adalet.az header logo
  • Bakı -°C
20 Aprel 2016 09:03
6073
LAYİHƏ
A- A+

MÜASİRLƏŞƏN MELİORASİYA VƏ İRRİQASİYA SİSTEMLƏRİ

(mövzu əsasında XXI yazı)

Su ehtiyatları və istifadəsi

Azərbaycanda ərazinin relyefi, iqlimi, torpaq-bitki və geoloji şəraitindən, eləcə də onların qarşılıqlı əlaqələrindən asılı olaraq çay şəbəkələrinin inkişafında böyük dəyişikliklər baş verir. Ölkədə mövcud olan çayların hamısı dünyanın ən böyük axmaz hövzələrindən biri olan Xəzər dənizi hövzəsinə mənsubiyyətlə əsasən üç qrupda cəmləşmişdir: Kür çayının öz hövzəsinə mənsub olan çaylar (sol və sağ sahildən tökülən), Araz çayı hövzəsinə mənsub olan çaylar (sol sahildən tökülən) və bilavasitə Xəzər dənizinə tökülən çaylardır. Sonuncu qrup çaylar öz coğrafi mövqeyinə görə bir neçə zonaya bölünürlər. Məsələn, şimal-şərqi Azərbaycanın çayları, Abşeron-Qobustan sahəsinin çayları və Lənkəran sahəsinin çayları təsnifatı ilə. Respublika ərazisində irili-xırdalı çayların ümumi sayı 8359 olmaqla, onların əksəriyyətinin, yəni 7861 çayın uzunluğu 10 km-yə yaxındır.
Azərbaycan qədim suvarma əkinçiliyi diyarıdır. Burada suvarılan torpaqlar kənd təsərrüfatına yararlı torpaq sahələrinin üçdə birini (1432,7 min hektar) təşkil etsə də, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95 faizi bu torpaqlardan götürülür.
Məlumdur ki, bu istiqamətdə aparılan işlərin ölkə iqtisadiyyatının strateji qruplarından biri olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC həyata keçirir. Son illər bu sahədə görülən böyük işlər respublika rəhbərliyinin qayğısının və qurumun nailiyyətlərinin təcəssümüdür. Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi, Naxçıvan şəhər su anbarı və sutəmizləyici qurğular kompleksinin istifadəyə açılması, Füzulidə, Şəmkirdə və respublikamızın digər rayonlarında meliorasiya və irriqasiya sistemlərinin müasirləşməsi ciddi uğurlar sırasındadır.

