adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Sentyabr 2014 01:38
15899
LAYİHƏ

Lerik - dağların gözəl diyarı

(Əvvəli ötən sayımızda)

Vətəndaşların müraciətləri nəzərə alınaraq rayon icra hakimiyyətinin daxili imkanları hesabına rayonun 12 kəndində məktəb binaları, 3 kəndində uşaq bağçaları, 6 kəndində tibb məntəqələrui, 4 kəndində ağsaqqallar evi, dairə Seçki Komissiyası üçün inzibati idarə binası, Uzunömürlülər muzeyi inşa edilərək istifadəyə verilmişdir.
İş adamları tərəfindən Lerik şəhərində 2 şadlıq sarayı, Lənkəran-Lerik yolu boyunca və rayonun digər ərazilərində 12 turizm istirahət əyləncə mərkəzi, onlarca ticarət və iaşə obyektləri, Piran kəndində kərpic, qum, çınqıl zavodu və broyler fabriki, Peştətük kəndində çörək zavodu, Lerik şəhərində iki çörək sexi, süfrə suları istehsal edən sexlər inşa edilmişdir.
Rayonda 30-a yaxın məktəb binası, səhiyyə obyektləri, mədəniyyət müəssisələri və digər ictimai və kommunal binalar əsaslı təmir edilmişdir.

Lerik şəhəri yenidən qurulur

Lerik şəhərinin yenidən qurulması, şəhrdə park və xiyabanların salınması rayonun inkişafına bariz nümunədir. Şəhərin İ.Yaqubov, E.Qarayev küçəsində yeni istinad divarları, səkilər inşa edilmiş, işıqlandırma sistemi yenilənmiş, ərazidə yol genişləndirilmiş, yeni tikilmiş divarların ağlay daşlarla üzlənməsi üçün işlər sürətlə davam etdirilir. H.Aslanov küçəsindəki istinad divarları ağlay üzlük daşları ilə üzlənir, şəhərin işıqlandırma sistemi yenidən qurulur, səkilərə tametlər döşənir, park və xiyabanlarda bəzək ağacları, gül kolları əkilir. Daxili imkanlar hesabına XV-XVI əsrə aid "Xəlifə Zəkəriyyə" türbəsinin ətrafı abadlaşdırılır, ərazi milli ornamentlərə uyğun olaraq hasara alınır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə iyun 2008-ci ildə Lerik qəsəbəsinə şəhər statusunun verilməsi Lerik şəhərinin daha da abadlaşmasına, şəhərdə infrastrukturun yenilənməsinə, yeni müasir tikintilərin aparılmasına şərait yaratmışdır.
Şəhərdə iş adamları tərəfindən bazar, bank binası inşa edilmiş, büdcə vəsaiti hesabına rayon mərkəzi xəstəxanası, mədəniyyət evi, 4 tam orta məktəb, şəhər incəsənət məktəbi əsaslı təmir edilmişdir. Lerik şəhərində çörək zavodu, şadlıq sarayı, mebel sexi, ticarət və iaşə obyektlərinin inşasında iş davam etdirilir.
Cənab Prezidentin tapşırığı ilə, Dünya bankının ayırdığı 28 milyon manat vəsait hesabına Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı bir sıra işlər həyata keçirilmiş, 19 kilometrlik Qosmalian-Lerik yüksək təzyiqli magistral su xətti, şəhərdaxili su və kanalizasiya xətlərinin bir hissəsi quraşdırılmış, bir neçə məhəllədə su tutarları inşa edilmişdir. Tikinti zamanı şəhər təsərrüfatına, mövcud şəhərdaxili su xətlərinə ciddi ziyan dəymişdir.
Lerik şəhərinin və eyni zamanda ayrı-ayrı yaşayış məntəqələrinin su ilə bağlı problemlərinin həlli ilə bağlı Nazirlər Kabinetinə, "Melorasiya və Su Təsərrüfatı" ASC-nə, "Azərsu" ASC-nə müraciətlər edilmişdir. Yəqin ki, yaxın vaxtlarda problem həll olunacaq.

