adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Aprel 2019 16:52
24383
ƏDƏBİYYAT

Məmməd Kazımın romanı - Kənan Hacı yazır

Azərbaycan ədəbiyyatındaelə əsərlər var ki, yazıldığı dövrdə və təəssüf ki, ondan sonrakı dövrlərdə dənədənsə diqqətdən kənarda qalıb. Ara-sıra hansısa yazıda, söhbətdə ötərixatırlanan bu əsərlərin ədəbi-bədii, ictimai fikrimizdə əhəmiyyəti haqqında düşünəndəbaşqa bir fikri də xatırlayıb təsəlli tapırıq: zaman hökmən bu əsərlərə özlayiqli qiymətini verəcək. Amma hər şeyi zamanın ixtiyarına buraxası olsaq,onda gərək ədəbi tənqidə ehtiyac qalmasın. Bu günlərdə hörmətli Xalq yazıçımızElçin AzərbaycanYazıçılar Birliyinin Natəvan klubunda "Müasir tənqid və ədəbi proses”mövzusunda məruzə edərkən bu gün haqsız olaraq unudulmaqda olan yazıçı ƏyyubAbbasovun "Zəngəzur” romanını xatırlatdı və bu əsərin böyük tarixi, ictimai və ədəbiəhəmiyyətə malik olduğunu xatırlatdı. Müstəqilliyimizi qazandıqdan sonrakı illərdəzəngin ədəbi təsərrüfatımız yarandı, (söhbət heç bir bədii dəyərə malik olmayanmakulaturadan deyil, ciddi ədəbi sambalı olan əsərlərdən gedir) dəyərli əsərləryazıldı. Bu yazı həmin dəyərli əsərlərdən biri – "Mirhəsən xanın övladları”romanı – haqqındadır.

Romanın ədəbiyyatımızda yeri və ədəbi dəyərihaqqında fikirlərimi bölüşməkdən əvvəl bir neçə zəruri məqamı xatırlatmaq istəyirəm.Bu əsərin müəllifi uzun illərdən bəri Azərbaycan televiziyasında "Hünər”verilişinin yaradıcısı və aparıcısı kimi tanıdığımız şair Məmməd Kazımdır. MəmmədKazım ədəbiyyatımızda xüsusi yeri və çəkisi olan qələm sahiblərindən idi. Müharibə uşaqlarının ağrı-acılarını onun qədəryüksək poetik dillə ifadə etməyi bacaran çox az şairimiz var.

Uşaqdım, qaraldı vaxt bulud kimi,

dava qılıncıyla sınıq düşmüşəm.

İldırım doğrayan şüy palıd kimi

o vaxtdan sevincdən yanıq düşmüşəm.

Bu misralar müharibə haqqında yazılmışonlarla şeirin içindən yüksək səmimiyyətiylə, yaşanmış ağrının poetik ifadəsininorijinallığı ilə seçilir. Məmməd əmi (biz ona "əmi” deyə müraciət edirdik)Qarabağ savaşının ən qızğın çağlarında sözüylə döyüşürdü və nəşr etdirdiyi qəzetinadının "Qala” olması da təsadüfi deyildi. Yeri gəlmişkən, bu ədəbi qəzet o vaxtədəbiyyatda ilk addımlarını atan çox istedadı üzə çıxardı ki, bu gün həminimzalar fəal şəkildə ədəbi prosesdə iştirak edirlər. Mən də ara-sıra Məmməd əmininMasallıda, Güllütəpənin döşündə yerləşən evinə qonaq düşürdüm. Bu görüşlərhaqqında ayrıca yazmışam, təfərrüata varmadan mətləbə keçmək istəyirəm.


Məmməd Kazım bu romana qədər müəyyən nəsr təcrübəsitoplamışdı. 80-ci illərdə "Leytenant Kərimov və dostları” povestini yazmışdı.90-cı illərin əvvəllərində çap olunmuş "Hünər” kitabı yarıbədii, yarısənədlidillə yazılıb. Bu kitaba toplanmış yazılar Böyük Vətən müharibəsində həlakolmuş, əsir düşmüş, ağır yaralanmış həmyerlilərimizin döyüş və tale yollarını əriş-arğacedir, kitab bitkin bir roman təəssüratı yaradır.

