adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Iyul 2017 15:46
21308
ELM VƏ TƏHSİL

Mikayıl Cabbarov olimpiada qalibləri ilə görüşüb

Bu gün təhsil naziri Mikayıl Cabbarov 49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəblilər, onların müəllimləri və valideynləri ilə görüşüb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təhsil naziri olimpiada qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib, bu uğurların davamlı olacağına və əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına əminliyini ifadə edib.

Nazir 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasının M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının təşkilatçılığı ilə keçirildiyini, iki şagirdimizin bu olimpiadada bürünc medala layiq görüldüyünü xatırladıb.

M .V. Lomonosov adına MDU-nun Bakı filialının kimya fakültəsinin dekan müavini, komandanın rəhbəri İqrar Nəzərov bildirib ki, şagirdlərimiz digər ölkələrin təmsilçilərindən iki-üç yaş kiçik olmalarına baxmayaraq böyük uğura imza atıblar.

Görüşün sonunda 49-cu Beynəlxalq Kimya Olimpiadasının qaliblərinə, komandanın rəhbəri və müəllimlərinə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim olunub.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiadada qızıl medal qazanıb. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər. 49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin qazandıqları uğura görə Azərbaycan 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb.