn, gəlməyən bütün variantda hücumun qarşısının alınması üzərində işlər görülmüşdü. Təsadüfi deyil ki, müharibənin üzərindən 5 il keçib, hələ də "Ohanyan xətti"nin problemlərindən yaxa qurtara bilmirik. Bəziləri iddia edir ki, ermənilər qoyub qaçırdı, zəif idilər, dayan bilmirdilər. Bunu deyənlərin müharibədən zərrə qədər də xəbəri yoxdur. Sual vermək lazımdır ki, əgər elə idisə, niyə görə 44 günə işğal altındakı torpaqların yalnız bir hissəsini azad edə bildik? Azərbaycan ordusu kifayət qədər güclü, hazırlıqlı ordu ilə döyüşdü və qalib gəldi. Qarşı tərəfin əsgərlərinin üzərindəki təchizat, postlarındakı şərait, sursatlar, dolu anmbarlar məsələnin mahiyyətini ortaya qoyur.

Qarşı tərəfi proqnozlaşdırmaq da çox önəmlidir. Hər iki ölkənin kəşfiyyatı bir-birini didik-didik edirdi. Çünki müharibəni proqnozlaşdırmaq üçün informasiya ən vacib elementlərdən biridir. Azərbaycan ordusu informasiyanı bir neçə formada alırdı. Vizual müşahidələr, yerində təsbitlər, casuslardan alının məlumatlar və s. Əsas məsələlərdən biri isə əldə edilən informasiyaları xəritələr üzərində işləmək və dəqiq proqnozlaşdırmaqdır. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat rəisi olmuş polkovnik Eldəniz Namazovla söhbətlər zamanı sual verdim ki, proqnozlarınızın neçə faizi doğru çıxdı? Cavabı belə olmuşdu: Əgər 70-80 faizdən aşağı olsa idi, nəticə belə olmazdı.

Qarşı tərəf də Azərbaycan ordusunu proqnozlaşdırırdı. Məsələyə bu yöndən baxanda, qarşı tərəfin Azərbaycan ordusunu düzgün proqnozlaşdırmadığını deyə bilərik. Erməni tərəfi Azərbaycan ordusunu, quru qoşunlarını bəlkə də düzgün proqnozlaşdırmışdı. Ancaq nəzərdən qaçırdığı xeyli məsələlər vardı. Onlardan ən önəmlisi Xüsusi Təyinatlılar, Daxili Qoşunların, Sərhəd Qoşunlarının, DTX-nın, XKX-nin bölmələrini düzgün qiymətləndirməmək, yaxud bəzilərindən ümumiyyətlə, xəbərsiz olmaları idi. Digər tərəfdən qalib tərəf olmalarının verdiyi arxayınlıq da bunun üzərinə gəlinə bilər. Yeri gəlmişkən, Rusiya sülhməramlılarının bəzi zabitləri də deyirdi ki, bu cür yüksək səviyyədə təşkil olunmuş müdafiə necə yarıldı, darmadağın edildi, bunun məntiqli izahı yoxdur.

Kitab yazmağa hazırlaşarkən, elə indi də, zabitlərlə söhbət edərkən əsas verdiyim sual bu olur - Özünüzü qarşı tərəfin yerinə qoyun, hücumu dayandıra bilrədiniz? Yaxud, məğlub olardınız? Yüksək rütbəli zabitlərin bir çoxu açıq şəkildə deyir ki, o relyef məndə olsaydı, müəyyən istiqamətlərdə geri çəkilərdim, ancaq məğlub olmazdım. Azərbaycan ordusunun bir nömrəli düşməni həm də relyef idi. Məsələyə real yanaşsaq, qarşı tərəf çətin olan relyefi bir qədər də çətiləşdirmişdi. Açığı bu qədər çətinliyə rəğmən necə qalib gəlindi sualının cavabını çox düşünmüşəm. İndiki məqamda özümü də qane edən cavab zabitlərin ağlı, hiyləgərliyi, zamanında edilən risklər, qisas hissi və əsgələrin dəli cəsarətidir.

Tanıdığım zabitlərin 99 faizi Xocalının qisasını almaq üçün hərbçi olduğunu deyirdi. Xocalı soyqırımı zamanında mənəvi-psixoloji baxımdan Azərbaycan xalqının ziyanına işləsə də, zamanla bunun motivasiyaya çevrildiyini gördük. Müharibə vaxtı bölmələrin döyüşə "Xocalının qisasını alacağıq" deyərək getdiyinin şahidi olmuşam. Məsələ təkcə vətən, torpaq deyildi. Ona görə, müharibəyə kompleks yanaşmağın tərəfdarıyam.

Mənim müharibə anlayışım bir qədər fərqlidir. Müharibədə şəhidlərdən başqa hansısa detalın qabardılmasını digər detallara haqsızlıq sayıram. Ordu, xalq və onlara rəhbərlik edən Ali Baş Komandan. Bu üç elementdən birinin zəifliyi nəticəni tamamilə fərqli edə bilərdi.

Bu gün Anım Günüdür. Həmişə dediyim bir söz var. Müharibədən heç kim sağ qayıtmır. Deyir, ölüyə, diriyə də rəhmət düşür. Bütün şəhidlərə rəhmət diləyirəm. Şəhid olan dostlarımı, tanışlarımı nəinki bu gün, hər zaman hörmətlə, sayqıyla anıram.