adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
29 Mart 2024 15:18
1960
MƏDƏNİYYƏT

Möhsün, Nazik, Qədir, Gülümsərov: Üzümüzü güldürən "Ulduz"un 60 yaşı 

“Möhsün yaralanmışdır,
Bir bax, ürəyi qandır.
Doktor dedi ki, yalnız
Nazik ona dərmandır”.

And içərəm ki, “Ay pipiyi qan xoruz” şeirindən əvvəl mən bu şeiri bilirdim. Çünki sovet dönəminin o qayğısız günlərində (biz uşaqlar elə bilirdik ki, qayğısızıq) o şeiri əzbərdən bilməyən, addım başı dilinə gətirməyən yox idi.Axı həm də o vaxt bir televiziyamız vardı, əyləncəmiz də o idi, möcüzəmiz də o idi. Sonra zaman keçdi, bildiyim şeirlərin siyahısı böyüdü, amma o heç vaxt ağlımdan çıxmadı, unudulmadı.
Çünki o bir misra gülməli şeir bir kino möcüzəsindən idi, adi və sadə həyatımızı, təbii hisslərimizi özündə əks etdirən “Ulduz” filmindən.
Elə bilirsiniz, təkcə o şeir parçasımı yaddaşımızda ilişib qaldı? Xeyir!

Gəlin, əvvəlcə filmin yaranması haqqında məlumatlardan söhbət açaq, sonra yenə həmin filmlərdəki fraza və replikalara dönərik. Deməli, 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılan “Ulduz” filmini rejissor Ağarza Quliyev çəkməyə başlayır. Kinokomediya iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışır.

Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub.Bir ildən sonra 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Filmin baxımlı, sevimli, unudulma olmasının ikinci səbəbi Ağarza Quliyevin quruluş verdiyi bu filmdə istedadlı aktyorların yer alması olub.

Tamilla Rüstəmova — Ulduz, Hacımurad Yegizarov — Bəxtiyar, Lütfəli Abdullayev — Məhəmməd, Nəsibə Zeynalova — Züleyxa, Məleykə Ağazadə — Nazilə, Bəşir Səfəroğlu — Gülümsərov, Hacıbaba Bağırov — Möhsün, Səyavuş Aslan — Şubay, Suğra Bağırzadə — Yetər, Bahadur Əliyev — Qədir, Əzizağa Qasımov — Əliş, Nəcibə Behbudova — Tamam, Məmmədsadıq Nuriyev — Bayram, Fazil Salayev — Foto-müxbir və s. Kollektiv şəkildə filmin sevilməsi üçün bütün güclərini səfərbər ediblər.

Elə filmin üzərində işləyənlərin də az əziyyəti olmayıb Ssenari müəllifləri olan : Quruluşçu rejissor Ağarza Quliyev, redaktor Hüseyn Nəcəfov, quruluşçu operator Yuli Fogelmanın əməyini xüsusi qeyd etmək yerinə düşər.

Təsəvvür edin, filmə xüsusi kolorit bəxş edən, canlılıq gətirən Möhsün obrazı xalq artisti Hacıbaba Bağırovun kinoda ilk işi olub, amma görün ssenari müəllifləri bu aktyoru necə ustalıqla tapıb filmdə rol veriblər. Bu çox uğurlu bir detaldır.
Film yeni nümayiş olunan vaxtlar ssenari müəllifləri tez-tez tənqid olunurmuş. Səbəb isə Tamilla Rüstəmova (Ulduz) və Suğra Bağırzadə (Yetər) olub. T.Rüstəmova ilə bağlı irad onun peşəkar aktrisa deyil, televiziya diktoru olması idisə, S.Bağırzadənin də hələ məktəb şagirdi olaraq, filmdə rol alması idi. Amma filmin uğuru bu tənqidləri aradan qaldırdı. İndi isə həmin obrazların yerində başqasını düşünmək mümkün deyil.
Filmin Bəstəkarı Süleyman Ələsgərovdur, librettosu Sabit Rəhmana, mahnıların mətni isə Zeynal Cabbarzadəyə məxsusdur.
Musiqi demişkən, sizi bilmirəm, məni güldürən və kefimi yüksəldən ən maraqlı musiqi Nazilə ilə Möhsünün ABŞ müğənni si Çubbi Çekerin ifasında “ Let's Twist Again” mahnısına oynadıqları hissədir.Hələ oynamağa da əla bir giriş edirlər.
Nazik: Siz “Çarlston” oynaya bilirsiniz?
Möhsün: “Əmr etsəniz lap segah da oxuyaram”.

Yeri gəlmişkən, “O əynindəki kostyumu mənimlə yaşayanda almısan, deməli, yarısı mənimdir”, “Axır ki, bir alim ərə rast gəldim”, “necə də mədəni centlmendir”, “az qala bütün şəhər mənim tanışımdır”, “bilirsiniz necə artistkayam”, “Sən mənim əlimdən heç Elmlər Akademiyasında da qaçıb gizlənə bilməyəcəksən” replikaları ilə yaddaşımıza öz adını yazan mərum Məleykə Ağazadə mediaya açıqlamsında həmkarı haqqında bu sözləri demişdi: “Rollara gələndə, belə idi ki, filmə əsasən tamaşada oynayan aktyorlar dəvət almışdı. Rejissor xüsusilə də üstünlüyü Musiqili Komediya Teatrının aktyorlarına vermişdi.

Mənim tərəf müqabilim Möhsün üçün olduqca çox sayda aktyor sınaq çəkilişlərində iştirak edirdi. Onların arasında istedadlı aktyor Məlik Dadaşov, tamaşada Möhsün rolunu oynayan aktyor İmamverdi Bağırov da var idi. Bir neçə sınaq çəkilişindən sonra quruluşçu rejissor məhz Hacıbaba Bağırovu bu rola təsdiq etdi”.

Mərhum aktyor H.Bağırov yaratdığı obraz haqqında sağlığında danışarkən bu rolun onun heç də çətin olamdığını vurğulamışdı. Lakin operetta üçün film çəkiləcəyini eşidəndə çox həyəcanlanıb.

Beləcə, “Ulduz”un Möhsünü 28 yaşlı Hacıbaba Bağırovun kinoda ilk işi kimi tarixə düşür. Film ekranlara çıxarkən aktyor ilk dəfə özünü izləyəndə çox həyəcanladığını dilə gətirib. Və ilk dəfə olaraq öz rolunu kənardan izləməyin ona xüsusi zövq verdiyini deyib. İlk dəfə ekrana çıxmasına baxmayaraq, H.Bağırov peşəkar kino aktyorundan heç də geri qalmayıb”.
Əzizlərim, bilirsiniz, Hacıbaba Bağırovun “sizə bir dəhşətli sirri açmaq istəyirəm”, “Bağışlayın xanım, mənim ayaqqabılarım sizin nəyinizə lazımdır” kimi sitatları bu gün də məşhurdur.

“Adın nədir? - Məhəmməd,
Sözümüz sözdür? -Əlbət! ” librettosu isə bir daha bu iki aktyorun təkrarsız olduğunu tədiq edir.
Lütvəli Abdullayevin oynadığı Məhəmməd obrazı elə ilk səhnələrdən tamaşaçıya kolorit, gülüş bəxş edir. O, “əcəb qəşəngdir, lap ət tökəndi”, “toyuqqq, fermadandı?!” cəssüm etdirir. “əstafirillah, bu mənim günahlarımdı, qadın cildində düşüb arxamca, qarabaqara məni izləyir” , “sənin kimi qadınlar olmasaydı, bilmirəm bu kişilər nə edərdi” , “Adın nədir? – Züleyxa, Artıq olmazsan?- Yox, aa” kimi duzlu məzəli replikaları ilə filmə şirinlik qatıb.

“Bəxtəvər, bütün Məhəmmədləri doldurub tökmüsən üstünə” “bəxtin gətirib ki, qız olmamısan, yoxsa bu gövdə ilə ömür billah evdə qalardın” , “Kişi görəndə elə bil yumurtlamayan toyuq görürəm ” “A birim yox, b birim yox, C birim də indi qurtardı” deyib tamaşaçıya özünü sevdirməyi bacaran sadə kənd qadını Züleyxa- Nəsibə Zeynalova da öz istedadını filmdə əks etdirə bilib.

Quruluşçu rəssam: Kamil Nəcəfzadə və rejissor: Niyaz Şərifov da sahələrinin mütəxəssisi olub deyə filmə rəngarənglik qata biliblər. Beləki, Filmin əsas çəkilişləri Astara rayonunun Ərçivan kəndində, Ərçivan çayının sahilində baş tutub. Filmin əsas səhnələrindən olan Məhəmmədlə Züleyxanın dialoqu, məhz bu kənddəki ləmdə lentə alınıb. Yeri gəlmişkən 117 yaşlı həmin Ləm artıq təmir olunub. Həmçinin bəzi kadrlar Lənkəranda lentə alınıb. Filmdəki toy səhnəsi kinostudiyanın pavilyonunda, ilk səhnələr isə Mərdəkan qəsəbəsinin Mədəniyyət Sarayında lentə alınıb.
Beləcə bu gün çəkilişindən 60 il, nümayiş olunmasından 59 il ötən “Ulduz filminin bütün kadrlarına yenidən baxmağı tövsiyyə edirik!


P.S. Əziz oxucular, bu filmdə daha hansı replikalar yaddaşınızda kök salıb:” Sağ ol Əliş kişi!”


Əntiqə Rəşid