adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Noyabr 2017 16:51
9767
GÜNDƏM

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Adalet.az Mərkəzi Banka istinadla xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları noyabrın 1-nə 5 200,7 milyon ABŞ dolları təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 33,2 milyon dollar çoxdur.

Bundan başqa Azərbaycanda pul bazası noyabrın 1-nə 8 531,6 milyon manat təşkil edib. Bu rəqəm ötən ayın eyni dövrü ilə müqayisədə 139,6 milyon manat azdır.

Eyni zamanda son 1 ildə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmində 20,4%, avro ilə valyuta əməliyyatlarının həcmində isə 7% azalma baş verib.

Hesabat dövründə valyuta bazarında əməliyyatların 83%-i dollarda, 17%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 24% hissəsi banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

Dollarla BVB-də aparılmış əməliyyatların 58,1%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,6%-ni hüquqi şəxslərə valyuta satışı təşkil edib.