Yol həm mədəniyyətdir,
həm iqtisadiyyat

Lerikdə yol tikintisinə xüsusi fikir verilir. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2012-ci il tarixli Sərəncamı ilə 26 kilometrlik Lerik-Qosmalian-Kəlvəz avtomobil yolu inşa edilmiş, 14 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə isə 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılmışdır. Yolun 20 kilometri asfalt örtüyünün çəkilməsinə tam hazırlanmış, 13 kilometr yol asfaltlaşdırılmışdır.
Rayon icra hakimiyyətinin daxili imkanları və ayrı-ayrı iş adamlarının, kənd sakinlərinin köməyi ilə vaxtaşırı olaraq kəndarası yollarda təmir-bərpa işləri aparılır. Livədirqə, Murya, Haftoni, Almu kəndlərində çayların üzərində körpülər inşa edilmişdir. Körpülərin tikintisinə 280 min manatdan yuxarı vəsait xərclənmişdir. Livədirqə, Murya və Almu kəndlərinə gedən körpülərin tikintisi Milli Məclisin deputatı, hörmətli İqbal Məmmədovun yaxından köməyi ilə həyata keçirilmişdir.
Əhalinin müraciətləri nəzərə alınaraq Dövlət Neft Şirkəti tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına 24 kilometrlik Piran-Hamarat-Vijaker avtomobil yolunda qayalar partladılaraq yol genişləndirilmiş, yolda əsaslı təmir işləri aparılmışdır. Yeni Dövlət Proqramında yolun tikilməsi tədbirlər proqramında nəzərdə tutulmuşdur.

Tolerantlıq və tədbirlər
də diqqət mərkəzindədir

Lerikdə dini dözümlülüyün təmin edilməsi məqsədi ilə dini icmalarla əlaqəli işin qurulması təmin edilmişdir. Milli-mənəvi dəyərlərimiz olan dini ibadət yerləri, məscidlər və ziyarətgahların bərpası diqqətdə saxlanılmışdır. Lerik şəhər məscidində təmir bərpa işləri aparılmış, yeni minarələr ucaldılmış, həyətinə asfalt döşənmiş, ərazidə 400 yerlik xeyir-şər evi inşa edilmişdir. Toy və yas mərasimlərinin keçirilməsinə kömək məqsədilə hər cür avadanlıqlarla təchiz edilmiş 150 yerlik çadır alınaraq rayon sakinlərinin istifadəsinə verilmişdir. Hazırda Gürdəsər kəndində 300 yerlik xeyir-şər evinin tikintisində son tamamlanma işləri aparılır.
Keçən altı ay ərzində rayonda bu sahədə görülmüş işlərlə tanışlıq və əhalinin müxtəlif təbəqələri ilə görüşlərin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Dövlət müşaviri Kamal Abdullayev və Administrasiyanın baş məsləhətçisi Vəfadar Bağırov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitə sədrinin birinci müavini Səyyad Salahlı (Aran) rayonda olmuşdur.
Azərbaycan Respublikası Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə may ayında Lerik rayonu və digər 5 rayonun sakinləri ilə görüş-qəbul keçirilmiş, rayonun 250 nəfərdən yuxarı sakini nazir, nazir müavini və digər şöbə müdirlərinin qəbulunda olmuşlar. Vətəndaşların etdiyi müraciətlərin araşdırılması ilə bağlı nazirliyin mütəxəssisləri tərəfindən işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayonun sosial-iqtisadi inkişafı ilə bağlı 22 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramının vaxtında icra edilməsindən ötrü rayon icra hakimiyyəti tərəfindən ayrı-ayrı əlaqədar yuxarı dövlət orqanlarına müraciətlər edilmişdir.

Səxavət Məmmədli
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun  maliyyƏ yardımı ilƏ