"Mirhəsən xanın övladları”nı yazana qədəryazıçı ciddi hazırlıq mərhələsi keçib. Mən bu romanın yazılmasının şahidiolmuşam. Məmməd əminin kənddəki evinin ikinci mərtəbəsində bir otaq da vardı,qonaq-qara çəkilib gedəndən, təbiətin sakitliyi bərqərar olandan sonra o, məhzbu otaqda yazıb-yaradırdı. Məni də həmin otaqla tanış etmişdi. Divar boyu səliqəilə düzülmüş kitablar və yazı masasının üzərində qalaqlanmış əlyazmaları... Bu əlyazmalarınaötəri nəzər salanda bir məqam diqqətimi çəkdi, ağ vərəqlərə yazılanlar şeirnümunələri deyildi. "Məmməd əmi, deyəsənyeni əsər yazırsınız” deyə soruşdum. "Hə, çoxdandı bir roman başlamışam, görəknecə olacaq...” dedi. Hər yay Məmməd əmiyə baş çəkirdim və hər dəfə də romanlabağlı suallar verirdim. "Birinci hissəni bitirmişəm” deyirdi, aradanigarançılığı da üzündən oxunurdu, "bircə bunu bitirə bilsəydim” deyə qayğılıhalda dillənirdi.

Nəhayət, gün gəldi, Məmməd əmi romanıntamamlanmış versiyasını kitab halında nəşr etdirdi. Bu kitab 2013-cü ildə MəmmədKazımın "Seçilmiş əsərləri”nin 3-cü cildi olaraq çap olundu. Nədən bəhs edir buroman? Oxucu əsərdə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanınmaarifçilik hərəkatında önəmli rol oynamış bir nəslin nümayəndələri ilə tanışolur, onların hansı çətinliklərdən, əzablı yollardan keçərək rus imperiyasınınişğalçılıq siyasətinə dirəniş göstərdiyinə şahidlik edir. İran və rusişğalçılarına qarşı döyüşən Mirhəsən xan xəyanət nəticəsində öldürüldükdənsonra rus çinovnikləri aradakı narazılığı aradan götürmək üçün onun övladlarınabir neçə mahalın idarə edilməsini həvalə edirlər. Mirabdulla bəy qardaşları içərisindədaha çox seçilir, Dəştvənd mahalında igidliyi, xeyirxahlığı ilə ad-san qazanır.Mahalda bazar, məscid, məktəb tikdirir, əhalinin əkin-biçinlə məşğul olmasıüçün şərait yaradır. Onun oğlu Mircavad bəy də babasından, atasından gələn ənənənindaşıyıcısı kimi həyatının mənasını xalqına xidmətdə görür.

Əsəri oxumağa başlayarkən obrazlı, ləngərlipoetik dil diqqətimi çəkdi ki, bu da müəllifin şairliyindən irəli gəlir.Romanın fabulasında onun Sankt-Peterburq Universitetinin hüquqşünaslıq fakultəsindətəhsil alması, vətənə qayıdıb öz mahalında pristav kimi fəaliyyət göstərməsi,qaçaq-quldura qarşı mübarizə aparması və digər tarixi olaylar durur. Bu hadisələrinfonunda rus imperiyasının türkdilli xalqlara qarşı məkrli siyasətini açıq-aşkargörürük. Rus imperiyasının general rütbəsinə yüksəltdiyi erməni cəlladıMadatovun bu ərazilərə sahib çıxması, torpaq sahiblərini məhv edərək onlarınmal-mülkünü mənimsəməsi, İrandan və müxtəlif şəhərlərdən öz qohum-əqrabasını cənubbölgəsinə yerləşdirməsi yerli əhalinin hiddətinə səbəb olsa da dinib-danışabilmirdilər. Yazıçı yazır:

"General yerli əhalinin qüvvəsini səfərbəredib Xocavarla Çayaxarlı kəndləri arasında öz qohumuna usta Karapetin əlləriləgeniş otaqları olan ikimərtəbə mülk, böyük ərazini əhatə edən qala tikdirdi.Alvadı, Xocavar, Banbaşı və Yankənd ərazilərindən əkin sahələri verilməsi, Viləşçayından başlayaraq onlarla kilometr məsafədən keçən su arxı çəkilməsi,Alvadıda dəyirman və Xocavarda çəltiyi düyüyə çevirən sudingi tikilməsi dəMadatovun simli qamçısının hərbə-zorbasının və kürəklərdən zol qoparan zərbələrininbəhrəsiydi”. (səh. 221)

Mircavad bəy belə bir mürəkkəb şəraitdəpristav kimi öz xalqının mənafeyini qoruyurdu, dəfələrlə həyatını təhlükəaltına atsa da mübarizəsindən geri çəkilmirdi. Mircavad bəyi ermənilərin hiyləsindənçox sapı özümüzdən olan baltaların zərbəsi daha çox ağrıdırdı, dəfələrlə onlaragüzəştə getsə də namərdliklərindən qalmırdılar. İslaholunmaz quldur Nərullakasıb kənd camaatından vergi tələb etməklə soyğunçuluqla məşğul olur, əhaliyəqan uddururdu, Hartunla şərab alverində şərik idilər, ona silahqaçaqmalçılığında da altdan-altdan yardım edirdi. Mircavad bəyin başçılığı ilə"Qaban ovu” əməliyyatında Nərulla və dəstəsi zərərsizləşdirildi. Kənd camaatı,quldurlardan ziyan çəkmiş kasıb kəndlilər əsir götürülmüş quldurların üzünə tüpürürdülər. Rusçinovniki, mayor İlinski qəza rəhbərliyinin Hartunun qalaçasında axtarışaparmasına imkan vermədi.