Kürün sahilində

Söhbətimizə həmişəki kimi Meliorasiya və Su Təsərrüfatı ASC-nin qabaqcıl təşkilatlarından birinin fəaliyyəti ilə davam edirik. Belə təşkilatlardan söz düşəndə, təbii ki, özünəməxsus ənənələri ilə fərqlənən Zərdab rayon suvarma sistemləri idarəsinin də adı inamla çəkilir. Təcrübəli memorator olan Mircəlal Mirzəyev bu idarəyə yaxın vaxtlardan başçılıq etməsinə baxmayaraq yüksək təşkilatçılıq bacarığı ilə ASC rəhbərliyinin etimadını doğrulda bilmişdir. Söhbətimiz zamanı da onun işgüzar əhval-ruhiyyəsi aydınca hiss olunurdu. Son illər idarənin uğurlara yönəlik fəaliyyəti sevinc doğurur. M.Mirzəyev söhbətimiz zamanı deyir:
- İlk olaraq bildirmək istəyirəm ki, "Kənd təsərrüfatı ili" elan olunmuş 2015-ci ildə aqrar sahədə daha yüksək iş qurmaq üçün bu sahə ilə bağlı olan bütün qurumlar, eləcə də meliorasiya və su təsərrüfatı sistemləri böyük ruh yüksəkliyi ilə çalışmışlar. Bizim kollektiv də üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə səy göstərmişdir.
Bu il rayonumuzda 16730 ha taxıl, 18570 ha yonca, 24 ha çəltik, 20 ha qarğıdalı, 1168 ha meşə və tut bağı, 497 ha bostan-tərəvəz bitkiləri, 1932 ha həyətyanı sahələrdə suvarma aparılmışdır. Son illər rayonumuzda əkinçilik daha da inkişaf etmişdir və bu inkişaf bu gün də davam edir. 2015-ci ildə rayon üzrə 2014-cü ilə nisbətən 982 ha yonca, 91 ha bostan-tərəvəz, 38 ha çəltik, 130 ha qarğıdalı ümumilikdə 1241 ha çox sahə əkilmişdir. Əsasən də taxılçılığın inkişafına rayon rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilir və bu il rayonumuzda taxılçılıq üzrə hər hektardan 29,8 sentner olmaqla, ümumilikdə 49 min 850 ton məhsul istehsal edilmişdir. Bu da rayon üzrə adam başına təxminən 1 ton deməkdir.
Aydın həqiqətdir ki, əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan rayonumuzda əhalinin rifahının yaxşılaşdırılması, insanların yaşayış səviyyəsinin yüksəlməsi, ərzaq bolluğunun yaradılması, aqrar sahəsinin dinamik inkişafı kənd təsərrüfatı sektorunda işlərin ahəngdar təşkilindən, əkin sahələrinin bol və keyfiyyətli suvarma suyu ilə təminatından xeyli dərəcədə asılıdır.
Ölkə üzrə builki quraqlıqla əlaqədar kənd təsərrüfatı əkinlərinin suvarılmasında rayonumuzda da müəyyən çətinliklər yaranmış, lakin bu çətinliklər müxtəlif alternativ vasitələrlə aradan qaldırılmış, kənd təsərrüfatı məhsulları istehsalçıları sudan korluq çəkməmişlər.
Aqrar sektorda işlərin ahəngdar təşkili, məhsul istehsalının artması, ərzaq bolluğunun yaradılması üçün əkin sahələrinin suvarma suyu ilə vaxıtnda təmin olunması bütövlükdə bizim kollektivin üzərinə düşür. Keçən il bu məqsədlə 68 nasos stansiyasının 115 aqreqatının gücündən istifadə olunaraq mənbələrdən 389900 min kub metr su çıxarılmışdır.
Orta hesabla taxıl 2 dəfə, yonca 4 dəfə, qarğıdalı, çəltik, bostan-tərəvəz bitkiləri, çoxillik əkmələr və həyətyanı sahələri 5 dəfə suvarılmışdır.
2016-cı ilin məhsulu üçün 16708 ha payızlıq taxıl və 985 ha yonca əkilmişdir. Bundan 15756 hektarında suvarma aparılmışdır.
İlin əvvəlindən idarənin texnikalarının gücü ilə rayonun kəndlərində 476 km uzunluğunda suvarma kanalları lildən təmizlənmiş, 21 nasos, 8 elektrik mühərriki, 2 dizel mühərriki əsaslı, 65 hidrotexniki qurğu, 11 hidropost, 3 mülkü istehsalat binası cari təmir edilmişdir. Son illərdə ölkə prezidenti cənab İlham Əliyevin meliorasiya sahəsinə diqqəti nəticəsində, respublikanın bir çox bölgələrində olduğu kimi Zərdab rayonunda da su təsərrüfatı obyektlərində ciddi yenidənqurma və bərpa işləri həyata keçirilmişdir. 2011-2014-cü illərdə rayonun Pərvanlı, Məmmədqasımlı, Allahqulubağı, Gəlmə, Xanməmmədli, Hüseynxanlı, Qoşaoba, Dəliquşçu, Dəkkəoba, Yarməmmədbağı, Gödəkqobu, Lələağacı, Bıçaqçı, Yuxarı Seyidlər, Sileyli, Alıcanlı, Körpükənd, Burunlu, Qoruqbağı, Yastıyol, Əlvənd, Nəzəralı, İsaqbağı kəndlərinin və Bəyimli qəsəbəsinin su təminatını yaxşılaşdırmaq üçün müvafiq nasos stansiyalarında təmir-bərpa işləri görülmüş, bir neçə nasos stansiyasında yeni, hər cür şəraiti olan xidməti binalar tikilib istifadəyə verilmişdir.
Azərbaycan Hökuməti və Dünya Bankının vəsaiti hesabına həyata keçirilən Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi çərçivəsində Bıçaqçı, Yuxarı Seyidlər və Sileyli kəndlərinin ərazisində "ÇTZ" Sudan İstifadəedənlər Birliyinin (SİB) xidmət etdiyi 3229 hektarı əhatə edən suvarma və drenaj kanallarının bərpası işlərinin 2015-ci ildə başlayaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Layihədə ÇTZ kanalının 7 km hissəsinin yenidən, beton üzlüklü tikilməsi, "Bıçaqçı-4" kanalının 3 km-lik hissəsinin betonla üzlənməsi, digər suvarma kanallarının lildən təmizlənməsi və təmir edilməsi, onlar üzərindəki hidrotexniki qurğuların (səviyyəqaldıran, suburaxıcı şlüzlərin) təmir-bərpası, kollektor-drenaj sisteminin təmizlənməsi nəzərdə tutulur.
2015-ci ilin noyabr ayında təmir-bərpa işlərinə başlanmışdır. Ötən müddət ərzində ÇTZ kanalının 2,5 km-lik hissəsində yeni beton üzlüklü kanalın tikilməsi üçün torpaq damba tam, 3,5 km-lik hissəsində qismən hazırlanmış, bu kanal vasitəsilə payızlıq əkinlərin suvarılmasında fasilələr yaranmaması üçün əlavə olaraq alternativ suötürücü kanal qazılmış və suyun sahələrə verilməsində çətinlik olmamışdır. "Qannıca", "Bıçaqçı-4", "Bıçaqçı-6" kanallarında lildən təmizləmə işləri görülmüş, 12 ədəd hidrotexniki qurğuda tikinti işləri başlanmışdır. Hazırda işlər davam etdirilir.
2015-ci ildə də təmir-bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulmuş, Şəftəxal, Körpükənd və Bıçaqçı kəndləri ərazisində Kür çayında üç üzən nasos stansiyasının, Sileyli, Körpükənd, Burunlu və Alıcanlı kəndləri ərazisində beş stansionar nasos stansiyası binalarının müasir tələblərə uyğun təmiri həyata keçirilmişdir.
Zərdab Suvarma Sistemləri İdarəsinin kollektivi və ölkə rəhbərinin meliorasiya sahəsinə göstərdiyi diqqət və qayğısına cavab olaraq əkin sahələrinin suvarma suyu ilə təmintanın və meliorativ vəziyyətinin yaxşılaşdırılması, mövcud meliorasiya və irriqasiya sistemlərinin qorunub saxlanılması, onların lazımi səviyyədə istismarının həyata keçirilməsi, sahənin gələcək inkişafının təmin edilməsi istiqamətində daha səylə çalışacaq, bütün bilik və bacarıqlarından maksimum dərəcədə istifadə edəcəklər.

Məzahir ƏHMƏDOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