Əsərdə Azərbaycan tarixinin ibrətamiz məqamlarıəksini tapıb. Məsələn, Mircavad bəyin atası Mirhəsən xan 1826-cı ilin iyulundarus zabitlərinin yerlərdə azğınlığına etiraz əlaməti olaraq imperatora qəzəb vəhiddətini əks etdirən bir məktub yollamışdı və imperiya başçıları tərəfindənaldığı polkovnik poqonlarını qoparıb ayaqları altına atmışdı. Namusuna and içmişdiki, nə qədər qolunda qüvvət var, rus qoşunlarına dinclik verməyəcək. Bunun üçünTəbrizə yollanıb Abbas Mirzə ilə görüşür və ondan bütün keçmiş düşmənçiliyiunutmağı və düşmənə qarşı vuruşda kömək istəyir. Abbas Mirzə acı həqiqəti diləgətirir: "Bizim fəlakətimiz ölkənin xırda xanlıqlara parçalanmasına imkanverdiyimiz illərdən başladı. Sonra xanların hər biri müstəqil yaşamağa cəhdgöstərdi. Elə birisi sizin rəhmətlik atanız. (Mirmustafa xan nəzərdə tutulur. –K. H) Rus imperiyasına inanıb bizə arxa çevirdi. Aldığı kömək də ondan ibarətoldu ki, xanlıq yerlə-yeksan edildi, ərazsinin sərvətləri talanıb aparıldı”. (səh.266-267)

Yazıçının tarixi roman janrına müraciət etməkdəməqsədi bu günün problemlərini keçmişin işığında təcəssüm etdirməkdir. Romanı oxuduqcababalarımızın tarixi səhvlərini görür və bu səhvlərin sonralar acı nəticələrə gətiribçıxardığını təəssüf hissiylə xatırlayırıq. Abbas Mirzə bu sözləri deyəndə Mirhəsənxan xəcalət hissi keçirir və deyir: "Atamın ən böyük səhvi də onda olmuşdu. Hərhalda bu səhvin cəzasını biz artıqlaması ilə almışıq”.

Əlbəttə, Abbas Mirzə haqlı idi. Qarabağxanı İbrahim xanın və ailəsinin xəyanət nəticəsində qətlə yetirilməsi tarixin ənböyük ibrət dərsidir. Gəncə xanı Cavad xanın son nəfəsədək işğalçı çar ordusunaqarşı döyüşüb həlak olmasını xatırlayın. Siz bu romanda Cavad xanın Mirmustafaxana yazdığı məktubla da tanış olacaqsınız.

Mirhəsən xan da acı məğlubiyyətdən yaxaqurtara bilmədi, o da xəyanətin qurbanı oldu. Romanı oxuyub bu xəyanətin kökləriylətanış olacaqsınız. Xəyanətlər Mirhəsən xanın nəslini qarabaqara izləmişdi.37-ci ilin repressiya dalğası xanın övladları Mirabdulla bəyi də, Mircavad bəyidə gedər-gəlməzə yolladı. Bu ürəkgöynədən məqamlar da romanda öz əksini tapıb.Ümumiyyətlə, əsərdə baş verən hadisələr bütöv bir əsr boyunca (XIX əsrin əvvəllərindənXX əsrin ortalarına qədər) xalqımızın başına gətirilən fəlakətləri əhatə edir.

Əsərin sonuncu fəsillərindən birindəMircavad bəyin sürgündəki dövrü təsvir edilir, dustaqlar Sibir meşəsində gövdəlibir ağacı mişarla kəsib aşırdırlar və sonra onun qol-budaqlarını kəsib-doğrayırlar.Ağac simvolik bir obrazdır, müəllif burada Mircavad bəyin həyatına, ömür yolunaişarə edir. O da köklü-köməcli bir ağac idi, baltanı kökündən vurub ucalığını əlindənaldılar.

Müəllif romanı yazarkən arxivlərdə cidditarixi araşdırmalar aparmış, son dərəcə əhəmiyyətli məlumatlar əldə edərəkonlardan yaradıcı surətdə faydalanıb romanın süjetində istifadə edib. Bu daromanın çoxşaxəli yozumuna və təhlillərə meydan açır. Ümumiyyətlə, Məmməd Kazımbütün yaradıcılığı boyu itkin taleləri axtarıb tapmaqla, onların obrazını bədiisözün vasitəsilə əbədiləşdirməklə məşğul olub. Bu, onun üzərinə düşən ədəbimissiya idi və "Mirhəsən xanın övladları” romanı da tarixi əhəmiyyətibaxımından yazıçının yaradıcılığının zirvəsi sayıla bilər. Müəllif əsəri yazarkənçarpaz üslubdan (yarıbədii, yarısənədli) istifadə edərək janr xüsusiyyətlərindənkənara çıxmadan tarixi faktlarla yazıçı təxəyyülünü ustalıqla uzlaşdırıb.Tarixi hadisələr romanda yenidən müəllif strategiyasına uyğun qurulub və vahidsüjet xəttinə tabe etdirilib. Bu da olduqca çətin və eyni zamanda məsuliyyətlibir işdir. Türk ədəbi araşdırmaçısı Semih Gümüş yazır ki, "təbii, roman heçvaxt tarixin özü olmayacaq, amma hər halda gələcəkdə tarixin ən çox dəyər verilənvicdanı sayılacaq”. Tarix roman sənəti üçün həmişə açıq meydandır, yazıçı təxəyyülüistənilən zamanda bu meydanda cövlan edə bilir.

Məmməd Kazım şair kimi tanınıb, qəbulolunub. Bu romanda isə onun dilin incəliklərinə, xalq dilinə, folklora, xalqınməişətinə, etnoqrafiyasına, gələnəklərinə nə qədər dərindən bələd olduğunugörürük. Mircavad bəyin Sankt-Peterburqda təhsil alarkən Yasnaya Polyanayagedib Lev Tolstoyla görüşməsi son dərəcə inandırıcı boyalarla təsvir edilib.Yazıçı Tolstoyun yaşadığı mülkü xırda ştrixlərinə qədər elə ustalıqla qələməalıb ki, biz sanki kadrlarda o tarixi görüşü seyr edirik. Hər şey Mircavadın təhsilaldığı üniversitetdə böyük şərqşünas alim Mirzə Kazım bəylə bağlı tədbir keçirməkhaqda təşəbbüs irəli sürməsindən başlamışdı. Rəhbərlik bu təşəbbüsü müsbətqarşılayır və həmin tədbirdə Mircavad bəyin məruzəsindən sonra Lev Tolstoyun zövcəsi Sofya Andreyevna da ərininadından çıxış edir və tədbir bitdikdən sonra onların arasında belə bir dialoqbaş verir:

-Lev Nikolayeviçin sizin kimi tələbələrlə,gənclərlə görüşə həmişə ehtiyacı var. Vaxt tapan kimi əminizlə mütləq YasnayaPolyanaya gəlin.

Cavad Tolstoyun xanımına belə cavab verir:

-İndi ki, dəvət edirsiniz, məmnuniyyətlə gələrik.

Mirzə Kazım bəy Tolstoyun təhsil aldığı illərdəuniversitetdə iki il ona şərqşünaslıqdan dərs demişdi, böyük yazıçının onaolduqca böyük rəğbəti vardı. L. Tolstoyun Şərqlə bağlı düşüncələrininformalaşmasında Mirzə Kazım bəyin əvəzsiz rolu olmuşdu. Bütün bu mətləblərromanda geniş və əhatəli şəkildə öz əksini tapıb. Zənnimcə, "Mirhəsən xanınövladları” Azərbaycan nəsrində yeganə əsərdir ki, orda Lev Tolstoyun vəxanımının dolğun obrazı yaradılıb.

Siz bu romanda Stalinin, Mircəfərin qanlıobrazını da görəcəksiniz. Millətimizin tərəqqisi, maariflənməsi üçün canından,malından keçmiş insanların işıqlı obrazları ilə rastlaşacaqsınız. Romanı biryazı çərçivəsində ədəbi tənqidi prizmadan dəyərləndirmək, təhlil etməkmümkünsüzdür. Bu əsər konseptual yanaşma tələb edir. Bu yazı sadəcə, tanıtımxarakteri daşıyır və məqsəd ədəbi tənqidin diqqətini bu romana yönəltməkdir.

Çox istərdim ki, bu roman yenidən nəşrolunsun. Çünki geniş oxucu kütləsi və həm də çox təəssüf ki, ədəbi ictimaiyyətbu romandan xəbərsizdir. Halbuki bu əsər bütün parametrlərilə ədəbi prosesinfaktına çevrilməyə layiqdir.